Tarix : 2012 Jun 28
Kod 31227

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarı şlar
miri/Aran Agentliyi

Hökumətimizin yuxarı qatlarında icbari tibbi sığorta maneələri...

Deputat Musa Quliyevin eyhamları nəyə əsaslanır?

Artıq 10 ildən çoxdur, ölkə gündəmində olan, lakin indiyə qədər öz həllini tapmayan məsələlərdən biri də icbari tibbi sığorta ilə bağlıdır. Müvafiq qanunun olmasına baxmayaraq, bu məsələnin indiyə qədər təcrübədə öz həllini tapmaması hələ də böyük suallar doğurur. Belə fikirlər də səslənir ki, "İcbari tibbi sığorta haqqında" qanunun indiyədək tətbiq edilməməsinə görə Nazirlər Kabineti məsuliyyət daşıyır.

Çünki Nazirlər Kabineti gah əhalinin, gah işəgötürən təşkilatların və şirkətlərin, gah da səhiyyə müəssisələrinin özünün tibbi sığorta sisteminə hazır olmamasını əsas gətirərək qanunun işləməsini yubadır. Lakin hesab edilir ki, icbari tibbi sığortanın indiyə kimi tətbiq olunmamasına aid gətirilən bütün arqumentlər bəhanədən başqa bir şey deyil. Çünki hər il səhiyyə xidmətləri üzrə dövlət büdcəsindən 50 milyon manata qədər vəsait ayrılır. Üstəlik, son illər səhiyyə sistemində də müəyyən islahatlar aparılıb, müasir xəstəxanalar tikilib və bütövlükdə səhiyyə sistemi, demək olar ki, yenidən qurulub. Artıq neçə ildir qanun da qəbul olunub, onun icra mexanizmləri də var. Lakin icbari tibbi sığotanın tətbiqi reallaşmır./BAKI-XƏBƏR

İki qardaş ölkə arasında mühüm sazişlər bağlandı

İlham Əliyev: "Bu layihələr təşkilata üzv ölkələrin daha da sıx birləşməsinə və həm də həmin dövlətlərin iqtisadi gücünün artmasına yeni imkanlar açacaq"

İyunun 26-da İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubiley sammiti keçirilib. Prezident İlham Əliyev sammitdə çıxış edib. Dövlət başçısı təşkilatın yaranma tarixinin Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşdüyünü deyib: "Bu illər ərzində ölkəmiz böyük yol keçib. İqtisadi sahədə Azərbaycanda köklü islahatlar aparılıb və son illər ərzində ölkəmiz qarşısında duran əsas iqtisadi və infrastruktur layihələri müvəffəqiyyətlə icra edib".

İlham Əliyev qeyd edib ki, neft və qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanı həm enerji resurslarının ixracatçısına, həm də tranzit ölkəyə çevirib: "Digər bir nəhəng layihənin - Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə qədim İpək yolunun bərpasına da nail olunacaq. Bunlar konkret layihələrdir. Bu layihələr təşkilata üzv ölkələrin daha da sıx birləşməsinə və həm də həmin dövlətlərin iqtisadi gücünün artmasına yeni imkanlar açacaq"./ƏDALƏT

PREZİDENT YAŞAYIŞ EVLƏRİ İLƏ BAĞLI KOMİSSİYA YARATDI

 İyunun 27-də  prezident İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzalayıb.

Komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir./525-Cİ QƏZET

Rusiya-Azərbaycan forumunda birgə bəyanatın imzalanması gözlənilir

 “Bakıda keçiriləcək 3-cü Rusiya-Azərbaycan Regional Əməkdaşlıq Forumunda iki ölkə arasındakı strateji tərəfdaşlıq kursunun davam etdirilməsi məsələsi müzakirə olunacaq”. Bunu “Trend”ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Forumda iki ölkə arasındakı strateji tərəfdaşlıq kursunun davam etdirilməsi, dövlət başçılarının müəyyən etdiyi kursa müvafiq olaraq bütün istiqamətlər üzrə münasibətlərin müzakirə edilməsi və gələcək əməkdaşlığın prioritetlərinin müəyyən olunması vəzifəsi qoyulub. Rusiya və Azərbaycanın yüksəkvəzifəli şəxslərinin qatıldığı forumda 7 seksiyada siyasi, iqtisadi, mədəni, sosial, təhlükəsizlik, dövlətlərarası münasibətlərin regional aspektləri, Xəzər dənizi və onun ətrafında əməkdaşlıq məsələləri və digər məsələlələr müzakirə olunacaq, mühüm qərarlar qəbul ediləcək. Birgə bəyanatın qəbul olunacağı və iki ölkənin müfafiq strukturları arasında sazişlərin imzalanacağı gözlənilir” - deyə Ə.Həsənov bildirib. PA rəsmisinin sözlərinə görə, tədbir Rusiya ilə Azərbaycanın regional əməkdaşlığına həsr olunub: “İki ölkə arasında əməkdaşlığın prioritet sahələrini və kursunu dövlət başçıları müəyyən edir, bu tip forumlar isə əsasən bu prioritetlərin dəyərləndirilməsi və həyata keçirilməsi, bəzi mövcud problemlərin aradan qaldırılması məqsədi daşıyır”./YENİ AZƏRBAYCAN

