Tarix : 2012 Jul 07
Kod 31372

Vicdan azadlığının qorunmasında Azərbaycanın “vicdanı”

g/arannews

Fərdləri azad olmayan cəmiyyətin özü azad cəmiyyət hesab edilə bilməz.Cəmiyyətin, dövlətin azadlığı məhz onun vətəndaşının azadlığından başlayır...

Din və vicdan azadlığı ilə insan haqları məfhumları arasında qırılmaz əlaqə mövcuddur. Din və vicdan azadlığının təmin olunması həm dini mühitə, həm də ölkənin insan haqları sahəsinə bilavasitə təsir göstərən faktorlardandır.

Ölkəmizdə insan haqlarıyla bağlı digər sahələrlə bərabər, din sahəsində də ciddi problemlər yaşanılır. Bəlkə də deyə bilərik ki, dini mühit son 20 ildə ən böhranlı duruma gəlib düşüb. Bu problemlər din və vicdan azadlığının pozulması, qanunlara edilən düzəlişlərlə dini fəaliyyətlərin məhdudlaşdırılması, dinlə bağlı yeridilən dövlət siyasətində inanclı insanların rəyinin nəzərə alınmaması, fəal dindarlara potensial cinayətkar kimi yanaşılması, onların təqib və həbs olunması kimi hallarla bağlıdır.

Ölkəmizin din sahəsinin də digər sahələr kimi ciddi və köklü islahatlara ehtiyacı var. Bu isə ilk növbədə din və vicdan azadlığının təmin edilməsinə aiddir.

Doğrulmayan ümidlər

Sovetlərin son dövrü bir çox sahələrdə olduğu kimi, dini mühitdə də köklü dəyişikliklər və nəzərəçarpacaq canlanma ilə müşayiət olunurdu. SSRİ-nin dağılması və Azərbaycanın da digər müttəfiq respublikalar kimi müstəqillik əldə etməsi ilə dinin ictimai-siyasi həyatdakı rolu tamamilə yeni bir mərhələyə qədəm qoydu. Ateist kommunizm kabusundan yaxa qurtarmış Azərbaycanda dinin həqiqi azadlığa qovuşacağına ümidlər artdı, İslam dininin Azərbaycan cəmiyyətində oynayacağı rolun daha aktiv və daha əhəmiyyətli olacağına inam yarandı. Azərbaycanın müstəqillik əldə etməsi din-dövlət münasibətləri sahəsində ciddi islahatlar tələb etsə də, 1992-ci ildə tələsik qəbul edilmiş və sonradan subyektiv təsirlər altında dəfələrlə əlavə və düzəlişlər edilmiş “Dini etiqad azadlığı haqqında” qanun əslində bu tələbləri ödəmək iqtidarında olmadı. Sonrakı illərdə din və vicdan azadlığı sahəsində baş verən proseslər təəssüflər olsun ki, irəliyə deyil, geriyə doğru istəqamət aldı. Qorbaçov “yenidənqurmasından” bu yana bağlı məscidlərin açılması, yüzlərlə yeni məscidin tikilməsi, mədrəsələrin, din kurslarının yaradılmasının şahidi olurduqsa, sonrakı illərdə yenidən məscid, mədrəsə və dini kursların qapadılması, hətta Stalin dövründən bu yana baş verməyən məscid sökülməsi kimi acınacaqlı halların şahidi olduq.

Müstəqillik illərində din və vicdan azadlıqlarının hüdudları genişlənmək əvəzinə, məhdudlaşdı ki, bu da ümumilikdə insan haqlarının təminatı sahəsində ciddi problemlərə səbəb oldu. Müstəqil Azərbaycanımızda din-dövlət siyasətini tənzimləyən dövlət komitəsinə və müvafiq qurumlara əski sovet-kommunist məmurlarının rəhbərlik etməsi də görünür bu məsələlərdə öz “töhfəsini” verdi.

