miri/Aran Agentliyi
 “Şamaxı rayonunun icra nümayəndəsi Fazil Güliyev qanunsuz olaraq çobanı ilə birgə gəlib bizim otlaq sahəmizin otunu biçdi. Səbəbini soruşduqda isə ağacla məni vurub qolumu sındırdı”.
 
Bunu redaksiyamıza müraciət edən Şamaxının Taylı kənd sakini Əlikazım Tapdıqov dedi: “Bizim kənddə ”Nəcəf" deyilən ərazidə otlaq sahəmiz var. Bir gün otlaq sahəmə getdikdə gördüm ki, icra nümayəndəsi Fazil Güliyev öz çobanına mənim otlaq sahəmi biçdirir. Bunun səbəbini soruşanda “əcəb edirəm” deyərək çobanı Əhmədov Namizədlə birlikdə məni döyüb qolumu sındırdılar. Fazil Güliyev içkili vəziyyətdə məni döyməklə yanaşı, həm də təhqiramiz ifadələrlə məni təhqir edirdi. Hazırda qolum gipsdədir. Şamaxı Rayon Polis Şöbəsinə şikayət etsəm də şikayətimə baxılmır. Şamaxı Rayon Prokurorluğuna da müraciət etmişəm. Ondan pul aldıqları üçün məni get-gələ salırlar. Şamaxı Rayon Polis Şöbəsinin rəisi məni süründürür. Mənə deyir ki, şikayət etməkdən əl çək və barış. Mənim barışıq etmək fikrim yoxdur. Dövlət başçısına, Baş Prokurorluğa da teleqram vurmuşam. Mənim işimi aparan Şamaxı Rayon Polis Şöbəsinin müstəntiqi Məlik Məlikov Fazil Güliyevdən pul alaraq işi dondurub. Nə vaxt qəbuluna getsəm, məni qəbul etmir. Hər dəfə “sabah gələrsən” deyərək işi yubadır. Bu hadisə mayın 5-də baş verib. Bu günə kimi işə çox səhlənkarlıqla yanaşırlar. Şamaxıda vəzifəli şəxslər vəzifələrindən sui-istifadə edərək sadə vətəndaşların haqlarını tapdalayırlar. Rayonun icra başçısı Asif Məmmədova da bu haqda məlumat verdim. O isə cavabında bu cür işlərə baxmadığını və bu iş üçün polisə müraciət etməyimi istədi. Halbuki məni döyən elə icra nümayəndəsidir. Bütün rayon və kənd əhalisi icra başçısından narazıdır. Kəndə gəlib kimi danışdırsanız, bunun şahidi olarsınız. Fazil Güliyev çobanının xanımını mənim üzümə durğuzub ki, guya onun xanımını vurmuşam. Ekspertiza bunun böhtandan başqa bir şey olmadığını üzə çıxardı. Bunun böhtan olduğuna dair ekspertiza kağızını polis bölməsi gizlətdi, rəy vermədi. Mən aidiyyəti qurumlardan qolumu vurub sındıranların cəzalandırılmasını istəyirəm".Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.