 

Acıdərədə ailə faciəsi

Bakı-Şamaxı yolunda dəhşətli yol qəzası; 5 ölü

Bakı-Şamaxı yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun 106-cı kilometrliyində, Acıdərə adlanan ərazidə qeydə alınıb. Yolda eyni istiqamətdə hərəkət edən iki asfalt daşıyan maşından biri yoldan çıxaraq aşıb. Onun ardınca gələn ikinci yük maşını isə əks istiqamətdə hərəkət edən "VAZ 2106" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ 2106"-nın sürücüsü və maşında olan 4 sərnişin hadisə yerində dünyasını dəyişib. Onların adları hələlik məlum deyil. Məlumata görə, hər iki yük maşınının sürücüsü hadisə yerindən qaçıb. Hazırda onların şəxsiyyətlərinin dəqiqləşdirilməsi və faktla bağlı araşdırmalar aparılır./EKSPRESS

Xaricdən gəlmiş həkimlər klinikalarımızı zəbt ediblər

...Azərbaycana dəvət edilən əcnəbi həkimlərin hansı dərəcədə mütəxəssis olması, hansı dərəcədə tibbi savada malik olması  cəmiyyət üçün qaranlıq olaraq qalır. Çünki belə “mütəxəssislər” ya internet vasitəsilə, ya da təsadüfi tanışlıqla dəvət edilir. Onların tibb sahəsində hansı nailiyyətlər əldə etməsi isə nəinki sadə vətəndaşlar, heç özəl klinikaların özünə bəlli olmur. Belə halda insanlar hansı təminatla həyatlarını əcnəbi həkimlərə etibar edə bilərlər. Təəssüf ki, danılmaz faktdır ki, insanlar birmənalı olaraq əcnəbi həkimlərin qəbulunda günlərlə  növbədə dayanırlar. Üstəlik illərlə yığdıqları pulu uf demədən özəl klinikalara ödəyirlər. Məsələn, hamıya bəllidir ki,  Azərbaycanda onkoloji xəstələr üçün tətbiq edilən müalicə üsulu heç də Avropadakı müalicə üsulundan fərqlənmir. Ən müasir diaqnostik müayinələr, şüa aparatları da öz yerində. Ancaq Azərbaycanda xəstələri nə bu şəraitin olduğuna inandırmaq olur, nə də yerli həkimlərə etibar etmirlər. Elə buna görə də bir çox xəstələr şəfanı ya xarici xəstəxanalarda axtarır, ya da son ümid yeri kimi yerli klinikaların dəvət etdikləri əcnəbi həkimlərə üz tutur. O da bəllidir ki, bəzi xəstəliklərin əcnəbi həkimlər tərəfindən  müalicəsi 400-500 min manata başa gəlir./OLAYLAR

Xəzərdə gərginlik getdikcə artacaq

Foreign Policy: "İranın bir az əvvəl kəşf etdiyini açıqladığı yataq çox güman ki, Azərbaycan əraziləri hesab olunan sularda yerləşsin"

"Mühüm geosiyasi əhəmiyyətə malik Xəzər hövzəsi getdikcə "barıt çəlləyi"nə çevrilməkdədir". Bu fikirlər ABŞ-ın məşhur Foreign Policy jurnalındakı məqalədə əksini tapıb. Vurğulanır ki, bölgə uğrunda hazırda qızğın rəqabət getməkdədir: "Vəziyyətin gərginləşməsinin başlıca səbəbi isə trilyon dollarla gəlir gətirə biləcək zəngin neft-qaz yataqlarıdır. Bütün dünya İsrailin İrana zərbələr endirəcəyi ətrafında qızğın mübahisələr apardığı bir vaxtda keçmiş SSRİ-nin Xəzəryanı üç dövləti nəzərə çarpmadan özlərinin hərbi-dəniz qüvvələrini gücləndirməkdədir. Azərbaycan, Qazaxıstan və Türkmənistanın dəniz sərhədləri hələ də mübahisəlidir. Xüsusilə də bu hal İranla bağlıdır. Mübahisəli sularda zəngin neft-qaz yataqları mövcuddur.

