məhkəmənin təxirə salınıb və növbəti məhkəmə iclası iyul ayının 6-sı saat 15:00-a təyin olunub  İslamazeri.az-ın verdiyi xəbərə görə, bu gün Ağır Cinayətlər ...
  /Aran Agentliyi
məhkəmənin təxirə salınıb və növbəti məhkəmə iclası iyul ayının 6-sı saat 15:00-a təyin olunub
 
İslamazeri.az-ın verdiyi xəbərə görə, bu gün Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı Abgül Süleymanovun məhkəmə iclası keçirilməli idi.
 
Məhkəmə zalına Hacı Abgül Süleymanov gətirildikdən sonra, hakimlər də zala daxil oldular. Bu zaman məhkəmədə iştirak edənlərdən biri iştirakçıları yüksək səslə salavat deməyə sövq etməyə başladı. Buna görə hakim onun iclası tərk etməsini istədi. O isə təkbir səsləri ucaldaraq vəziyyəti daha da gərginləşdirdi.
 
Hakim bu qarmaqarışlıqdan sonra qadınlar, yaxın qohumlar və jurnalistlərdən başqa hamının iclası tərk etməsini istəyib. Məhkəmə zalının çölündə yaranmış səs-küy iclasın keçirilməsinə mane olurdu.
 
Hakim üzünü Hacı Abgül Süleymanova tutaraq deyib: "Bu insanlar açıq aşkar pravakatorluq edir, bunun isə prosesə heç bir müsbət təsiri olmayacaq, əksinə gedişatın yubanmasına səbəb ola bilər. Onlara deyin belə qarışıqlıq salmasınlar."
 
Ruhani Hacı Abgül Süleymanov da "Bunu mənə deməyin, əslində məndə istəmirəm ki, belə problemlər yaransın. İclas zalının qapısında səlahiyyətli nümayəndələrə tapşırın ki, yersiz səs-küy salanları məhkəmə zalına buraxmasınlar" deyib.
 
Çöldə yaranmış səs-küy məhkəmə zalında eşidilməkdə idi. Bundan sonra hakim məhkəməni təxirə saldığını və növbəti məhkəmə iclasını iyul ayının 6-sı saat 15:00-da keçiriləcəyini dedi.
 
Qeyd:
 
Hacı Abgül Süleymanova qarşı irəli sürülən ittihamlar: Cinayət Məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə (şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə).
 
islamazeri.az