Tarix : 2012 Jul 02
Kod 31294

Aşqabadla Bakı arasında ''Kəpəz'' davası böyüyür

Türkmənistanın qərbində Xəzər dənizi sahillərində Qoturtəpə yataqlarında yeni neft quyusundan istifadə olunduğu halda Azərbaycan Respublikası hələ də Xəzər ...
/Aran Agentliyi

Türkmənistanın qərbində Xəzər dənizi sahillərində Qoturtəpə yataqlarında yeni neft quyusundan istifadə olunduğu halda Azərbaycan Respublikası hələ də Xəzər dənizində neftin çıxarılması üçün Türkmənistanla öz problemlərini həll edə bilməmişdir.

Bu arada Xəzər dənizində “Kəpəz” yatağına iddiasına görə Türkmənistan Azərbaycan Respublikasını beynəlxalq məhkəmə ilə hədələyib.

Türkmənistan İnformasiya Agentliyinin məlumatına görə, "Türkmən neft" milli şirkətinin mütəxəssisləri gün ərzində 400 ton neft həcmində Qoturtəpə yatağında yeni neft quyusundan neft çıxarılmasına başlayıblar.

Bu şirkət habelə bildirib ki, tezliklə bu yataqlarda yeni 3 yataq da istifadəyə veriləcək.

Türkmənistanın Neft, Qaz və Təbii Sərvətlər Nazirliyi bildirib ki, bu ölkə neft və qaz yataqlarını genişləndirməklə 2020-ci ilə qədər ildə öz qaz istehsalının həcmini 187 milyard kubmetr və neft istehsalını isə 23 milyon tona çatdırsın.

Xəzər dənizində “Kəpəz” yatağına iddiasına görə rəsmi Aşqabad öz nazirinin dili ilə Azərbaycanı beynəlxalq məhkəmə ilə hədələyib.Azadlıq qəzetinin məlumatına görə, Türkmənistanın mövqeyini “Türkmən” dövlət xəbərləri agentliyi vasitəsilə iyunun 29-da neft-qaz sənayesi naziri Kakagəldi Abdıllayev çatdırıb.

O bildirib ki, 2008-ci ildə Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammədovun Azərbaycana səfəri zamanı iki ölkə heç bir saziş imzalamayıb. Eyni zamanda Türkmənistan mübahisəli məsələnin həlli məqsədilə təşəbbüs irəli sürüb. “Təəssüf ki, bu təşəbbüslər Azərbaycan tərəfindən qəbul olunmayıb”,- türkmənistanlı nazir vurğulayıb. O həmçinin diqqəti ona yönəldib ki, Türkmənistan dəfələrlə Azərbaycana müraciət edərək dənizin yurisdiksiyası müəyyən edilməyən ərazilərində, məhz “Ömər” və “Osman” yataqlarında (“Azəri” və “Çıraq”- Azərbaycan) işləri dayandırmağı tələb edib.

Azərbaycan tərəfi mübahisəli ərazilərdə öz qanunsuz hərəkətlərini gizlətməyə cəhd edərək ilkin razılaşmanı pozur, eyni zamanda özünü haqlı göstərməyə çalışır”, - K.Abdıllayev vurğulayıb.

“Yaranmış vəziyyətdə Türkmənistanın BMT Beynəlxalq Məhkəməsinə müraciət etməkdən başqa yolu qalmır, - o bildirib. Xatırladaq ki, iki həftə əvvəl Türkmənistanın geoloji kəşfiyyat gəmisi ”Kəpəz" yatağı ərazisində iş apararkən Azərbaycanın sərhəd gəmisi tərəfindən oradan kənarlaşdırılıb. Bu yataq Azərbaycan və Türkmənistanın dəniz sərhədlərinin qovuşuğunda yerləşir və iki ölkə arasında çoxdandır ki, mübahisə predmetidir. Bakı Aşqabada “Kəpəz” yatağının birlikdə işlənməsini təklif edib. Lakin Aşqabad onu, həmçinin Azərbaycanın 1994-cü ildən işlədiyi “Azəri-Çıraq-Günəşli” yataqlarını özününkü sayır.

  • Yazılıb
  • da (də) 2012 Jul 02