Bu səbəbdən Azərbaycan, Türkmənistan və Qazaxıstan özlərinin yeni yataqlarının mühafizəsi üçün külli miqdarda pul vəsaiti ayırır". Məqalədə vurğulanır ki, bu üç dövlət hərbi-dəniz qüvvələrini yenicə formalaşdırmağa başlasalar da, İran və Rusiya da artıq mövcud olan HDQ-ni gücləndirir: "Burada başlıca, lakin yeganə olmayan səbəb İrana etimadsızlıqdır. Bu dövlətlər həm də ondan çəkinirlər ki, Rusiyanın Xəzərdə hökmranlığı Moskvanın onların net-qaz siyasətinə diqtə etməsinə imkan yaradar. İran və Rusiya isə ABŞ və Avropanın Xəzəryanı bölgədə mövcudluğundan qorxur. Bütün bu amillər bir-birinə etibar etməyən dövlətlər arasında potensial münaqişə ocağı yaradır". Məqalədə o da vurğulanır ki, son on ildə Xəzərdə bir neçə olay yaşanıb. Belə ki, 2001-ci ildə İranın hərbi gəmiləri "bp" şirkətinə məxsus gəminin Azərbaycanın özününkü hesab etdiyi sularda kəşfiyyat işləri aparmasına mane olaraq onu hədələmişdi./HƏFTƏ İÇİ

Yavər Camalovla Kərəm Həsənov arasında əmlak davası

Nazir komitə sədrini rəhbərlik etdiyi qurumun balansındakı zavodları satmaqda suçlayır

Müdafiə sənayesi naziri Yavər Camalovla əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov arasında qarşıdurma yaranıb. Məlumatlara görə, adıçəkilən məmurların üz-üzə gəlməsinin kökündə Müdafiə Sənayesi Nazirliyinə məxsus olan əmlakın Kərəm Həsənov tərəfindən özələşdirməyə çıxarılaraq fiziki şəxslərə satılmasıdır. Yavər Camalov bu məsələdən xəbər tutduqdan sonra Kərəm Həsənovdan əmlakın geri qaytarılmasını tələb edib.

Məlumatlarda deyilir ki, Yavər Camalov rəhbərlik etdiyi nazirliyin əmlakını geri almaqda israrlı olsa da, hələ ki, müsbət nəticə əldə edə bilməyib. Nazir hətta bunula bağlı məhkəməyə də müraciət edib. Yavər Camalov konkret olaraq “Xaçmaz Kondensator Zavodu” MMC-nin torpaq sahələrinin satılması ilə bağlı həm alıcılara, həm də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı 2 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsində iddia qaldırıb. Lakin iddası təmin olunmayıb.

Onun iddiasının təmin olunmaması Kərəm Həsənovun bu savaşda daha güclü olduğunu göstərir. Lakin Yavər Camalov da geri çəkilmək niyyətində deyil. Iş hazırda Apellyasiya Məhkəməsindədir./AZADLIQ

PREZİDENTİN XƏBƏRDARLIĞI, RƏSMİ BAKI İRƏVANA VAXT VERİR?

Aydın Mirzəzadə: “Ermənistana möhlət verilməsi bu ölkə üçün böyük şans olardı

Son vaxtlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev ardıcıl şəkildə Qarabağ cəbhəsində yaşanan gərgin situasiyaya münasibət bildirib və torpaqların istənilən yolla azad ediləcəyi barədə düşmən ölkəyə növbəti mesajlarını çatdırıb. Prezident ilk olaraq Ali Hərbi Məktəbin məzunlarının qarşısındakı çıxışında bildirib ki, Azərbaycan öz torpaqlarını işğalçılardan azad etməyə hazırdır, bu, ölkənin qarşısında duran əsas vəzifədir.

