Tarix : 2012 Jul 08
Kod 31422

SABUNÇUDA KASIBLARIN OBYEKTLƏRİ DAĞIDILIB

Rayon sakinləri təzə icra başçısının əməlləri haqda yazdılar
miri/Aran Agentliyi

Azərbaycan hakimiyyətinin bir müddət öncə həyata keçirdiyi icra başçılarının “yerdəyişmə” siyasəti fayda vermədi. Paytaxt rayonlarına və bölgələrə təyin olunan icra hakimləri haqda redaksiyamıza yenə çoxsaylı şikayətlər daxil olmağa başlayıb. Bu siyahıya Binəqədidən sonra Sabunçu rayonu əlavə olunub. Oxucularımızdan biri - Əli Hüseynov rayonun Bakıxanov qəsəbəsi sakinləri adından “Yeni Müsavat”a şikayət məktubu göndərib.

Prezidentə xitabən yazılan məktubda qeyd olunur ki, Sabunçunun yeni icra başçısı onlara qan uddurur: “İcra başçısı Adil Vəliyev iki aya yaxındır rayona rəhbər təyin olunub. Gəldiyi gündən sakinlərin lənətini qazanıb. Çünki əhalinin çörəyinə bais olub. O, kasıb-kusubun bir tikə çörəyini çıxardığı yerləri dağıtdırıb.

İnsanları işsiz, qəsəbəni abadlaşdırmaq əvəzinə isə viran qoyub. Nə qədər yaşıl ağacları kəsib məhv ediblər. Hamı bir ağızdan söyləyir ki, Şakir Alıyev dedi qurtardı. Bilmək istərdik icra başçısı Adil Vəliyev olduğu halda Şakir Alıyev niyə bütün işlərə başçılıq edir? Qeyd edək ki, Şakir Alıyev “Sarı gəlin” şadlıq sarayına rəhbərlik edir".

Şikayətçi əlavə edir: “Bildiyimizə görə, həm ”Sarı gəlin" şadlıq sarayı, həm də “Porshe” Bakı Mərkəzi Şakir Alıyevindir. Bu obyektlərin “filialları” Sabunçu Rayon İcra Hakimiyyətində açılıb. Həmin obyektlərdə nə isə sifariş vermək istəsəniz RİH-in binasına təşrif buyurub burada sövdələşə bilərsiniz. Bu obyektlərin bütün işçiləri İH-də qeydiyyata düşmədən ikinci iş yeri kimi fəaliyyət göstərirlər. Keçmiş icra başçısı Əlibaba atasına rəhmət oxudur. Şikayətçilər olaraq ünvanı göstərmirik. Bilirsiniz ki, gəlib bu balaca komamızı başımıza uçuracaqlar".

Sabunçu rəhbərliyi ilə bağlı digər şikayət isə Qarabağ müharibəsi veteranları və əlillərindəndir. Müharibə əlillərindən biri “Azpolitika.com” saytına deyib ki, III Zabrat qəsəbəsində onlar üçün iki 9 mərtəbəli bina tikilib. Binanın birincisi tam hazırdır və veteranların ixtiyarına verilib. İkinci bina hələ də təhvil verilməyib. Veteranın dediyinə görə, ikinci bina da hazırdır: “Sadəcə, əvvəl torpaq verdilər, sonra əlimizdən aldılar. Şikayətimizə baxan yoxdur. Bizim üçün tikilən binanı vermirlər. Kim imkanlıdır ona mənzil verilir”.

Hər iki şikayətdə səslənən ittihamlarla bağlı icra başçısının mövqeyini dinləyib dərc etməyə hazırıq. O cümlədən Bakıxanov qəsəbəsində gedən proseslər haqda qarşıdakı saylarımızın birində reportaj təqdim etməyə çalışacağıq.

  • Yazılıb
  • da (də) 2012 Jul 08