Tarix : 2012 Jul 07
Kod 31380

BAKIDA DAHA 50 AİLƏNİN EVİ UÇURULDU

Narazı sakinlər yolu bağlayıb aksiya keçirdi; icra nümayəndələri “heç kim narazı qalamayacaq”, deyərək vəd Verdi
miri/Aran Agentliyi

Xətai rayonu, Babək prospektində (“Bazar Store” marketinin yaxınlığında) 50-ə yaxın ailənin evi söküldü. Ola biləcək bir qarşıdurmanı dərhal aradan qaldırmaq üçün söküntü polis nəzarəti altında aparılırdı. Söküntü olan yerdə, təbii ki, narazılıqlar da var idi. Buna görə, səhər saatlarında yaxınlıqdakı magistral yolu kəsməyə cəhd edən bir qrup sakini mülkü geyimli polislər 2-3 dəqiqənin içində oradan uzaqlaşdırdı. Daha sonra söküntü meydanında yaranan mübahisə təxminən bir saat davam etdi. Biz hadisə yerində olanda isə, icra hakimiyyəti ilə razılaşan bəzi sakinlər bizi “lomla” qarşıladılar. Narazı sakinlərdən öyrəndik ki, icra hakimiyyəti tərəfindən razı salınan vətəndaşlara evlərinin kvadratına görə, 1500 manat kompensasiya verilib.

Evi uçurulan Sakit Məmmədov qəzetimizə açıqlamasında bildirdi ki, onlara 1200 dollar kompensasiya təklif olunub: “Bakı Şəhər İcra hakimiyyətinin nümayəndələri sakinlərlə görüş zamanı bildirdilər ki, evlərimiz bazar qiymətlərinə uyğun dəyərləndirilib. Onlar bizi əmin etdilər ki, lazımı kompensasiyanı alacaqsınız. Evləri sökülən qonşularımıza mənzillərinin hər kvadratına görə, 1500 manat veriblər. Bizə isə, 1200 dollar təklif olunur. Biz səhər aksiya keçirərək buna etirazımızı bildirdik. İmkan verməyəcəyik ki, evlərimizi söksünlər”.

Əraziyə gələn icra nümayəndələri görüşən bəzi sakinlər qəzetimizə bildirdilər ki, qiymət məsələsində razılığa gələ bilməyiblər.

Onu da qeyd edək ki, bir müddət əvvəl bu ərazidə YAP-ın icra katibi, deputat Əli Əhmədovun şəxsi mülkü sökülüb. Ə.Əhmədov onu Xətai Rayon İcra Hakimiyyətinin başçısı olanda tikdirmişdi və sonradan “anlaşma” yolu ilə adıçəkilən Vergilər Nazirliyi yanında Audit Departamentinə və “Terras” restoranına icarəyə vermişdi. Aldığımız məlumata görə, dövlət əhəmiyyətli projeyə görə, YAP-ın icra katibinə yüksək miqdarda kompensasiya verilib.

Söküntüyə rəhbərlik edən icra nümayəndələrində biri qəzetimizə açıqlamasında bildirdi ki, söküntü olan ərazidə park salınacaq. Onlar bildirdilər ki, söküntü ilə bağlı sakinlərə yüksək kompensasiya verilib: “Bazar qiymətinə uyğun evlərin qiymətləndirilməsi aparılıb. Lazımı məbləğ də sakinlərə çatdırılıb. Qalan bir neçə ailə var ki, onlara da istədikləri məbləğ çatdırılacaq. Heç kim narazı qala bilməz. Ərazidə isə park salınacaq. Bakı Şəhər İcra hakimiyyəti tərəfindən salınacaq fontanlı parkın tikintisi bu ayın sonuna kimi başlamalıdır”.

Sakinlərlə icra nümayəndələri arasında davam edən və təxminən iki saat çəkən mübahisənin sonunda ərazidəki evlərin söküntüsünə başlanıldı. Əşyalarını xilas etmək istəyən sakinlərə görə, söküntü prosesi bir müddət dayandırıldı. Sakinlər əşyalarını maşınlara yükləyərək apardılar. Narazı qalanlar bildirdilər ki, qanunsuzluqlarla bağlı ölkə başçısına müraciət edəcəklər.

  • Yazılıb
  • da (də) 2012 Jul 07