Dini azadlıq əvəzinə dini məhdudiyyət

Din – İlahiyə inam və bu inam əsasında qurulan həyat tərzidir. Din və vicdan azadlığının təmin olunması həm insanın inancı, həm də öz həyat tərzini bu inanca uyğun qurmasındakı sərbəstliyilə şərtlənir. Ölkəmizdə din və vicdan azadlığı məsələsi Konstitusiyamız və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Adından da göründüyü kimi, müvafiq qanunumuz məhz “Dini etiqad azadlığı” adlanır. Yəni söhbət insanların dinlə bağlı azadlıqlarından gedir, məhdudiyyətlərindən, qadağalarından, maneələrdən yox. Deməli, qanunlarımız da vətəndaşlarımızın din və vicdan azadlığının təmin edilməsinə xidmət etməlidir, bu haqları məhdudlaşdırmağa deyil. Əgər real həyatda “Dini etiqad azadlığı” inanclı insanlar üçün “Dini etiqad məhdudiyyətinə” çevrilirsə, deməli, vətəndaşlarımızın konstitusion haqları məhdudlaşdırılır. Belə ki, Azərbaycan Konstitusiyası din və vicdan azadlığını tanıyır və bütün digər qanunlarımız da Konstitusiyanın tələblərinə cavab verməlidir. Konstitusiyamızın “Vicdan azadlığı” adlanan 48-ci maddəsində göstərilir ki, “Hər kəsin vicdan azadlığı vardır; Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”. Və davamında aydın şəkildə deyilir: “Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir”.

Konstitusiyanın sərbəst elan etdiyi bir hərəkəti isə heç kəs heç bir adla qadağan edəbilməz! Hər halda, hüquqi dövlət prinsipi bunu tələb edir.

Dinlə bağlı bütün qanunvericilik aktları və onların tətbiqi qaydaları məhz konstitusiyamızın bu tələbini əks etdirməli, bunun mexanizmini açıqlamalıdır, bu təməl prinsipləri heç bir vəchlə məhdudlaşdırmalı deyil. Ölkədə hər kəs öz dini inancını ifadə etməkdə və yaymaqda sərbəst (!) olmalıdır.

Lakin təəssüflər olsun ki, son illər qanunlara edilən düzəlişlər nəticəsində din və vicdan azadlıqları ciddi şəkildə məhdudiyyətlərə çevrilib. Bəlkə də qanunlarımız içində ən çox dəyişikliklərə məruz qalan elə “Dini etiqad azadlığı” haqqında qanun və onunla əlaqədar digər hüquqi aktlardır. Milli Məclisin az qala hər sessiyasında dinlə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsi maraqlı görünür. Bu onu göstərir ki, düzəlişlər üzərində çalışan mütəxəssislər dini etiqadla bağlı şəraiti daha dərindən təhlil etməli, daha incəliklə araşdırmalıdırlar ki, irəli sürdükləri yeni düzəlişlər uzun müddət işlək vəziyyətdə olsun, onu hər üç-dörd aydan bir dəyişməyə ehtiyac qalmasın.

Pozulan vicdan haqları

Uzun illərdən bəri ölkəmizdə milli-mənəvi dəyərlərimizin ayrılmaz atributlarından olan baş örtüyünə qarşı ögəy münasibət sərgilənməkdədir. ABŞ, Avropa dövlətləri, hətta Rusiyadan fərqli olaraq, Azərbaycanda 20 ilə yaxındır hicablı xanımlar başörtüyü ilə şəxsiyyət vəsiqəsi və ümummilli pasport ala bilmirlər. Onlardan başıaçıq şəkil təqdim etmələri tələb olunur.Dövlət müəssisələrinin bir çoxunda hicablıların işləməsi üçün qeyri-formal qadağa hökm sürür. Artıq iki ilə yaxındır hicablı şagirdlər məktəbə buraxılmır. “Vahid forma” bəhanəsi ilə inanclı məktəbli qızların təhsil hüququ pozulub. Minlərlə dindar ailə sarsıntı keçirir. Amerikada, Avropa ölkələrində, hətta Rusiyada hicablı şagirdlər sərbəst məktəbə gedirlər, amma bizdə yox. Bu hallara qarşı etiraz edənlərin aqibəti isə bəllidir. Hicablı xanımlarımız da sivil ölkələrdə olduğu kimi təhsil almaq, işləmək, cəmiyyətin tamhüquqlu vətəndaşı olmaq istəyirlər. Görəsən hicaba qarşı bu qədər aqressiv olmağın nə mənası var?

