Tarix : 2012 Jul 02
Kod 31285

“QAZPROM” TANAP LAYİHƏSİNƏ GÖRƏ TÜRKİYƏYƏ TƏZYİQLƏRƏ BAŞLADI

Rusiya şirkəti bu layihədən narazı qalıb və bildirir ki, qış aylarında Ankaranın qazın həcmini artırmaq barədə xahişlərinə əməl etməyəcək
miri/Aran Agentliyi

Rusiyanın “Qazprom” şirkəti bəyan edib ki, Türkiyə Azərbaycanla Transanadoli Qaz kəməri Layihəsinə (TANAP) dair razılaşma imzaladıqdan sonra qış aylarında da qazı Bakıdan almalı olacaq. Şirkətdən bildirildiyinə görə, Türkiyə bundan sonra Rusiyadan qazın həcmini artırmaq barədə xahiş etməsə yaxşıdır.

“Qazprom” əvvəllər Türkiyənin qış aylarında bu cür xahişlərinə əməl edib. Rusiya KİV-lərinin xəbərlərində deyilir ki, Türkiyənin qaza olan tələbatı əsasən, Rusiyanın və İranın hesabına ödənilir. Bu yaxınlarda İran və Azərbaycan qazını Türkiyəyə nəql edən kəmərlərin PKK tərəfindən partladılmasından sonra Ankara “Qazprom”dan alınan qazın həcmini təcili artırmağı xahiş etmişdi. Rusiya şirkəti həmin xahişə əməl edib. “Birinci dəfə deyil ki, etibarlı təchizatçı imici qazanmış ”Qazprom" türk tərəfdaşlarının bu cür müraciətlərinə müsbət cavab verir. Nə zaman ki, onlarda texniki problemlər yaranır, boru kəmərlərində partlayışlar olur və sərt şaxtalar başlayır, o zaman türklər bizə müraciət edirlər. Ancaq bundan sonra onlar kömək üçün Bakıya müraciət etməli olacaqlar" deyə, “Qazprom”dakı mənbə bildirib.

Türkiyə ilə Azərbaycan arasında TANAP layihəsinə dair razılaşma ötən həftə imzalanıb. Layihənin ümumi dəyəri 7 milyard dollar qiymətləndirilir. Kəmərlə ildə 16 milyard kubmetr qaz nəql etmək planlaşdırılır, gələcəkdə bu həcm 50 milyard kubmetrə qalxa bilər. TANAP layihəsinə dair razılaşmanın imzalanmasının ardınca bp elan edib ki, Azərbaycanın “Şahdəniz-2" yatağından hasil olunacaq qaz "Nabucco West" kəməri ilə nəql ediləcək. Bu kəmər Türkiyənin Bolqarıstanla sərhədlərindən başlamalıdır. Analitiklərə görə, “Nabucco West”lə nəql olunacaq qaz Türkiyəyə məhz TANAP kəməri ilə çatdırılacaq. Bu da Azərbaycan qazının Rusiyadan yan keçməklə birbaşa Avropa bazarlarına daxil olması deməkdir. Layihələr reallaşandan sonra “Qazprom”un Avropadakı inhisarçı mövqeləri zəifləyə bilər. Rusiya neçə vaxt idi ki, Türkiyəni öz tərəfinə çəkib alternativ “Cənub axını” layihəsinə qoşmağa çalışırdı.

  • Yazılıb
  • da (də) 2012 Jul 02