Bakı nefti büdcədəki baza qiymətindən 1,5 dollar ucuz satılır; “qara qızıl”ın qiyməti 50 dollara qədər enərsə, ölkədə iqtisadi təlatümlər qaçılmaz ola və ölkə iqtisadiyyatı çökə bilər
  miri/Aran Agentliyi
ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar Departamentindən APA-ya verilən məlumata görə, iyunun 19-da keçirilən hərraclarda “Azeri Light” markalı neftin 1 bareli 7 sent bahalaşaraq 98,45 dollara satılıb. Bu isə neftin büdcədəki baza qiymətindən 1,55 dollar azdır. 2012-ci ilin dövlət büdcəsində neftin baza qiyməti bir barel üçün 100 dollar səviyyəsində müəyyən edilib.
 
 
 
Yada salaq ki, 2012-ci ilin dövlət büdcəsi layihəsində neftin baza qiyməti 80 dollar həddindən götürülmüşdü. Bu ilin mayında dövlət büdcəsinə dəyişiklik edildi və neftin baza qiyməti 100 dollar götürüldü. Eyni zamanda büdcənin gəlir və xərcləri 600 milyon manat artırıldı.
 
Yəqin ki, hökumət neftin qiymətinin 100 dollardan yüksək olacağını proqnozlaşdırırdı. Ancaq bu nikbin proqnozun heç bir əsası yox idi. Xüsusilə o halda ki, nüfuzlu analitik mərkəzlər neftin ucuzlaşma ehtimalının kifayət qədər yüksək olduğunu vurğulayırdılar. Bunun üçün kifayət qədər iqtisadi əsaslandırma da mövcud idi - Avropa Birliyi ölkələrində və ABŞ-da borc böhranı genişlənməkdədir. Təbii ki, borc böhranın genişlənməsi iş yerlərinin itirilməsi və enerji resurslarına olan tələbatın azalması ilə müşayiət edilir ki, bu halda neftin ucuzlaşması qaçılmaz olur. Analitik mərkəzlər neftin 50 dollara qədər ucuzlaşma ehtimalını qabartdıqları dönəmdə hökumət neftin baza qiymətini 80 dollardan 100 dollara qaldırdı. Budur, artıq neftin dünya bazarında qiyməti ucuzlaşmağa başlayıb. Ekspertlər payız aylarında bu tendensiyanın daha da güclənəcəyini bildirirlər.
 
Dövlət büdcəsində neft sektorunun payının 75 faiz olmasını nəzərə alsaq, neftin ucuzlaşmasının ölkə iqtisadiyyatına birbaşa təsir edəcəyini təxmin etmək olar. Əgər neft sürətlə ucuzlaşmaqda davam edərsə və 50 dollar səviyyəsinə enərsə, bu, büdcə böhranına səbəb ola bilər - büdcə gəlirlərinin kəskin artması büdcə kəsirinin kəskin artımına gətirib çıxaracaq. Düzdür, hökumət valyuta ehtiyatları hesabına bu kəsiri ört-basdır etməyə çalışacaq. Ancaq nəzərə almaq lazımdır ki, 2008-ci il böhranından fərqli olaraq indi Azərbaycanda neft hasilatı azalmağa doğru gedir. Üstəlik də bp vasitəsilə çıxarılan neftin həcmində də azalmalar var.
 
Bir sözlə, neft dollarlarının axını bir neçə ilə bitə bilər. Yəni istənilən halda neftin ucuzlaşması və qlobal böhranın sərhədlərinin genişlənməsi Azərbaycan iqtisadiyyatı üçün yaxşı perspektiv vəd etmir. Ancaq hökumət hələ ki bunun fərqində deyil - neft pullarını qısa müddət ərzində hesabdan silməyə çalışırlar. Neft ucuzlaşmaqda davam edəcəksə, hökumət nəinki büdcə böhranı, hətta sosial-iqtisadi böhranla da üzləşəcək. Çünki nefti çıxanda Azərbaycan iqtisadiyyatında heç nə qalmır - büdcənin 75, ixracın isə 93 faizi neftin payına düşür.