Din sahəsində yaşanılan ciddi problemlərdən biri də bir neçə məscidin sökülməsi və bağlanmasıdır. Təkcə bir ildə – Bakı islam mədəniyyəti paytaxtı elan edilən 2009-cu ildə paytaxtda bir neçə məscid “qanunsuz tikili” adı ilə dağıdıldı. Guya hansısa sənədi çatışmırdı deyə. Həmin məscidə sənəd verib qanuniləşdirmək əvəzinə, min cür əziyyətlər bahasına tikilmiş məscidləri sökdülər. Halbuki o “qanunsuz tikililəri” sənədləşdirmək müvafiq dövlət orqanı üçün sadə bir məsələ idi. Şəhərdə nə qədər sənədi naqis olan binalar var, onları sökmürlər ki, sənədləşdirirlər. Hansısa Avropa ölkəsində təsəvvür edilə bilərmi ki, bir kilsə sökülsün və deyilsin ki, filan sənədi çatışmırdı deyə ora kilsə deyil, qanunsuz tikili idi? Əsla!

8 may 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər qəbul edildi və bununla dini fəaliyyət imkanları xeyli məhdudlaşdırıldı. Bu dəyişikliklər nəticəsində QMİ sədri şeyxülislam Hacı Allahşükür Paşazadə və onun müavinləri də, İslam Universitetinin rektoru Hacı Sabir Həsənli də Azərbaycandan kənarda islam təhsili aldıqlarından daha ölkəmizdə dini mərasimləri idarə edə bilməzlər! Dünyanın ikinci ölkəsini göstərmək olarmı ki, belə bir qadağa mövcud olsun? Elə bir dövlət varmı ki, orada rəsmən din sahəsinə rəhbərlik edən şəxsin dini mərasim aparması qanunla qadağan hesab edilsin? Ümumiyyətlə, təsəvvür ediləndirmi ki, məsələn, fransalı bir katolik keşiş, İtaliyada dini təhsil alıb deyə ona öz ölkəsində vəz oxumağı, dini mərasim aparmağı qadağan etsinlər?

Bu müddəa konstitusiyamıza da ziddir.Konstitusiyamızın “Din və dövlət” adlanan 18-ci maddəsində kifayət qədər aydın göstərilir ki, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Amma şahidi olduğumuz kimi, dini təhsil mövzusunda bu prinsipə zidd olaraq məhdudiyyətlər yalnız islam dininə şamil edilir. Əlbəttə, bizim mövqeyimiz budur ki, bu məhdudiyyətlər ümumiyyətlə heç bir dinə şamil edilməsin.

12 dekabr 2011-ci ildə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dini fəaliyyətlə bağlı düzəlişlər qüvvəyə mindi.Bu düzəlişlər dini fəaliyyətə görə sərt cəza tədbirləri nəzərdə tutur.Yəni 2009-da edilən düzəliş yalnız hüquqları məhdudlaşdırırdısa, 2011-ci ilin dekabrından dini fəaliyyətə görə həm də inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.Bu düzəlişlərə görə, bundan sonra dini ədəbiyyat və ya dini məzmunlu əşyalar, materiallar xüsusi icazə olmadan satılarsa, cinayət hesab ediləcək. Dünyanın harasında təsbeh və ya “Quran”, “İncil” satan cinayətkar elan edilir? Qanunda dinə qarşı belə aqressiv münasibət hətta SSRİ zamanı da müşahidə olunmayıb.Dəyişiklikdən sonra xaricdə İslam təhsili almış şəxs dini mərasim apardıqda külli miqdarda cərimə və ya həbslə cəzalanırsa, deməli vicdan azadlığı sahəsində ciddi axsamalar var.

Konstitusiyamız dini yaymaq hüququnu tanıdığı və dəstəklədiyi halda başqa bir qanunun buna görə 5 ilədək həbs, yaxud külli miqdarda cərimə tətbiq etməsi absurd deyilmi?

 

Xaricdən asılılıq

 

20 ildən çoxdur Azərbaycan dövlət müstəqilliyi əldə edib.Bu, bütün digər sahələr kimi din sahəsində də quruculuq işlərinin aparılmasına, müstəqil dini təsisatların, dini elmlərin tədqiqi və tədrisi mərkəzlərinin yaradılmasına imkanlar yaratdı. Lakin əfsuslar olsun ki, ölkəmizdə hələ də bunlara nail olmaq mümkün olmayıb və dinindən, məzhəbindən asılı olmayaraq – istər müsəlman olsun, istər xristian, istərsə də yəhudi – dindar vətəndaşlar xaricdəki dini mərkəzlərdən asılı durumdadırlar.

Ölkədə müstəqil dini mühitin yaradılmasına dəstək vermək əvəzinə yerli televiziya kanallarında yayımlanan dini verilişlər bağlanılır, yerli dindarların dini fəaliyyəti məhdudlaşdırılır və nəticədə dindarlar yenə də öz mənəvi tələbatlarını ödəmək üçün üzlərini xaricə tutmalı olurlar.

Məktəblərdə balalarımıza din dərsləri keçirilmədiyindən yeniyetmə və gənclərimizin dini bilikləri küçədən keçən təsadüfi adamlardan öyrənməsi təhlükəsi realdır.Bu isə bəlli olmayan dairələrin boşluqdan məharətlə istifadə etməsi üçün əlverişli şərait yaradır.

Üstəlik, dindar əhalini incik salmaqla Azərbaycanda sabitliyi pozmağa maraqlı olan qüvvələrin əlinə fürsət verilir ki, onlardan istifadə edib milli maraqlarımızı təhlükə altına alsınlar.İndiyədək neçə-neçə silahlı dini qruplaşmanın ifşa edilib, zərərsizləşdirildiyi haqda məlumatlar yayılıb.Bəs bu vətəndaşlarımızın xaricdəki bədniyyətli dairələrin toruna düşməsinin səbəbləri araşdırılıbmı?Bunun qarşısını almaq məqsədilə, profilaktik maarifçilik işləri aparılıbmı?

Sadə bir misal.Tutaq ki, bir yeniyetmə namaz öyrənmək istəyir. İndiyədək, məsələn, QMİ tərəfindən namazı öyrədən kitabça buraxılıbmı, yaxud kurslar təşkil edilibmi?İbtidai dini biliklər almaq istəyən gənclər üçün xüsusi treninqlər keçirilibmi?Məktəbdə öyrətməsinlər, televiziyada olmasın, ədəbiyyat hazırlanmasın, kurs keçirilməsin, bəs bu millətin övladları dini haradan öyrənsinlər?

Dini maarifçiliklə məşğul olan təşkilatlara dəstək verilməsi, mənəvi dəyərləri təbliğ edənlərin dəstəklənməsi, telekanallarda xüsusi verilişlərin hazırlanması, məktəblərdə dini biliklərin tədrisi kimi faydalı işlər dövlətçilik maraqlarımıza daha uyğun deyilmi?Nə vaxta kimi dindar vətəndaşlarımız xaricdəki dini mərkəzlərə möhtac vəziyyətdə qalmalıdırlar?

II yazı

Qanunazidd qadağalar – radikallığa aparan yol

Qanunlar çərçivəsində din və vicdan azadlığının məhdudlaşdırılması əlbəttə, təəssüf doğuran haldır. Amma bundan da pisi qanunazidd qadağa və məhdudiyyətlərlə inanclı vətəndaşların konstitusion haqlarının pozulmasıdır. Yersiz və qanunazidd qadağalar hər zaman cəmiyyətdə gərginliyi artırır, insanları radikallaşdırır və mövcud problemlərin həll edilməsi əvəzinə, yeni-yeni problemlərə yol açır. Cəmiyyətdə gərginliyin artması isə heç bir dövlətin maraqlarına uyğun deyil. İnanclı insanların konstitusion haqlarının pozulması gərginliyi daha da artırır və sabitliyin pozulmasına səbəb olur. Toplumun əmin-amanlığı, rifahı, inkişafı naminə cəmiyyətimizdə barışığa doğru addım atmalı, insan haqlarını rəhbər tutaraq hətta bizim kimi düşünməyənləri, əqidə fərqliliklərini qəbul etməliyik. Plüralizmin və barəsində çox danışdığımız tolerantlığın mənası elə budur. Başqa cür düşünənlərə qara yaxmamalı, onları kənar qüvvələrə xidmət etməkdə suçlamamalıyıq. Əksinə, barışıq dili tapmağa səy göstərməliyik. İnanclı vətəndaş təhsil və ya iş hüququndan məhrum edilirsə, buna qarşı etiraz edənlər müxtəlif adlarla həbsə atılırsa, məscidlərin qapısı qıfıllı qalırsa, dindarları tutub polis idarəsində saqqalını zorla qırxırlarsa, order olmadan evlərinə girib dini ədəbiyyatı müsadirə edilirsə, telekanallarda dini verilişlərə qadağalar qoyulursa, hansı toleranlıqdan söhbət gedə bilər? Axı bütün bu kimi yersiz davranışlar dindarları küskün edir, qızışdırır, radikallaşdırır. İnanclı insanları hökumətə qarşı qoymaq, onları radikallaşdırmaq hansı niyyətlərdən irəli gəlir?

