Tarix : 2012 Jun 29
Kod 31230

«Bakı ətrafındakı yeni kəndlər söküləcək»

Dövlət komissiyası qanunsuz tikililər problemini həll edə biləcəkmi? Zöhrab İsmayıl: «Saymaqla problemi həll etmək mümkün deyil»
miri/Aran Agentliyi

Bakıdakı qanunsuz evlərin sənədləşdirilməsi problemi həll oluna bilər. Bununla bağlı, dövlət başçısı İlham Əliyev sərəncam verib. Sərəncama əsasən, magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılacaq. Komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Komissiyanın üzvlüyündə isə 14 dövlət strukrunun rəhbərliyi təmsil olunur.

Torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırmaq və iqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təkliflərini üç ay müddətində prezidentə təqdim edilməlidir.

Maraqlıdır ki, prezident məsələnin həllini Nazirlər Kabinetinə deyil, Prezident Administrasiyasına həvalə edib. Problem yüz minlərlə insanı əhatə edir. Bölgələrin sosial-iqtisadi vəziyyətinin ağırlığı insanların kütləvi şəkildə paytaxta üz tutmasına səbəb olub. Hazırda ölkə əhalisinin 55 faizdən çoxu paytaxta cəmləşib ki, bu da Bakının yüklənməsinə gətirib çıxarıb. Nəticədə yüz minlərlə qanunsuz tikililər meydana çıxıb.

Problemin həlli ilə bağlı bir neçə dəfə dövlət səviyyəsində təşəbbüsirəli sürülsə də nəticə olmaımışdı. Bu dəfə necə, problem qanuni həllini tapacaqmı? 

«Azad İqtisadiyyata Yardım» İctimai Birliyinin sədri Zöhrab İsmayıl problemə hökumətin yanaşmasını düzgün hesab etmir: «Əgər qanunsuz tikililərin sayı gündən-günə artırsa, deməli burada bir qanunsuzluq var. Bu gün insanlar qanuni şəkildə torpaq alıb, ev tikmək imkanlarından məhrumdurlar. Dövlət qurumuları problemi həll etmək əvəzinə, bürokratik əngəllər yaratmaqla, qanunsuz tikililərin daha da artmasına rəvac verirlər».

Z.İsmayıl məlumat verdi ki, hazırda Bakıda 400 mindən çox qanunsuz tikili mövcuddur: «Bu, artıq sosial bir faciədir. Hökumət bir tərəfdən qanunsuz tikililərin sənədləşdirilməsi məsələsini həll etməlidir, digər tərəfdən proses dayanmalıdır. Qarşıdakı on illiklərdə Bakının inkişaf məsələsi meydana çıxacaq. Paytaxtın ətrafında salınan bu kəndlər 20 ildən sonra növbəti problemlərə yol açacaq. Onlar mülkiyyət şəhadətnaməsi alsalar belə, yenə sökülmə məsələsi meydana çıxacaq. Çünki Bakı şəhəri ətraflara doğru inkişaf edəcək. Kəndlər inkişafa maneçilik törədəcək. O zaman yenidən köçürmə, planlaşdırma problemləri ortaya çıxacaq». 

Təşkilat sədrinə görə, indiki vəziyyətdə hökumət tərəfindən komissiyaı yaradılmasının heç bir effekti yoxdur: «Əgər qanunsuz tikillərin inşaası davam edərsə, dövlət komissiyasının yaradılması nəticə verməyəcək. Tutaq ki, bir tərəfdən köçürmə apardılar, bəzilərin sənədlər verdilər, amma digər tərəfdən proses dayanmır, Bakının hər yerində tikililər davam edir. Komissiya hansı problemi həll edəcək? Onlar hər il qanunsuz tikililəri sayacaqlar, növbəti il məlum olacaq mini yenə artıb. Saymaqla problemi həll etmək mümkün deyil».

Z.İsmaylın sözlərinə görə, ilkin olaraq normativ-hüquqi baza təkmilləşməlidir: «Sənədsiz ev tikmək, torpaq zəbt etməklə bağlı cəza müəyyənləşməli və icra olunmalıdır. Dövlət ehtiyacı olan torpaqlardakı tikililərin köçürülməsi zamanı kompensaiyalar ödənməlidir. Burada beynəlxalq təcrübələrə istinad etmək daha məqsədəuyğundur. Qanunsuz tikililərin köçürülməsi zamanı ödəniləcək kompensasiyalarla bağlı presidentlər var. Vətəndaşın evin tikintisinə nə qədər xərc çəkməyi nəzərə alınmalıdır. Sənədsiz evlərə ona görə kompensasiya ödənməlidir ki, dövlət indiyədək tikinti prosesinə göz yumub. Onların kommunal xidmətlərlə təmin olunmasına şərait yaradıbsa, faktiki olaraq sakinlərin yaşamaq hüququnu tanıyıb».  

Tanınmış vəkil Fuad Ağayev isə qanunsuz tikililərlə bağlı məsələnin problem kəsb etmədiyini düşünür. Onun fikrincə, problemin həlli yolları asandır: «Hələ sovet hakimiyyəti vaxıtnda SSRİ Nazirlər Kabinetinin bununla bağlı qərarları olub. Qanunsuz tikililər yerli sovetlərin balansına daxil edilirdi. Hətta müstəqillik dövründə həmin evlərin xeyli hissəsi özəlləşdirilib.

İndi də belə evlərlə bağlı izibati qaydada rəsmiləşdirmə aparılmalıdır. Bunun üçün illərlə monitorinq aparıb, qanun layihəsi hazırlanmasına ehtiyac yoxdur. Əgər uzun illər yerli icra orqanları qanunsuz tikililərə sükutla yanaşıbsa, deməli, həmin evlər sakinlərin mükliyyəti sayılır».

Vəkil bildirir ki, konrket iş görməli, insanların hüquqlarını təmin etmək lazımdır. F.Ağayev Türkiyə təcrübəsinə toxunaraq dedi ki, vaxtilə bu ölkədə də yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında xeyli sayda qanunsuz tikililər mövcud idi. O zaman Avropa İnsan Haqlarının Məhkəməsinin qərarı ilə onlara ədalətli kompensasiya ödənilməsinə nail olunub. Vəkil eyni vəziyyətin Azərbaycanda da yaranacağını istisna etmir.

bizimyol

  • Yazılıb
  • da (də) 2012 Jun 29