Tarix : 2012 Jun 28
Kod 31226

“YA EVİMİZİ, YA DA KOMPENSASİYAMIZI VERİN”

Gəncədə evi sökülən sakinlərlə icra hakimiyyəti arasında insident yaşanıb
miri/Aran Agentliyi

Gəncənin Nizami rayonu, Atatürk prospekti 264 və 266 ünvanında yaşayan 22 ailə ilə Gəncə Şəhər İcra Hakimiyyəti arasında gərginlik davam edir. Sözügedən ünvanda yaşayan və qeydiyyatda olan Gəncə sakinləri Sədaqət Əliyeva, Ziyafət Məlikova, Vüqar Məmmədov, Dəmir Nəzərov, Namiq Tanrıverdiyev, Yeganə Bəşirova, İlqar Məmmədov, Nailə Məlikova, Səfurə Bəşirova, Kübra Cəfərova adlı sakinlər yaşadıqları binanın icra hakimiyyətindən təklif olunan şərtlərlə sökülməsinə razı olmadıqlarını bildirirlər. Onların bir qismi hazırda yaşadıqları ərazidən uzaq olmayan mənzillərə köçürülmələrini, bir qismi isə kompensasiya tələb edir.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham Əliyev “Yeni Müsavat”a açıqlamasında sözügedən binaların yerində 6-8 ay müddətinə 50 mənzildən ibarət bina tikiləcəyini, sakinlərə isə həmin binalarda əvvəlki mənzillərinin sahəsinə uyğun mənzillə təmin ediləcəklərini bildirmişdi. İ.Əliyev həmçinin qeyd etmişdi ki, tikinti müddətində kirayə evlərə köçürülən 22 ailənin kirayə haqqını icra hakimiyyəti ödəyəcək. İ.Əliyev sözügedən binalarda yaşayan ailələrin üçünün xaricdə yaşadığını, 8 nəfərin isə mənzilini başqa şəxslərə kirayə verdiyini demişdi.

Sakinlər bildirdilər ki, icra hakimiyyətindən “Yeni Müsavat”a yanlış məlumat verilib. Belə ki, həmin binalarda qeydiyyatda olan ailələrdən biri Almaniyada yaşayır, 8 yox, 2 ailə isə mənzilini başqa şəxslərə kirayə verib.

Sakinlər əməkdaşımızla söhbətində bildirdilər ki, analoji köçürmə halları Gəncə şəhərinin digər ərazilərində də olub. Lakin icra hakimiyyəti üç aydan sonra kirayə haqlarını ödəməkdən imtina edib.

Binanın sakinlərindən olan Sədaqət Əliyeva “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yaşayış ola-ola binalara gələn elektrik xətlərini kəsməyə başlayıblar:

Bizi evləri sökülən digər sakinlər kimi aldadacaqlar”.

S.Əliyeva bildirdi ki, bina sakinlərinin büdcə təşkilatlarında çalışan ailə üzvlərini sıxışdırmağa başlayıblar: “Aramızda həkim, müəllim, bank işçiləri var. Onlara xəbərdarlıq ediblər ki, binanı tərk etməsələr, iş yerlərindən qovulacaqlar. Bizi uşaqlarımızın cibinə narkotik atmaqla hədələyirlər. Ölkə başçısının tapşırığı var ki, evləri sökülən vətəndaşlar narazı salınmamalıdır. Prezidenti biz seçmişik. İcra hakimi prezident deyil. Biz haqqımızı tələb edirik”.

Sakinlər bildirdilər ki, icra hakimiyyəti onların təklifləri ilə razılaşmır. Sakinlər bildirdilər ki, binanın sökülməsi və sakinlərin köçürülməsi işi ilə bağlı sözügedən ünvanda olan icra hakimiyyətinin işçiləri onları nalayiq söyüşlərlə təhqir ediblər. Bu səbəbdən də ötən gün tərəflər arasında insident yaşanıb.

Qeyd edək ki, narazı sakinlər iyunun 23-ü “22 ailə bayıra atılır, bizə kömək edin!” və “Kompensasiyalarımızı ödəyin!” şüarları ilə etiraz aksiyası keçiriblər.

  • Yazılıb
  • da (də) 2012 Jun 28