İnanclı vətəndaş hədəfdə!

İllərdən bəri ölkəmizdə dindar vətəndaşlara potensial cinayətkar kimi yanaşma tendensiyası müşahidə olunmaqdadır. Bir çox vəzifədə olan inanclı şəxslər hətta dindar olduqlarını gizlətməyə məcbur olurlar. Bəzi hallarda imkanlı dindarlar dini təsisatlara maddi yardım etməkdən belə ehtiyatlanır. Dindar vətəndaşların müntəzəm olaraq hüquq mühafizə orqanlarında siyahısının tərtib edilməsi haqda KİV-lərdə yazılar dərc olunur. Bir sıra nazirliklərdə, dövlət idarələrində adi namaz qılanların belə siyahısının tutulması haqda məlumatlar yayılır. Məscidlər, dini icmalar ciddi nəzarət altında saxlanılır. Aktiv dindarlar vaxtaşırı hüquq mühafizə orqanlarına çağırılır, onlarla “profilaktik iş” aparılır.

Bundan daha pisi, inanclı insanların cinayətkar kimi təqdim olunması, onlardan narkotik maddə və ya silah-sürsat “aşkarlanması” kimi hallar dindarların hədəfdə olduğunu göstərir. Misal olaraq, məktəblərdə hicab qadağasına qarşı çıxan neçə-neçə dindar vətəndaş müxtəlif bəhanələrlə həbsə alındı. Dünyanın harasında din xadimini narkomanlıqda ittiham edib, həbsə alırlar? Aydın məsələdir ki, Azərbaycan dindarı bu cür şeylərdən çox uzaqdır və əslində cəmiyyətdə ilahi-mənəvi dəyərləri təbliğ edir, narkomaniyaya, insan qətlinə, təxribatlara, terora qarşı təbliğat aparır. Əgər həqiqətən də hansısa bir şəxsdən silah tapılırsa, buna artıq dini rəng vermək yolverilməzdir. Cinayətin dini, milliyyəti olmur. Amma inanclı şəxsi də cinayətkar kimi təqdim etməyin özü də böyük bir cinayətdir. Bu, cəmiyyətdə mənəvi dəyərlərə zərbə vurur, inanclı insanlara qarşı etimadsızlıq hissi aşılayır. O cəmiyyət ki, onun aktiv inanclı vətəndaşı potensial cinayətkar kimi təqdim olunacaq, onda həmin cəmiyyətin halına ağlamaq lazımdır. Axı inanclı vətəndaşlar cəmiyyətin ən saf, ən təmiz, mənəviyyatlı təbəqəsini təmsil edirlər.

Qurunun oduna yaş da yanır

Bütün bunlar həqiqi dindarlara aiddir. Amma əfsuslar olsun ki, bəzən cəmiyyətimizdə din adı ilə dinin və hətta insanlığın adına yaraşmayan işlərlə məşğul olanlara da rast gəlirik. Belələri arasında ekstremizmi, zorakılığı təbliğ edənlər də var və ola bilsin ki, belələri içində kimlərsə həqiqətən də silah-sürsat toplayıb, təxribatlar törətmək istəyirlər. Belə qara niyyətlərin qarşısını əlbəttə ki, dövlət və cəmiyyət almalıdır! Sadəcə onları din adamı kimi qələmə vermək düzgün deyil. Əlinə silah alıb, dinc insanları öldürmək, təxribatlar törətmək istəyən şəxsin dinlə heç bir əlaqəsi ola bilməz! Əslində o hər şeydən əvvəl elə dinə xəyanət etmiş olur. Rəbbimiz Quranda buyurur ki, günahsız bir insanı öldürən şəxs bütün bəşəriyyəti öldürmüş kimidir! Odur ki, din ilə zorakılıq, terror, qan, təxribat bir araya gəlməyən şeylərdir. Özünü dindar kimi qələmə verib, cinayətlə məşğul olan şəxslər qanun çərçivəsində cəzalandırılmalıdırlar, amma bu zaman qurunun oduna yaş da yanmamalıdır. İnanclı vətəndaşlar cəmiyyətə təhlükə mənbəyi kimi təqdim edilməməlidir. Əksinə, onların müsbət potensialından cəmiyyətin saflaşması və inkişafı yönündə istifadə edilməlidir.

