Tarix : 2012 Jun 24
Kod 31116

''Atəşkəsin pozulmasında həm Azərbaycan, həm də Ermənistan maraqlıdır''

Atəşkəs əvvəllər də pozulub, lakin son günlər atəşkəsin pozulması hallarının artması bir qədər həyəcan yaradır – həm bölgədə, həm də dünyada
/Aran Agentliyi

 

Tehran radiosu

 Atəşkəs əvvəllər də pozulub, lakin son günlər atəşkəsin pozulması hallarının artması bir qədər həyəcan yaradır – həm bölgədə, həm də dünyada.

SalamNews-un verdiyi məlumata görə bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, 2012-ci ilin əvvəlindən hər iki tərəfdən 10 nəfər əsgər itkisi olubsa, mayın sonunda, bir neçə gün ərzində hər iki tərəf 10 nəfərdən artıq itki verib və bu hal təsadüfi deyil.

Atəşkəsin bu cür intensiv pozulması ABŞ dövlət katibi Hillari Klintonun bölgəyə səfəri ilə bağlı idi. Bəzən biz (politoloqlar – SalamNews) şərhlərimizdə bir qədər ehtiyatlı oluruq və “Atəşkəsi kim pozub?” sualını cavablandırarkən ehtiyatlı davranmağa çalışırıq. Lakin bu məsələyə soyuqqanlı yanaşsaq, atəşkəsin pozulmasında hər iki tərəfin maraqlı olduğunu görərik”, - Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan atəşkəsin pozulmasında ona görə maraqlıdır ki, qarşı tərəf, yəni separatçılar, daim təhlükəni hiss etməlidirlər. Çünki Azərbaycanın torpaqları işğal altındadır və rəsmi Bakı indiki atəşkəslə barışa bilmir. E.Şahinoğlu düşünür ki, bu fikrin əyani sübutu Elmar Məmmədyarovun snayperlərlə bağlı son açıqlamasıdır.

O həmçinin, Ermənistanın da maraqlarına aydınlıq gətirib. Politoloq bildirib ki, Ermənistanın marağı özünü Azərbaycana kifayət qədər qüvvətli olduğunu nümayiş etdirməkdən, o cümlədən 90-cı illərdə qazandığı “uğuru” təkrar edə biləcəyini isbatlamaqdan ibarətdir.

 “Atəşkəs ara-sıra Qazax və Tovuz istiqamətlərində pozulur. Savaş başlayacağı təqdirdə Azərbaycan ancaq Qarabağı hədəf götürə bilər ki, oranı işğaldan azad etsin. Sərhəd boyu isə Azərbaycan sabitlikdə maraqlıdır. Lakin Ermənistan, bunun tam əksi olaraq, bütün sərhəd boyu sabitliyi pozaraq sanki göstərmək istəyir ki, rəsmi Bakı nə vaxtsa Qarabağı işğaldan azad etmək istəsə, İrəvan başqa istiqamətdən hücum edə bilər. Məqsəd ondan ibarətdir ki, Azərbaycan öz qüvvələrini Qarabağda və Qarabağ istiqamətində cəmləşdirə bilməsin. Bu hər iki tərəfin atəşkəsin pozulmasında olan marağıdır”, - Elxan Şahinoğlu deyib.

Politoloq eləcə də Klintonun regiona səfəri zamanı Parisdəki görüşdə yeni ideyanın irəli sürüləcəyi barədə açıqlamasına toxunub. O bildirib ki, Parisdə görüş baş tutsa da, xanım Klintonun vəd etdiyi yeni ideyanın nədən ibarət olduğu bilinmədi: “Bəs nədən ibarət idi Klintonun dediyi yeni ideya? Parisdə yeni ideya ortaya qoyulmadı axı. Düşünürəm ki, həmin vaxt cəbhə xəttində vəziyyətin mürəkkəbləşməsi, həmçinin Azərbaycan və Ermənistan rəsmilərinin uzun müddət görüşməməsi, beynəlxalq aləmi tərəfləri bir masa arxasına əyləşdirmək fikrinə gətirdi. Əsas məqsəd onlardan atəşkəsi bir daha pozmayacaqları haqda zəmanət almaq idi”.

 

  • Yazılıb
  • da (də) 2012 Jun 24