Ölkə başçısı Azərbaycanın hərbi imkanlarının təcavüzkar Ermənistanla müqayisədə böyük üstünlüyə malik olduğunu bildirib: “Son bir neçə il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artıb. Hazırda bu xərclər 3,6 milyard dollar səviyyəsindədir. Bu da Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Əlbəttə, bu reallıqları bizim uğurlu iqtisadi siyasətimiz, iqtisadi islahatlarımız yaradıb. Ordu xərcləri bundan sonra da artacaq. Bu, əlbəttə ki, ordumuzun gücləndirilməsinə böyük dəstəkdir. Ancaq bununla bərabər, mən çox şadam ki, ordumuzun döyüş qabiliyyəti artır. Orduda xidmət edənlərin arasında vətənpərvərlik duyğuları çox yüksək səviyyədədir. Biz peşəkar ordu yaradırıq. Əminəm ki, həm maddi-texniki təminat, iqtisadi qüdrətimiz, hərbçilərin hazırlanması, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi - bütün bu amillər bizi müqəddəs məqsədə çatdıracaq. Torpaqlarımız işğal altındadır. Bu işğal davam edir. Bu işğala son qoyulmalıdır və son qoyulacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Azərbaycan bayrağı Şuşada, Xankəndində, Dağlıq Qarabağda dalğalanacaq”./YENİ MÜSAVAT

Şəki zəlzələsi gözlərimizn önündə

"Bu elə bil bütün binanı silkələdi. Sanki binanın başına nəsə düşdü. Evin qab-qacağı başımıza töküldü"

26 iyun gecə saat 1-də Şəki şəhərində sakitlikdir. Yollardan yarım saatdan bir maşın keçir. Hər kəs evinə yığışıb, küçələr boşalıb. Amma 5 dəqiqə sonra güclü silklənmə olur. Təxminən 5 saniyə çəkən zəlzələdən sonra hamı qışqırıb küçələrə qaçır. Adyala bürünən gənclər, gecə köynəklərində, ayaqyalın küçələrə qaçan uşaqlar görünür. Zəlzələdən 10 dəqiqə keçdikdən sonra ailələr maşınlarına yığışıb şəhərdən gedirlər. Bir anın içində küçələr, prospektlər insanlarla dolur. Onlar bir-birləri ilə danışıb, qorxularını azaltmaq istəyirlər.

Sakinlər Bakıda, Zaqatalada yaşayan qohumlarına zəng edib zəlzələnin orada olub-olmamağını soruşurlar. Həmin yerlərdə zəlzələ olmayıb.

Bu dəfə keçən dəfəki kimi zəlzələ olmadı. O təkan gəldi-getdi. Bu elə bil bütün binanı silkələdi. Sanki binanın başına nəsə düşdü. Evin qab-qacağı başımıza töküldü. Qonşum deyir qapının başı tökülüb”- sakin Mədinə xanım qəzetimizə danışır.

Sakinlər təşfiş içindədirlər. Heç bir yerli kanal zəlzələ barədə məlumat vermir. Onlar zəlzələnin neçə bal gücündə olduğunu belə bilmirlər. Ən az 5 bal gücündə yeraltı təkanın baş verdiyini təxmin edirlər. /BİZİM YOL

"Qəbələ RLS-i itirsək lazımi informasiyadan məhrum olacağıq"

Rusiyalı komandan: "Aparılan danışıqlarda hər iki tərəf üçün qənaətbəxş nəticənin əldə olunacağına inanıram"

"Qəbələ RLS-lə bağlı Azərbaycanla Rusiya arasında aparılan danışıqlarda hər iki tərəf üçün qənaətbəxş nəticənin əldə olunacağına inanıram".

Bunu APA-nın Moskva müxbirinə eksklüziv açıqlamasında Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanı, general-mayor Viktor Bondarev deyib.

Onun sözlərinə görə, Rusiya Qəbələ RLS-i itirəcəyi təqdirdə, bir müddət lazım olan informasiyadan məhrum olacaq: "Biz bu tipli RLS-ləri özümüz tikirik. Ona görə də, bir müddət sonra biz həmin informasiya ilə özümüzü təmin edəcəyik".

V. Bondarenko onu da əlavə edib ki, Azərbaycan özü də Qəbələ RLS-in mövcud olmasında və fəaliyyət göstərməsində maraqlıdır. /ŞƏRQ

  • Yazılıb
  • da (də) 2012 Jun 28