Cəmiyyətin azadlığı fərdin azadlığından başlayır!

Din və vicdan azadlığı bilavasitə insan haqları və azadlıqları ilə bağlı olan məsələdir. İnsanların vicdan azadlığı yalnız o toplumlarda təmin edilir ki, orada insan haqları təmin edilmiş olsun. Bu isə hər bir cəmiyyətin prioritetləri sırasındadır. Belə ki, istənilən cəmiyyətin davamlı inkişafı məhz insanların azadlığından, onların hüquqlarının təmin edilməsindən keçir. Əslində inkişafın dinamikası elə şəxsiyyət azadlıqlarının nə dərəcədə təmin olunmasıyla bağlıdır. Cəmiyyətin azadlığı da elə bununla ölçülür. Fərdləri azad olmayan cəmiyyətin özü azad cəmiyyət hesab edilə bilməz. Cəmiyyətin, ölkənin, dövlətin azadlığı məhz onun vətəndaşının azadlığından başlayır. Din və vicdan azadlığı isə digər azadlıqlar sırasında yer almaqdadır. Din və vicdan azadlığı təmin edilmədən, insan haqlarının təmin edilməsindən, başqa sözlə, cəmiyyətin azadlığından söhbət belə gedə bilməz.

 

Yeni təyinat, yeni ümidlər

 

Ölkəmizdə dini durumun belə kritik həddə çatmasında bir sıra səbəblərlə yanaşı, DQİDK-nın sabiq sədri Hidayət Orucovun da “əvəzolunmaz zəhmətləri” olub. Dindar vətəndaşlarla hökumət arasında dərin uçurum yaranıb. Bu hal cəmiyyətdə gərginlik yaradır ki, bu da dövlətçiliyimizə böyük zərbədir. Dinə qarşı bu münasibətin qanunlar müstəvisinə keçməsi və DQİDK rəsmilərinin illərdən bəri bir qayda olaraq din sahəsində heç bir problemin olmadığını bəyan etməsi isə xüsusilə üzücü haldır. Qalaq-qalaq problemlər üst-üstə yığılıb qalır. Bunların həlli əlbəttə ki, qısa zamanda mümkünsüzdür. Amma problemləri düzgün dəyərləndirdikdə və onların həllinə çalışdıqda, düzgün addımlar atdıqda ən çətin problemləri də həll etmək mümkündür. Sovet düşüncəsində olan şəxslər bu işin öhdəsindən gəlməyə qadir deyillər. Odur ki, komitəyə yeni dövrün düşüncəsinə malik, peşəkar, enerjili, həm də dini, dini mühiti yaxşı bilən bir şəxsin gətirilməsi labüd idi. Bu baxımdan, Elşad İsgəndərovun DQİDK-ya sədr təyin edilməsi təqdirəlayiq haldır. Yeni sədr məhz belə bir kadrdır və onun bu vəzifəyə təyin edilməsi din və vicdan azadlıqlarının təmin edilməsi məsələsində ümidverici görünür.

Həyatı boyu Sovet hakimiyyətinə, Kommunist Partiyasına sədaqətlə qulluq edən şəxslərin dinə münasibəti başqa cür ola da bilməzdi. Yaranmış böhranlı durumla bağlı sabiq sədrin payına düşən ciddi məqamlar var, amma əlbəttə hər şeyi bir fərdin də üzərinə qoymaq doğru olmazdı. Ola bilsin ki, səhnə arxasında da bəzi kommunist düşüncəli şəxslər var ki, dini proseslərin bu hala düşməsində rolları olub. Ümid edək ki, Sovet nomentklaturasının qalıqları olan bu şəxslər də tezliklə tutduqları vəzifədən gedəcəklər və müstəqil Azərbaycanımızda dövlət-din münasibətləri ilə azad, demokratik, sağlam düşüncəyə malik insanlar məşğul olacaqlar.

Elşad İsgəndərovun təyinatını bir başlanğıc kimi də dəyərləndirmək olar. Ümid edək ki, yüksək kürsülər Sovet düşüncəli digər şəxslərdən də təmizlənəcək. Məhz o zaman bütün digər problemlərlə bərabər, din və vicdan azadlığı sahəsində də ciddi dəyişikliklərin şahidi olacağıq, inşAllah.

