Tarix : 2012 Jun 26
Kod 31181

BEYNƏLXALQ KOALİSİYA AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ TƏLƏBLƏR QOYDU

“Azadlıq” radiosunun məlumatına görə, bəyanatda deyilir: “Avroviziya” mahnı müsabiqəsindən sonra hakimiyyət tənqidçi jurnalistləri və fəalları hədəfə alıb
miri/Aran Agentliyi

 

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupuna (İPGA) üzv təşkilatlar hakimiyyətin ifadə və informasiya azadlığının məhdudlaşdırılmasına yönəlmiş son addımlarını pisləyib. “Azadlıq” radiosunun məlumatına görə, bəyanatda deyilir: “Avroviziya” mahnı müsabiqəsindən sonra hakimiyyət tənqidçi jurnalistləri və fəalları hədəfə alıb, qanunvericiliyə beynəlxalq informasiya azadlığı prinsiplərinə zidd dəyişikliklər edib.

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu Azərbaycanda ifadə azadlığı ilə bağlı həyəcanlı vəziyyətdən dərin narahatlığını bildirir. “Avroviziya” mahnı müsabiqəsindən sonrakı həftələr ərzində bu sahədə vəziyyət xeyli pisləşib. “Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov narkotik ittihamı ilə həbs olunub. Fotoqraf və jurnalist, “Sing for Democracy” kampaniyasının fəallarından olan Mehman Hüseynov bir sutka saxlanıb. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəalı İlham Əmiraslanov həbs olunub və polisdə ona işgəncə verildiyini bildirib.

İyunun 12-də Azərbaycan parlamenti qanunvericiliyə dəyişiklik edərək informasiya azadlığını məhdudlaşdırıb. Azərbaycanın şirkətlərinə qeydiyyatı, sahibliyi, səhmdarları haqqında məlumatları məxfi saxlamaq, bununla bağlı sorğuları cavablandırmamaq hüququ verilib. Bu dəyişiklik jurnalist Xədicə İsmayılovanın prezidentin ailəsinin biznes maraqları ilə bağlı yazılarından sonra baş verib.

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu Azərbaycan hakimiyyətini ölkədə ifadə azadlığını yaxşılaşdırmaq üçün təcili tədbirlər görməyə, İlham Əmiraslanovun, Anar Bayramlının, Ramin Bayramovun, Vüqar Qonaqovun, Zaur Quliyevin, Aydın Canıyevin, Taleh Xasməmmədovun, Hilal Məmmədovun, Əvəz Zeynallının və ötən il mart-aprel aksiyalarında həbs olunanların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına, İlham Əmiraslanova polisdə işgəncə verilməsi halının beynəlxalq standartlara uyğun təhqiqatının aparılmasına, Mehman Hüseynova və Oqtay Gülalıyevə qarşı siyasi xarakterli işlərə xitam verilməsinə, İdrak Abbasova və Xədicə İsmayılovaya qarşı hücumların araşdırılması istiqamətində səyləri artırmağa, qanunvericiliyi informasiya azadlığına dair beynəlxalq standartlara uyğunlaşdırmağa çağırır”.

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu beynəlxalq təşkilatların koalisiyasıdır. Qrupun koordinasiyasını “Article 19” həyata keçirir.

  • Yazılıb
  • da (də) 2012 Jun 26