Tarix : 2012 Jun 27
Kod 31202

Əli Həsənov ABŞ səfirinin mesajlarından danışdı

“Rəsmi Bakının bu sahədəki dözümünün, indiyədək gözləntilərinin, planlarının müəyyən sonu var
/Aran Agentliyi

 “Rəsmi Bakının bu sahədəki dözümünün, indiyədək gözləntilərinin, planlarının müəyyən sonu var. Azərbaycan, hər halda, dövlət olaraq bütün bu aksiyalara müvafiq qiymət verir, dəyərləndirmə aparır və gələcək addımlarını proqnozlaşdırır, müəyyənləşdirir. O ki qaldı Ermənistanın bölgədə yürütdüyü aqressiv, militarist siyasətə, bu, heç zaman dayanmayıb. Birinci gündən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edərək, Azərbaycana qarşı işğalçı siyasətini reallaşdıran Ermənistan bu müddətdə heç zaman öz fəaliyyətini sona qədər dayandırmayıb, konstruktiv mövqe nümayiş etdirməyib.

Militarist bir dövlət olaraq o, Cənubi Qafqazda həmişə regional sülhə və regional təhlükəsizliyə ciddi maneə olaraq qalmaqdadır. Bu, Ermənistana ciddi geosiyasi perspektiv vəd etmir. Gec-tez erməni siyasətçiləri bu işğalçılıq siyasətindən, qonşulara ərazi iddiasından imtina etməlidir. Əks təqdirdə, onları çox acınacaqlı bir geosiyasi perspektiv gözləyir”.

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov son vaxtlar cəbhə bölgəsində gərginliyin davam etməsi, Ermənistanda hərb, hazırlığın başlanıldığı barədə məlumatlara münasibət bildirərkən belə deyib. “Yeni Müsavat”a açıqlamasında Ə.Həsənov son vaxtlar Türkiyə generallarının Azərbaycana intensiv səfərlər həyata keçirmələrinin birbaşa cəbhədəki durumla bağlı olmadığını bildirib: “Düşünmürəm ki, bu, ermənilərin son sərhəd təxribatları ilə bağlıdır. Türkiyə ilə Azərbaycan arasında hərbi-strateji əməkdaşlığın dərinləşdirilməsi istiqamətində planlı fəaliyyət mövcuddur. Bu da həmin o planlı fəaliyyətə müvafiq olaraq həyata keçirilir”.

ABŞ-ın Azərbaycandakı səfiri postuna təsdiqlənən Riçard Morninqstarın Senatdakı dinləmələrdə fəaliyyəti zamanı həm demokratiya məsələlərinə önəm verəcəyini, həm də Culfa məzarlığı ilə bağlı araşdırma aparacağını deməsinə münasibət bildirən dövlət rəsmisi diplomatın dediklərinə rəsmi Bakının normal yanaşdığını deyib: “Azərbaycanın ABŞ-la əməkdaşlığının üç əsas istiqamətindən biri məhz vətəndaş cəmiyyəti quruculuğu, demokratik proseslərdir. Digər tərəfləri energetika və təhlükəsizlik məsələləridir. Hər üç sahə üzrə biz ABŞ-la əməkdaşlığın davam etdirilməsi, dərinləşdirilməsi və müvafiq olaraq hər iki tərəfin maraqlarına uyğun şəkildə qurulmasının tərəfdarıyıq. O ki qaldı səfirin gələcəkdə Azərbaycanda hansısa prosesləri araşdırmaq və digər məsələlərlə bağlı açıqlamalarına, əlbəttəz bu, səfirlərin haqqında müvafiq beynəlxalq konvensiyanın bəndlərinə uyğundursa, biz ona heç bir etiraz etməyəcəyik. İstənilən məsələni araşdıra bilər. Yox, əgər müəyyən məsələlər səfirin səlahiyyətlərinə daxil deyilsə, buna imkan verməyəcəyik”.

ABŞ Dövlət Departamentinin son hesabatında, həmçinin Senatda səfirlə bağlı dinləmələrdə də Azərbaycana ünvanlı tənqidlər səslənib, çağırışlar olub. Bu kimi çağırışlara müsbət reaksiya verməyən rəsmi Bakı dövlətlərarası münasibətlərin korlana biləcəyindən narahat deyilmi? Ə.Həsənov: “Ümumiyyətlə, tərəfdaşlıq münasibətlərinin özünün prinsipləri var. Bu prinsiplər də ondan ibarətdir ki, tərəfdaş dövlətlər bir-birinə bu və ya digər çağırışlar edir, tövsiyələr irəli sürür. Amma bunların heç biri məcburi xarakter daşımır. Məcburi xarakter daşıyan dövlətin çıxartdığı direktiv aktlardır, beynəlxalq aləmdə götürdüyü öhdəliklərdir, qoşulduğu konvensiyaların tələbləridir və s. ABŞ əlbəttə ki, bizim tərəfdaşımızdır. Bu dövlətlə münasibətlər Azərbaycanın inkişafında indiyə qədər mühüm rol oynayıb, bu gün də oynayıb, gələcəkdə də oynayacaq. Bu, həm təhlükəsizlik, həm energetika, həm demokratiya, həm də regional məsələlər, Dağlıq Qarabağ və digər məsələləri də özündə ehtiva edir. Ona görə də biz bu ölkə ilə münasibətlərə ciddi əhəmiyyət veririk. Bu münasibətləri daim qoruyub-saxlamağa və inkişaf etdirməyə çalışırıq, bundan sonra da belə olacaq”.

musavat.com

  • Yazılıb
  • da (də) 2012 Jun 27