Tarix : 2012 Jul 09
Kod 31442

Azərbaycanda həcc qadağalarını ləğv etmək lazımdır

Artıq neçə ildir ki, Azərbaycanda 2 min nəfərlik zəvvar heyətini Həcc səfərinə monopolist QMİ aparır
/Aran Agentliyi

Artıq neçə ildir ki, Azərbaycanda 2 min nəfərlik zəvvar heyətini Həcc səfərinə monopolist QMİ aparır

HaqqYolu - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) 2012-ci il üçün Həcc ziyarətinə ayırdığı 2 min nəfərlik kvotanın dolmasına 120 yer qalıb. Bu barədə Modern.az saytına QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib.

Qeyd edək ki, bu il zəvvarlar həcc səfərinə yalnız təyyarə ilə gedəcəklər. Qiymətlər isə 3090 manat və 3850 manat olacaq. 3090 manat ödəyənlər 6 nəfərlik, 3850 manat ödəyənlər isə 4 nəfərlik mehmanxana otaqlarında qalacaqlar.

Bu xəbər bir neçə məqama görə, mənə maraqlı gəldi. Əvvəla, aydın olur ki, Azərbaycanda Həcc səfərinə getmək istəyən, hacı olmaq istəyənlərin sayı ilbəil artır. Qiymətlərin bahalaşmasına baxmayaraq (qiymətlər demək olar ki, hər il artır. K.R.) bu il 3 aydan da artıq vaxt qalmasına baxmayaraq artıq yerlərin 95 faizi tutulub. Baxmayaraq ki, Həcc ziyarətinin rəsmən başlayacağı Zilhiccə ayının daxil olmasına 100 gün qalıb. Ziyarət ayı oktyabrın 17-də daxil olacaq.

3 ay əvvəldən kvotanın dolması Azərbaycan insanın dini inancına, müqəddəs ziyarətə münasibətinin göstəricisi sayıla bilər. Doğrudur, kimsə deyə bilər ki, Həcc ziyarətinə gedənlərin böyük qismi sadəcə səfər məqsədi ilə, yaxud da turist kimi gedir, həqiqi inanc adamı az olur və sair. Amma nəzərə almaq lazımdır ki, Hacı titulu bu gün həm dindarlar arasında (“əsas olan imandır” prinsipi ilə), həm də ümumi xalq arasında bəlli səbəblərdən əvvəlki qədər nüfuzlu titul sayılmır. Bu mənada kiminsə sırf “Hacı” adı almaq üçün 3-4 min manat xərcləyib 2 həftəlik səfərə getməsi inandırıcı deyil. Həcc səfərinə turist kimi gedənlər olsa da, indi bu məqsədlə Məkkəyə yollananlar azdır. Bu mənada əvvəlki illərlə müqayisədə bahalaşma olmasına rəğmən Həcc səfərinə getmək istəyənlərin artması müsbət məqamdır.

Eyni zamanda 3 ay əvvəldən Həcc kvotasının dolması başqa bir məsələni gündəmə gətirir. Məsələ burasındadır ki, 3 il əvvələ qədər Azərbaycanda Həcc kvotası 6 min nəfər idi. Yalnız 2009-cu ildə hökumət kvotanı 3 dəfə azaltdı. Qeyd etmək lazımdr ki, dünya ölkələri üçün müsəlmanların sayına əsasən Həcc kvotası mövcuddur və Azərbaycan üçün 6 min nəfərdən çox kvota almaq mümkündür. Bunu Şeyxülislam da dəfələrlə qeyd edib. Yəni tələbat göz önündədir və daha yaxşı olar ki, bu qadağa götürülsün və daha çox insanlar Həccə gedə bilsinlər. Eyni zamanda həcc mövzusunda daha bir mühüm məqam bu sahədə, belə deyək, monopoliyanın ləğv olunmasıdır. Məsələ burasındadır ki, uzun illərdir ki, Azərbaycanda Həcc səfərinin təşkili ilə yalnız rəsmi QMİ məşğul olur. Yalnız 5 il ərzində Səudiyyə Ərəbistanı hakimiyyətinin təşəbbüsü ilə Azərbaycanda özəl ziyarət şirkətlərinə həcc ziyarətinin təşkili ilə bağlı razılıq verildi. Bu dövrdə bir neçə şirkət vasitəsi ilə hər il yüzlərlə insan ziyarətə gedirdi. Bu zaman həm də müsbət mənada ziyarətin təşkili ilə bağlı rəqabət də yaranmışdı. Və şirkətlər daha yaxşı xidmət göstərməklə fərqlənməyə çalışırdılar. Amma 2009-cu ildə hökumət kvotanı 2 min nəfərə endirdikdən sonra QMİ digər şirkətlərin ziyarət hüququnu əlindən aldı. Nəticədə QMİ yenidən Həcc sahəsində monopolist quruma çevrildi. Burada əlavə edim ki, qonşu Türkiyədə Həcc səfərini təşkil edən çoxlu sayda özəl şirkətlər mövcuddur.

Artıq neçə ildir ki, Azərbaycanda 2 min nəfərlik zəvvar heyətini Həcc səfərinə QMİ aparır. Amma bu sahədə digər həvəskar qurumlara şərait yaratmaq, eyni zamanda monopoliyanı ləğv etmək lazımdır. Əvvəla bu, müəyyən mənada rəqabət mühiti yaratmaqla şirkətlərin daha yaxşı xidmət təklif etməsinə səbəb ola bilər. Üstəlik Həcc səfərinin qiymətlərinin ucuz olması və daha çox insanın ziyarətə getməsi imkanlarını artıra bilər.

XeberName.org

  • Yazılıb
  • da (də) 2012 Jul 09