Tarix : 2012 Jun 23
Kod 31113

Haqsızlığa, zülmə etiraz etmək ən ümdə vəzifəmizdir

“100 minlik” imza kampaniyasını təsis edənlərin və bu aksiyaya dəstək verənlərin tövbələri o vaxt qəbul olar ki, kəfənlərini geyinib meydanlara çıxsınlar
/Aran Agentliyi

Bu dəfəki müsahibimiz 6 may 2011-ci ildə ikinci “Hicaba azadlıq” aksiyasında həbs olunmuş ruhani Hacı Tale Bağırovdur

 

Hacı salam. Zindan həyatı necədir?

- Mən özümü zindanda hesab etmirəm.

 

6 may aksiyasından sonra tutulmusunuz. Aksiyada əsas məqsəd nə idi?

- 6 may aksiyası xalqın yaddaşından heç vaxt silinməyəcək. Polisin vətəndaşlara qarşı o dərəcədə zor tətbiq etməsi heç vaxt unudulmayacaq. Birinci növbədə vəzifəmiz üzərimizə düşəni etməkdir. Haqsızlığa, zülmə etiraz etmək, İslam dəyərlərini qorumaq ən ümdə vəzifəmizdir. Şübhəsiz ki, atdığımız addımlarda hicaba qoyulmuş qadağanın həll olunmasına ümid etmişik. Amma bundan da önəmlisi hicabın qorunması uğrunda atılan addımlardır. Bəziləri aksiyaların hicab problemini həll etmədiyini deyir, bizə irad tuturlar. Həqiqətdə bu iradı edənlərin ya tarixdən anlayışı yoxdur, ya da bu iradların arxasında qərəzli mövqelər yatır. Bildirmək istəyirik ki, imamət və vilayət yolunun ilk şəhidəsi İslam peyğəmbərinin (s) əziz qızı xanım Zəhra (ə) 18 yaşında olmasına baxmayaraq vilayət və imamət yolunun təhlükədə olduğunu görəndə öz haqq səsini ucaltdı, mübarizəyə qalxdı. Amma qəsbkarlar həzrətin haqq səsinə, mübarizəsinə tab gətirməyib onu şəhadətə çatdırdılar. Xanım Zəhra (ə) bu haqq mübarizəsi ilə haqqı sahibinə qaytara bildimi?! O boynuna düşən vəzifəni icra etdi və bütün müsəlmanlara haqsızlığın, zorakılığın müqabilində durmağı göstərdi. Ən əsası müsəlmanlara öz vəzifələrinə əməl etməyin zəruriliyini bəyan etdi.

 

Dünya praktikasına baxdıqda görürük ki, xalqın etirazı problemlərin həll olunmasına gətirib çıxardır. Azərbaycanda təhsil müəssisələrində hicaba qoyulmuş qadağaya 2 etiraz aksiyası keçirildi. Nəticədə hicab qadağası həll olunmalı deyildimi? Sizcə nə səbəb oldu ki, hicab qadağası həll olunmadı?

- Hicab qadağasının qaldırılmamasının səbəbini cəmiyyətdə aksiyalar zamanı və aksiyalardan sonra yaranmış mübarizə ruhiyyəsinin, əzmin qarşısında maneə olan müəyyən addımlarda görürəm. Bunlardan ən əsası isə Quran və Əhli-Beyt sünnəsindən uzaq olan zalım rejimə beyət sayılan “100 minlik” imza kampaniyasıdır. Bu kampaniyanı təsis edənlər və bu aksiyaya dəstək verən qurumların tövbələri o vaxt qəbul olar ki, kəfənlərini geyinib meydanlara çıxsınlar. Haqq səslərini ucaldıb həbs olunan qardaşlarının, hicab məhbuslarının apardığı mübarizəni davam etdirsinlər.

 

Hicab qadağasının həllini indiki durumda nədə görürsünüz?

- Bütün dünyada baş verənlər və ölkə daxilində gedən proseslərdən belə qənaətə gəlmək olar ki, hicaba qoyulmuş qadağanın aradan qaldırılması üçün yalnız sivil, dinc aksiyalardan istifadə etmək lazımdır. Necə ki, bir müsəlman ana və bacısını zalım hökumətə, onun başçısına və məmurlarına etibar etməz, eləcə də İslam dininin zəruri ayini olan hicabı da onlara etibar etmək olmaz. Zalıma yalvarmaq isə zillətdən başqa bir şey deyildir. İnşallah yaxın gələcəkdə bu problem izzətlə həll olacaq. Necə ki sökülməsinə qərar verilmiş Xanım Zəhranın (s.ə) adına olan məscid izzətlə, şərafətlə, ləyaqətlə müdafiə olundu və verilmiş qərar ləğv edildi.

İslamazeri.az

 

  • Yazılıb
  • da (də) 2012 Jun 23