Tarix : 2012 Jul 04
Kod 31347

Əli Həsənov Araz Əzimovu təkzib edir? – REPLİKA

Bir müddət öncə Amerika Birləşmiş Ştatlarının Azərbaycana silah satışını dayandırması haqda xəbər yayıldı. Məlumata görə...
/Aran Agentliyi

Bir müddət öncə Amerika Birləşmiş Ştatlarının Azərbaycana silah satışını dayandırması haqda xəbər yayıldı. Məlumata görə, Birləşmiş Ştatlar bunu Azərbaycanın həmin silahdan Ermənistana qarşı istifadə edəcəyi ilə əsaslandırır. Amerikadakı Erməni Assambleyasının məlumatına görə, Birləşmiş Ştatların Dövlət Departamenti Amerika hərbi texnikasının satılacağı ölkələr siyahısından Azərbaycanın adını çıxarıb. Və Azərbaycana hərbi helikopter istehsalı üçün lazım olan hissələrin satışından imtina edib.

Məlumatda bildirilir ki, Demokratlar Partiyasının Xarici Əlaqələr Palatasındakı nümayəndəsi, ermənipərəst Harvard Bermanın Konqresə ünvanladığı narahatlığından sonra bu məsələ gündəmə gəlib. Konqresmen ABŞ dövlət katibi Hillari Klintona ünvanladığı məktubda bildirib ki, əldə olunan bu silahlardan Azərbaycan Ermənistana və Dağlıq Qarabağa qarşı istifadə edə bilər.

Xarici işlər nazirinin müavini Araz Əzimov mövzuyla bağlı ANS-ə bildirib ki, artıq Xarici İşlər Nazirliyi Dövlət Departamentinə məlumatla bağlı sorğu göndərib. Amma hələ ki, sorğuya cavab verilməyib: “Əgər məlumat təsdiqlənərsə, Azərbaycanın buna cavabı sərt olacaq. Çünki Birləşmiş Ştatların bu qərarı Azərbaycanla Amerika arasındakı təhlükəsizlik sazişinə ziddir”.

Amma çox keçmədi ki, APA-ya eksklüziv açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov XİN rəsmisini təkzib edib: "ABŞ-ın Azərbaycana silah satışını dayandırması barədə xəbərlərin heç bir əsası yoxdur. Ümumiyyətlə, ABŞ Azərbaycana heç vaxt silah satmayıb. Azərbaycan da heç vaxt ABŞ-dan silah almaq təşəbbüsündə olmayıb. Ona görə də belə məlumatların heç bir əsası yoxdur".

Əlbəttə sual yaranır ki, ABŞ Azərbaycana Prezident Aparatının xəbəri olmadan silah satırmış? Yoxsa Azərbaycanda ABŞ-a qarşı ikili xarici siyasət aparılır?

Kamal HACILI

Deyerler.org

  • Yazılıb
  • da (də) 2012 Jul 04