Tarix : 2012 Jul 02
Kod 31297

''Hacı Mehdiyə böhtan atıb çirkin ittihamla hökm çıxarıldı''

Məlum olduğu kimi 28 iyun Binəqədi Rayon məhkəməsində Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədovun son məhkəməsi ...
/Aran Agentliyi

Məlum olduğu kimi 28 iyun Binəqədi Rayon məhkəməsində Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədovun son məhkəməsi ictimaiyyətə açıq şəkildə keçirilməsi elan olunsa da gizli şəkildə keçirilərək Hacı Mehdi Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib.Bununla bağlı AMEA-nın elmi işçisi, ilahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu www.xebername.az İnternet qəzetinə münasibət bildirib:

Azərbaycan cəmiyyətində mənəvi dəyərlərimizi təbliğ edən insanlara böyük ehtiyac var. İllərdən bəri Mehdi Məmmədov və onun rəhbərlik etdiyi "Milli-Mənəvi Dəyərlər" ictimai birliyi cəmiyyətimizdə milli irsimizi, mənəvi dəyərlərimizi təbliğ edirdi.

Gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almaq üçün layihələr həyata keçirən saf bir vətəndaş günlərin bir günü ictimai fəaliyyətinə, siyasi əqidəsinə, dini baxışlarına görə elə məhz narkomaniya adı ilə həbs edilir.

Bu, çox acınacaqlı haldır. Mehdi Məmmədov mənəviyyat adamıdır, dindardır, bu kimi ittihamlardan nəinki çox uzaqdır, hətta özü bütün imkanlarıyla cəmiyyətdə narkomanlığa, mənəviyyatsızlığa, əxlaqsızlığa qarşı fəaliyyət göstərən, sabit ictimai mövqeyi olan insanlardandır.

Əfsuslar olsun ki, əqidə və ictimai fəaliyyətinə görə qanunsuz olaraq həbs edilən Hacı Mehdiyə qarşı böhtan atıb, elə bir çirkin ittihamla hökm çıxarıldı. Bu ölkəmizdə insan haqlarının, söz və fikir azadlığının faciəvi durumda olmasıyla bərabər, məhkəmə sisteminin qeyri-azad olmasının bariz nümunəsidir.

Məhkəmənin belə ədalətsiz, həqiqətə söykənməyən və böhtan əsasında çıxartdığı sifarişli qərarı pisləyir, bu tendensiyaya son qoyulmasını arzu edirəm.

Bu kimi hallar millətimizin, dövlətimizin inkişafını əngəlləyir, cəmiyyətdə sabitliyə zərbə vurur, dövləti vətəndaşların gözündən salır, etibarını, etimadını itirir.Mehdi Məmmədovun həbsi məhkəmə sisteminin azad olmadığını bir daha sübuta yetirdi.

İlkin Hüseyni - Xebername.az

  • Yazılıb
  • da (də) 2012 Jul 02