Tarix : 2012 Jun 26
Kod 31175

Rusiya Azərbaycana təzyiq edir

Moskvada iyunun 18-19-da “President Hotel”də “Rusiya və Azərbaycanın dövlət sərhədləri ilə ayrılmış ləzgi və avar xalqlarının problemləri” mövzusunda konfrans keçirilib
/Aran Agentliyi

Moskvada iyunun 18-19-da “President Hotel”də “Rusiya və Azərbaycanın dövlət sərhədləri ilə ayrılmış ləzgi və avar xalqlarının problemləri” mövzusunda konfrans keçirilib.

Bu konfransda Azərbaycanda ləzgi və avarların hüquqlarının pozulduğu, onların öz dillərində təhsil ala bilmədiyi və diskriminasiyaya məruz qaldıqları barədə iddialar səslənib.

Konfransın təşkilatçısı qismində Rusiyada fəaliyyət göstərən Federal ləzgi və avar milli-mədəni muxtariyyətləri adlı təşkilatlar göstərilir.

Konfransın yekun  qətnaməsində Rusiya hakimiyyətinə ünvanlanmış bir sıra tövsiyələr yer alır.

Yekun qətnamədə deyilir ki, Azərbaycanda yaşayan ləzgilər və avarlar ikili vətəndaşlıq hüququna malik olmalıdır. Başqa sözlə, Azərbaycan ləzgilər və avarlara imkan verməlidir ki, eyni vaxtda Rusiya pasportları da alsınlar, bununla da ləzgilər və avarlar Rusiyanın müdafiəsi altında olsunlar.

Konfrans iştirakçıları  Rusiyanın Qusar, Qəbələ və Zaqatalada konsulluqlarının açılmasını da istəyiblər.

Russiaya asılı görünən Rəsmi Bakı bu konfransın keçirilməsi və tələblərinə hələki bir  reaksiya göstərməyib.

Konfransda Rusiya İslam Komitəsinin üzvü, bu yaxınlarda dini ekstremizmi yaymaq ittihamı ilə evində Russia polisi tərəfindən axtarış aparılmış Heydər Camal da iştirak edib. H.Camal konfransın arxasında hansı maraqların və qüvvələrin dayandığı barədə mediafaks  saytına deyib : “Konfransın arxasında Rusiyanın güc və kəşfiyyat strukturları dayanır. İndiki məqamda Azərbaycanda etnik azlıqların hüquqlarının pozulduğu barədə müzakirələr açmaqda məqsəd isə Qəbələ RLS danışıqlarında Bakıya təzyiq göstərmək cəhdidir.”

Heydər Camal əlavə edib : “Heç bir şübhəm yoxdur ki, bu anti-Azərbaycan aksiyası Rusiya xüsusi xidmət və güc strukturlarının dəstəyi ilə təşkil olunmuşdu. Məqsəd isə görünür, Prezident Administrasiyasının rəhbəri Sergey İvanovun Bakıya səfəri ərəfəsində Azərbaycan tərəfinə təzyiq göstərmək idi.”

Qeyd etmək lazımdir ki, S.İvanovun Bakıya iyunun 27-də səfərə gələcəyi açıqlanıb.

  • Yazılıb
  • da (də) 2012 Jun 26