İcra başçısının müavini isə evi sökülənlərin hüquqlarının pozulmayacağını bildirdi
  miri/Aran Agentliyi
 Bu gün Gəncə şəhəri Atatürk prospekti 264 və 266 saylı binaların sakinləri etiraz aksiyası keçirib. 22 ailənin qatıldığı aksiyada “22 ailə bayıra atılır, bizə kömək edin!” və “Kompensasiyalarımızı ödəyin!” şüarlar səsləndirilib.
  Sakinlərin redaksiyamıza verdiyi məlumata görə, etiraz aksiyasına polis müdaxiləsi olmayıb.
  Redaksiyamızla əlaqə saxlayan sakinlər bildirir ki, 2 ədəd üçmərtəbəli bina Gəncə Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə sökülür: “Bizim binalarımızı sökürlər. Artıq bu barədə bizə rəsmi xəbərdarlıq edilib. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini İlham Əliyev və Nizami rayonunun icra başçısının müavini Aydın Vəliyev bizə evlərimizi 3 gün ərzində boşaltmağa əmr edirlər. Mənzillərimizi əlimizdən alırlar. Amma əvəzinə kompensasiya vermirlər. İcra aparatının rəhbərliyi bizə xəbərdarlıq edib ki, mənzillərimizi boşaltmasaq, polis gücünə bizi evdən çölə atacaqlar”. Sakinlər bizə bildirdilər ki, kompensasiya verilməsə, evlərini tərk etməyəcəklər: “Biz icra hakimiyyətinə inanmırıq. Azərbaycanın müxtəlif yerlərində insanları aldadıb evlərindən çölə atıblar. Amma kompensasiya verilməyib. Biz tələb edirik ki, evimizdən çıxmağımız haqında bizə rəsmi sənəd versinlər. Evlərimiz qiymətləndirilsin, müqavilə imzalayaq. Yeni mənzillər verilənəcən kirayə pulumuzu dövlət ödəsin”. Sakinlərin bildirdiyinə görə, evlərinin yerində park salınacağına dair xəbər alıblar: “Bizə rəsmi şəkildə evlərimizin hansı səbəbdən sökülməsi barədə məlumat verilməyib. Binalar möhkəmdir. Qəzalı vəziyyətdə deyil. Bizim binalarımız Türkiyə konusluğunun qarşısında yerləşir. Qeyri-rəsmi məlumatlara görə, binalarımızın yerində park salınacaq”.
  Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini İlham Əliyevlə əlaqə saxladıq. İ. Əliyev bildirdi ki, binaların qəzalı vəziyyətdə olduğuna dair Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq komissiyasının rəyi var: “Bu rəyə əsasən Nazirlər Kabineti 2011-ci il 4 iyul tarixində binaların sökülməsi barədə 17-S saylı sərəncam verib. Binalar qəzalı vəziyyətdə olduğundan sökülməlidir. Həmin binaların yerində isə 50 mənzildən ibarət bina inşa ediləcək. Yeni binanın 6-8 ay ərzində tikilib istismara verilməsi nəzərdə tutulub. Bina inşa ediləndən sonra hər bir sakin keçmiş mənzilinin sahəsinə uyğun yeni mənzillə təmin ediləcək. 264-cü binada dörd, 266-ci binada isə on səkkiz  ailə yaşayır. Bu binalarda yerləşən mənzillərdən üçünün sahibi xaricdədir. Səkkiz nəfər isə öz mənzilini kirayəyə verib. Biz mənzillərini kirayə verən sakinlərə də tikinti müddəti üçün kirayə pulu ödəniləcək. Biz heç bir sakinin hüququnu pozmayacağıq”.
 
Yeni Müsavat