Çarə? Carə - vətəndaş cəmiyyəti!

Din və vicdan azadlığının, ümumilikdə, insan haqlarının təmin edilməsinin çarəsi vətəndaş cəmiyyətinin qurulmasıdır. Demokratiyanın ayrılmaz hissəsi olan vətəndaş cəmiyyəti ideyası tarix boyu bəşəriyyətin şahidi olduğu diktatura və totalitarizm kabusunun nəticəsi olaraq ərsəyə gəlib. İnsanların azad, sərbəst yaşamaq arzusu ilə.

Vətəndaşların cəmiyyətdə öz şəxsiyyətini sərbəst şəkildə ifadə etməsi, üzləşdiyi problemlərin həllində əl-ələ verib, birlikdə fəaliyyət göstərməsi, vətəndaş təşəbbüslərini rəhbər tutub, hər kəsin hüquq və azadlıqlarının təmin edilməsinin ən optimal yolu – vətəndaş cəmiyyətinin bərqərar olmasıdır.

Ölkəmiz 70 ildən artıq bir müddətdə totalitar sovet-kommunist rejiminin əsarəti altında yaşayıb. Bu rejimdə yaşamış bir toplum kimi bizlər üçün vətəndaş cəmiyyətinin zəruriliyi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, sovet rejimi ictimai birliklər, fondlar, həmkarlar ittifaqları, dini qurumlar, vətəndaşların təşəbbüs qrupları, hətta kiçik dərnəkləri belə daim öz nəzarəti altında saxlamışdır. Bu diktatura rejiminin hakimiyyəti altında olan cəmiyyətimiz onillər boyu bu totalitarizmdən yaxa qurtarıb, sərbəst fəaliyyət göstərmək arzusu ilə yaşayıb.

Vətəndaş cəmiyyətinin labüdlüyü bizlər üçün xüsusilə aktualdır. Belə ki, vətəndaş cəmiyyəti məfhumu iki aspektdən insanların cəmiyyətdə sərbəst fəaliyyəti üçün ən etibarlı təminatçı qismində çıxış edir. Əvvəla, vətəndaş cəmiyyətində dövlət orqanlarının ictimai fəaliyyətləri nəzarətdə saxlama, insanların həyatlarının bütün sahələrinə, o cümlədən, şəxsi həyatlarına təsir və müdaxilə etmə və öz iradəsilə yönəltmə imkanları məhdudlaşdırılır. İkincisi isə, cəmiyyətdə müstəqil təsisat və ictimai birliklərin, vətəndaş təşəbbüsü ilə formalaşan müxtəlif yönlü qurumların mövcud olması və həmin təsisatlar çərçivəsində insanların öz problemlərini həll etmək üçün birgə fəaliyyət göstərmələri təmin olunur. Bununla da, vətəndaş cəmiyyəti insan haqlarının, o cümlədən də din və vicdan azadlığının təminatçısı qismində çıxış edir. Məhz bu səbəbdən də, vətəndaş cəmiyyəti ümumilikdə cəmiyyətin bütün digər üzvləri kimi, inanclı vətəndaşların da arzusudur. Elə bir cəmiyyət ki, orada hər bir vətəndaş kimi, onların da bütün haqq və hüquqları təmin olunsun, onlar da Konstitusiyada təsbit edildiyi kimi, öz inanclarını sərbəst ifadə edə bilsinlər, əqidələrinə uyğun sərbəst yaşasınlar. Elə bir cəmiyyət ki, orada, məsələn, heç kəs onları hicablı olduğundan təhsil haqqından məhrum etməsin, bu səbəbdən işdən qovulmasın, yaxud öz gündəlik hicablı görkəmində şəxsiyyət vəsiqəsi ala bilsin və s. Dini ayinlərini yerinə yetirmək üçün, dua mərasimi təşkil etmək üçün, yaxud əlinə qələm alıb dini görüşlərini ifadə edərək, kitab yazıb çap etdirmək üçün kimlərdənsə xüsusi icazə almasın, etiqadı ilə bağlı məsələlərdə bürokratik əngəllərlə üzləşməsin. Elə bir cəmiyyət ki, orada bütün hüquq və azadlıqlar, o cümlədən də din və vicdan azadlığı ən gözəl şəkildə təmin edilsin.

 

Elşən Mustafaoğlu,

fəlsəfə doktoru


 

  • Yazılıb
  • da (də) 2012 Jul 07