Avtomobil satışı ilə məşğul olan sahibkarlar qan ağlayır; ölkəyə xaricdən məmur nəzarətində olan şirkətlər maşın gətirə biləcək
miri/Aran Agentliyi
Azərbaycanda tam inhisara alınmayan biznes sektoru avtomobil bazarı idi. Artıq hakimiyyət dairələri bu sahəni də tam nəzarətə götürmək qərarı veriblər. Xaricdən ölkəyə maşın gətirilməsinə qoyulan qeyri-rəsmi qadağa məhz bu maraqlardan qaynaqlanır. Son bir neçə aydır ki, Gürcüstandan maşın idxalına süni problem yaradılması bazarın bir əldə cəmləşdirilməsinə hesablanıb.
Alıcılar Azərbaycanda 8-10 min manata olan avtomobilləri qonşu ölkədən 3-4 minə əldə edə bilirdilər. Ölkə gömrüyündə isə 2-3 min manat əlavə xərc çıxırdı. İstənilən halda vətəndaş üçün Gürcüstandan maşın almaq sərfəli idi. Artıq Gürcüstan marşrutu dondurulub və maşın bazarı biznesmen-məmur mafiyasının əlinə keçib.
Vətəndaşlara gətirdikləri maşının “Avro-2" standartına cavab vermədiyi, texniki göstəricilərinin normaya uyğun olmadığı bildirilir. Hətta bazarın bir ələ yığılmasından Gürcüstandan özünə avtomobil alanlar yox, daha çox maşın alverçiləri ziyan çəkəcək. Onlara xəbərdarlıq olunub ki, VÖEN açıb bu işlə sahibkar kimi məşğul olsunlar. Fəqət VÖEN açılacağı halda maşın ticarətçilərinin qazanc əldə etmək imkanı məhdudlaşacaq. Çünki onların əldə etdikləri vəsaitin böyük qismi vergi ödəmələrinə sərf olunacaq.
Bu qadağanın tətbiqi barədə əməkdaşımıza məlumat verən maşın satıcılarından biri deyib: “Paytaxtda maşın bazarlarının yığışdırılması prosesi bazarda monopoliyanın tərkib hissəsidir. Maşın alqı-satqısı ilə məşğul olan sahibkarlar qan ağlayır. Onlara işləməyə əvvəlki şərait yaradılmır. Qaydaların sərtləşməsi satıcıların işini qəlizləşdirib. Vergi tələbi, yer haqlarının artırılması, Rusiya istehsalı olan maşınların idxalına qadağa sahibkarların fəaliyyətinə təsir edir. Çünki ”Jiquli" onların çörək ağacı idi".
Mənbə əlavə edib ki, bundan sonra ölkəyə müəyyən şirkətlər maşın gətirə biləcək: “Mən maşın ehtiyat hissələrinin satışı ilə məşğulam. Maşın satıcıları ilə əlaqəm var. Onlar çox ciddi narazıdır. Çünki artıq alıcılar maşınları həmin şirkətlərin açdığı salonlardan alacaq, yaxud da yerli bazardan. Vətəndaşa da xaricdən maşın gətirmək sərf etməyəcək”.
Mənbənin açıqladığı xəbərləri aydınlaşdırmaq üçün maşın bazarına baş çəkdik. Badamdar qəsəbəsindəki bazarda dedilər ki, sovet maşınlarına tələbat azalıb. Bu maşınların taksi kimi fəaliyyətinə veto qoyulması alıcı sayına mənfi təsir edib. “VAZ-2107" avtomobillər 6700 manatdır. Bankların kredit verilişini dayandırması da satışı zəiflədib. Satıcı Nurəddin Kərimov: ”Vosmoy" bazarı sıradan çıxıb, Ziya Bünyadov prospektindəki bazar söküldü, Sumqayıt bazarını da sıxışdırırlar. İşləməyə bura qalıb. Satan çox, alan az. Çoxları maşını kreditlə almaq istəyir. Banklar da kredit gah verir, gah vermir".
Bazarda avtosalonların qiyməti ilə də maraqlandıq. 500 kvadrat metr sahəsi olan avtosalonun aylıq icarə haqqı 5 min manatdır. Bu salonlarda yalnız xarici avtomobil şirkətlərinin rəsmi nümayəndəlikləri yer ala biliblər. Salonlarda əsasən təzə “Toyoto”, “Lexus”, “BYD Auto” kimi tanınan avtomobil şirkətlərinin maşınları satılır. Amma bazarda satılan xarici avtomobillərin mütləq əksəriyyəti işlənmiş maşınlar idi.
Salonlarda təzə “Mercedes S class 3500" isə 48-50 min dollara təklif olunur. ”PRADO" 44500-ə satılır.
Badamdarda satıcıların dediklərinə görə, maşın alanların çoxu bu gün Sumqayıt yolundakı maşın bazarına üz tutur. İşlənmiş avtomobilləri buraya gətirənlər müştəri olmadığını görüb, adıçəkilən bazara yollanırlar.
Müşahidələrimiz göstərir ki, bazarda müştəri qıtlığı ümumi ovqata təsir edib. Sükuta qərq olan maşın bazarında satıcıların bekarçılıqdan mürgü döyən gözləri isə müştəri yolunda idi...
Ancaq rəsmilər başqa söz deyir. “Əmlak Bazarı İştirakçıları ” İctimai Birliyi 2012-ci il, may ayına olan monitorinqin nəticələrini açıqlayıb.
Qeyd olunur ki, bazarda ümumi dinamikanın artımı müşahidə olunub. Bu ilin əvvəlindən köhnə avtomobillərə tətbiq olunan yeni qaydalar bazarda nəticələri dəyişib. Uzun illərdir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan “Mercedes-Benz”in təklif üzrə payında may ayı ilə müqayisədə 1,1 faiz artım müşahidə edilib. Bu markanın ümumi portfeldə payı 35 faiz təşkil edib. “Mercedes-Benz” ötən aylarda olduğu kimi ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur.