Ötən ildən bəri Azərbaycanla İran arasındakı münasibətlərdə gərginliyin dərinləşməsi ekspertlər tərəfindən müxtəlif cür dəyərləndirilməkdədir
/Aran Agentliyi
Ötən ildən bəri Azərbaycanla İran arasındakı münasibətlərdə gərginliyin dərinləşməsi ekspertlər tərəfindən müxtəlif cür dəyərləndirilməkdədir. Bəzi müşahidəçilər münasibətlərin daha da pisləşəcəyini proqnoz edirlər. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu İran-Azərbaycan münasibətlərindəki gərginliyin təhlükəli fazaya daxil olduğunu, tərəflərdən hər hansı birinin geri addım atmayacağı halda hətta Xəzər dənizində və ya iki ölkə arasındakı quru sərhəddə toqquşmaların da mümkün ola biləcəyini bildirib.
Politoloqa görə, Tehran Azərbaycanı təhdid etməkdə davam edir: “Tehran artıq düyməyə basıb və açıq-aşkar Azərbaycanı hədəf götürüb”. E.Şahinoğlu hesab edir ki, rəsmi Bakının hazırda İranla münasibətlərdə üstünlük verdiyi “dişə diş” siyasətindən başqa çıxış yolu qalmayıb. Bunu Azərbaycan hakimiyyətinin yeni İran strategiyası saymaq olar.
Məsələ ilə bağlı politoloq Nadir Əhmədoğlunun fikirlərini öyrəndik. Ekspert E.Şahinoğlunun versiyasını “Əliyev rejiminin təbliğat dalğası” adlandıraraq, əslində gərginliyin kökündə 2013-cü ildə keçiriləcək prezident seçkiləri olduğunu söyləyir: “Əliyev rejimi süni olaraq belə bir görüntü yaradır ki, guya İran Azərbaycana qarşı amansız davranır, ölkəmizi təhdid edir və s. Qərb dövlətlərinə ölkədə guya İran təhlükəsi, İslam təhlükəsi olduğunu göstərməyə çalışır. Süni şəkildə aranı qızışdırır ki, guya Əliyev rejiminin əsas dərdi İrandır. Bununla da 2013-cü ildə Qərb dövlətlərinin dəstəyini qazanıb, yenidən saxta yolla, üçüncü dəfə prezident kürsüsünü qəsb etmək istəyir. Qərb dövlətləri də İrana qarşı “fədakar mübarizə” aparan Əliyevin seçkiləri saxtalaşdırmasına, yenidən prezident olmasına yaşıl işıq yandırsın.”
Politoloqa görə, Əliyev rejimi əvvəllər Misirin sabiq diktator-prezidenti Mübarəkin yolunu gedərək, Qərbi İslam fundamentalizmi ilə qorxuzur. Guya Əliyevlər hakimiyyətdən gedərsə, İran və islamçılar hakimiyyəti alacaqlar: “Lakin bu, cəfəngiyyatdan başqa bir şey deyil. Əvvəla İranın Azərbaycanla bağlı belə bir planı yoxdur. Bunun üçün real şərait də mövcud deyil. Azərbaycanda hakimiyyəti zəbt etmək niyyətində olan islamçı qüvvə yoxdur. Siyasi İslamı təmsil edən yeganə siyasi təşkilat İslam Partiyasıdır ki, onun da hakimiyyəti zorla mənimsəmə kimi planı ümumiyyətlə heç vaxt olmayıb.”
Politoloqa görə, Qərb gözəl bilir ki, Azərbaycanda İslam təhlükəsi yoxdur və İran da gəlib hakimiyyəti devirən deyil. Amma istənilən halda, rejimin ardıcıl təbliğatı nəinki Qərbi, hətta E.Şahinoğlu kimi ekspertləri də inandıra bilib ki, guya Əliyev rejiminə, rəsmi Bakıya İran tərəfindən təhdidlər var: “Sözü gedən təhdidlər nədən ibarətdir? Rəsmi Tehran, İran rəsmiləri harda, nə zaman Azərbaycanı təhdid etdilər? Buna dair bircə misal çəkilə bilərmi? Guya Azərbaycanın da “dişə diş” siyasəti yürütməsi də gülünc doğuran iddiadır. 20 ildir ərazilərinin beşdə biri gücsüz Ermənistanın işğalı altında olan, Qarabağını ermənidən azad etməyə qadir olmayan bir ölkə dünyanın qüdrətli dövlətləri ilə baş-başa gəlib, baş çıxaran İrana nə edə bilər? Əliyev rejimi görüntü yaradır və Şahinoğlular da bunu ciddiyə alır, vəssalam!”.
Ekspert şübhə etmir ki, rəsmi Bakının İranla gərginliyinin pərdəarxasında məhz 2013-cü il prezident seçkilərində Qərbin dəstəyini almaq planı dayanır: “Əliyev nəyin bahasına olursa olsun, yenidən, üçüncü dəfə prezident olmaq niyyətindədir. Hakimiyyət hərisi olub, ölkə sərvətlərini öz şəxsi mülkünə çevirmiş diktatorlar üçün bu, xarakterikdir. Bu yolda artıq müxalifəti də, müxalifyönlü KİV-ləri də, QHT-ləri də pulla ələ alma prosesinə də start verilib. Üzdə müxalifət kimi tanınan mətbuatın da bir hissəsi daxil olmaqla, KİV-lərin böyük bir qismi Prezident Administrasiyası, konkret olaraq Əli Həsənovun təlimatları əsasında iqtidar mətbəxində hazırlanmış “yemin” təbliğatını aparır. Yəni, artıq İlham Əliyevin seçki kampaniyası başlayıb.”
Nadir Əhmədoğlu hesab edir ki, Əliyev rejiminin bu oyununun uğursuzluğa düçar olub-olmayacağı xalqın 2013-cü il seçkilərindəki mövqeyindən asılı olacaq: “Xalq saxta yolla hakimiyyəti zəbt etmiş İlham Əliyevin “respublika” adı altında monarxiya rejimini ədəbiləşdirməsinə imkan verməsə, ayağa qalxıb, səs verdiyi namizədə real dəstək versə, dünya dövlətləri də xalqın iradəsilə hesablaşacaqlar. Yox, əgər xalq 1998, 2003 və 2008-ci ildəki kimi seçki saxtakarlığı ilə barışacaqsa, o zaman Qərb də İlham Əliyevlə hesablaşacaq. Necə ki, indiyə kimi bunu edib. Qərb gəlib xalqın yerinə Əliyevi devirən deyil.”
HaqqYolu
.