Bu gün bizim vəzifəmizin nə olduğunu İmam Hüseynin (ə) hərəkatından öyrənməyə çağırıram
  /Aran Agentliyi
 
  Vicdan məhbusu dindar Ağaəli Yəhyayev Azərbaycan dindarlarına məktub ünvanlanıb.
  Məktubun mətni:
  Salam əziz dindar bacı və qardaşlar. Əvvəla adını şüar edərək yaşadığımız ağam İmam Hüseynin (ə) mövludu münasibəti ilə hər bir Hüseyn (ə) aşiqini təbrik edirəm. Allahdan diləyim odur ki, “hüseynçiyik” deyiriksə onun yolunu ona layiq şəkildə davam etməyi bizə nəsib etsin.
  Bildirməliyəm ki, ictimai vəzifələrimizdən qaynaqlanan hadisələrin nəticələrinin kifayət qədər ürək açıcı olmaması, zindanda olan dindarları, ələlxüsus məni çox narahat edir. Siyasi biliyim olmadığına görə çox dərin açıqlama verə bilməyəcəyəm. Amma bir şeyi çox gözəl bilirəm ki, Azərbaycan möminləri çox sayda dindarın həbs olunmasına baxmayaraq, susaraq bir guşəyə çəkilməli deyildilər. Haqlı etirazlarını bildirməli idilər.
  Bu günkü vəziyyəti təhlil edərkən, biz əli-qolu bağlı dindarlardan artıq çox vicdan əzabı çəkirik. And olsun Allahın izzətinə, Allah bizə hər-hansı anda azadlıq nəsib edərsə, Hüseyn ibni Əlinin (ə) davamçıları olaraq bu hərəkatın süstləşməsinə, aram qalmasına icazə verməyəcəyik. İnşallah bu arzumuz həyata keçər. 
  Bu gün bizim vəzifəmizin nə olduğunu İmam Hüseynin (ə) hərəkatından öyrənməyə çağırıram. Onun uğuru təkcə şəhid olmağında deyildir. Amma uğura gedən yol şəhadətdən keçirsə, o zaman heç tərəddüd etmədən “... ey qılınclar, doğrayın məni!” demək lazımdır. Salam olsun o ölümə ki, Allah yolundadır. Bizim günümüzdə də hədəf zindan olmamalıdır. Buna baxmayaraq zülmə etiraz etməyin müqabilində zindan dayanırsa, o zaman heç tərəddüt etmədən “Ey dəmir barmaqlıqlar, əhatələyin məni!” demək lazımdır. Salam olsun o məhbəsə ki, Allah yolundadır.
  Susaraq, zillət libası geyinmək bizlərə yaraşmaz. Bu İmam Hüseyn (ə) ideologiyasına ziddir. İmam Hüseyn məktəbində ruhiyyələr “Zillət bizdən uzaqdır!” şüarı ilə daim oyaq olmalı və mübarizəni heç bir bəhanə ilə əldən verməməlidir.
  Məhbusların çəkdikləri iztirab və çətinliklərin yerdə qalmaması üçün, İslamın qalib olması üçün dindarlar qanuni hüquqlarından istifadə edib sivil mitinqləri, mədəni şəkildə etirazlarını davam etdirməli idilər.
  Bu müqəddəs yolda məhbəsdəki övladlarına dəstək olan valideynlərə öz sonsuz təşəkkürümü bildirirəm. Dustaqların ailələrinə, xanımlara isə xanım Zeynəb (ə) mətanətini və şücaətini arzulayıram.
  Bir daha bayramınız mübarək. Ağam İmam Zaman (ə.f.) yanında başı aşağı, üzü qara olmamaq diləyi ilə.
  13.02.2010 tarixdə həbs edilmiş dindar Ağaəli Yəhyayev.
  Ramana, 16 saylı cəzaçəkmə müəssisəsi
  İslamazeri.az