Azərbaycan Respublikası məktəblərində hicab qadağasına etirazına görə həbs olunmuş Azərbaycan İslam Partiyasının sədr müavini Hacı Vaqif Abdullayevin səhhəti ağır duruma düşüb
  /Aran Agentliyi
Azərbaycan Respublikası məktəblərində hicab qadağasına etirazına görə həbs olunmuş Azərbaycan İslam Partiyasının sədr müavini Hacı Vaqif Abdullayevin səhhəti ağır duruma düşüb. 
 
Saxlanıldığı Mərəzədəki 12 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar xidmətin Müalicə Müəssisəsinə aparılan Hacı Vaqif Abdullayevin durumu barədə onun  xanımı bildirib : “Hacının vəziyyəti çox ağırdır. Hələ məhkəməsi gedən zaman o, infarkt keçirdiyi üçün bir dəfə təcili yardımla elə həmin müəssisəyə aparılıb. Mərəzənin toz-torpaqlı havası onun səhhətini daha da ağırlaşdırıb. Dünən onu görəndə dəhşətə gəldim. Görüş otağında məni tanımadı. Hərəkət etmək qabiliyyəti demək olar ki, tamamilə itib. Onu orada olan yoldaşları qolundan tutub gətirdilər. Əlində əsa olsa da, təkbaşına yeriməkdə çətinlik çəkir. 61 yaşına az qalıb. Bu bir ailə başçısı üçün nə yaşdır ki? Gözümüzün qabağında əriyir. Əlimiz də heç yerə çatmır.”
 
Azərbaycan Respublikası məktəblərində hicab qadağasına etiraz edən Hacı Vaqif Abdullayev 2011-ci ilin yanvarın 7-də yol polisi tərəfindən saxlanılıb və barəsində Nərimanov rayon məhkəməsi tərəfindən 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Daha sonra barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 228.3 və 278-ci maddələri üzrə istintaqa cəlb edilib. Bakı Ağır Cinayətlər məhkəməsinin 7 oktyabr 2011– ci il tarixli hökmü ilə Vaqif Abdullayev 11 il müddətinə azadlıqdan məhrum edilib. AİP funksionerinin apellyasiya şikayəti təmin olunmayıb.