miri/Aran Agentliyi
İl yarı olsa da dövlət sifarişi ilə həyata keçirilən infrastruktur layihələrinin bir qismi maliyyələşdirilməyib. Podratçı şirkətlər daxili imkanlar hesabına müəyyən işlər görsələr də, büdcədən nəzərdə tutulan vəsait köçürülmədiyinə görə layihələri nəzərdə tutulan qrafikdə icra etmək mümkün olmayacaq.
Hər il mart ayından dövlət büdcəsi açılır və maliyyələşməyə start verilsə də 2012-ci ildə müəmmalı səbəblərdən hökumət xərcləmələri dayandırıb. Bu barədə məlumatı qəzetimizə dövlət şirkətlərinin birində çalışan mənbə verib.
Xatırladq ki, dövlət büdcəsinin təxminən 8 milyard dolları investisiya layihələrinə ayrılıb. Böyük həcmdə vəsaitin xərc ünvanları detallı göstərilməsə də, hökumətin prioritetləri sırasında yol, körpü-keçid tikintiləri, Bakının və rayon mərkəzlərinin abadlaşdırılması, su, kanalizasiya xətlərinin dəyişdirilməsi əsas yer tutur.
2012-ci ildə hökumətin ehtiyyatlı pul siyasətinə keçməsi ilə bağlı müxtəlif versiyalar var. May ayının əvvəlindən başlayaraq dünya birjalarında neftin qiymətinin kəskin ucuzlaşması şübhəsiz Azərbaycanın gəlirlərinə təsir edir. Avrozonadakı boc böhranı da ölkənin strateji valyuta ehtiyyatlarının gəlirliyini azaldır. Beynəlxalq proqnozlara görə, neftin qiyməti azalmağa doğru gedəcək. Proseslərin gedişi büdcəsi tamamilə neftdən asılı olan Azərbaycan hökumətini xərcələrə qənaət etməyə vadar edir.
O da mümkündür ki, maliyyə-iqtisadi böhranın davam etdiyi şəraitdə ilin əvvəlindən bəri hökumətin büdcə proqnozları özünü doğrultmayıb. Vergi, gömrük qurumları öhdəliklərini yerinə yetirə bilməyiblər. Beləliklə, büdcə Neft Fondundan edilən transfetlərin ümidinə qalıb. Hökumət də vəziyəti dəyərləndirib investisiya xərclərini böyük ölçüdə kəsməyə qarar verib.
Amma diqqətçəkən məqam odur ki, hökumət siyasətlə bağlı iqtisadi layihələri axsatmır. Məsələn, «Eurovision» yarışmasının təşkili üçün qeyri-rəsmi xərclənən 1 milyard dolların heç mində biri geri qayıtmadı. Amma Avropanı heyrətləndirmək həvəsi iqtisadi qanunauyğunluqlara sığmadı. Nəticədə hakimiyyət düşdüyü zərəri kompensasiya etmək məcburiyyətindədir. Belə məlumatlar var ki, beynəlxalq yarışmanın təşkilinə çəkilən xərclərin böyük qismi digər investisiya yatırımları üçün nəzərdə tutulub. Amma hökumət prioritetlərini əsas götürüb həmin vəsaitləri böyük ölçüdə qayçılayıb «Eurovision»a yönəldib. İndi isə büdcənin imkanları daraldığına görə büdcə həmin layihələrini icra etmək mümkün olmur.
2012-ci ildə hökumətin siyasi maraqlara xidmət edən daha bir xərcləmələri sovet banklarında qalan əmanətlərə görə birdəfəlik ödənişlərin verilməsi ilə bağlıdır. Bu istiqamətdə ilkin olaraq büdcədən 300 milyon manat ayırılıb, təxminən 700 milyon manatın da ayırılacağı gözlənilir. Ekspertlər əmanətlərlə bağlı qərarın gələn ilki prezident seçkilərinə hesablandığını bildirirlər. Çünki təxminən 1 miyard manatı əhaliyə vermək üçün hökumətin son 4 ildə maliyyə imkanları olub.
2013-cü il seçkilərinə hesablanan daha bir iritutumlu layihə hazırda sürətlə davam etdirilir. Prezidentin müvafiq sərəncamlarına uyğun olaraq ölkə üzrə kənd yollarının yenidən qurulması aparılır. Sovet dövründən qalma yolların müasir standartlarda təmir və bərpası kifayət qədər xərc aparır. Bu istiqamətdə həm dövlət büdcəsindən birbaşa vəsait ayırılr, həm də Prezidentin Ehtiyyat Fondundan ayırmalar həyata keçirilir.
Nəticə olaraq hökumətin seçkiqabağı əsas diqqəti əhalinin rəğbətini qazanmağa yönəltdiyi qənaətinə gəlmək olar. Hökumət risqlərlə dolu maliyyə ili keçirsə də, siyasi kampaniyaya bağlı layihələrə səxavətlə vəsait xərcləyir. Gözlənilir ki, ikinci dərəcəli məsələlərin həlli 2013-cü il prezident seçkilərindən sonraya qalsın. (Bİzim Yol)