Tarix : 2012 Jul 10
Kod 31478

Azərbaycan üçün “MİSİR DƏRSLƏRİ”

Hazırki İqtidarda Azərbaycanın müstəqilliyinin əleyhinə səs verən şəxslər var
/Aran Agentliyi

 

Yaxın Şərqdəki son proseslər qəddarlığı ilə fərqlənsədə, tarix sübut edir ki, inqilabdan sonra belə proseslər qaçılmaz olur. 84 yaşlı sabiq Misir diktatoru, ölüm yatağında olan Hüsnü Mübarəkin üzərində qurulan məhkəmə prosesi yeni hakimiyyətə gəlmiş insanlar üçün vacib idi. 30 il ölkəyə rəhbərlik eləyən şəxsin üzərində qurulan tragikomik məhkəmə yeni mərhələnin başlanğıcına ümid yaratmaqla yanaşı, eyni zamanda, vaxt udmaq üçün zəruri idi.

Misirdə hər kəs anlayırdı ki, ölkənin problemlərini qısa zaman kəsiyində həll etmək mümkün olmayacaq, xəstə Mübarək üzərində məhkəmə prosesi isə ədalətin bərpası kimi dəyərləndiriləcək. Eyni zamanda, mövcud problemlərin əsas səbəbkarı kimi məhz H.Mübarək klanı göstərildi. Misirdəki son seçkilər zamanı revanş götürmək istəyən keçmiş diktator tərəfdarlarının qarşısı alındı. Ordunun yardımına ümid bağlayan yeni hakimiyyət Misiri keçmiş diktatorla bağlayan hər bir nəsnədən imtina etdi. Yəqin ki, illər sonra Mübarək hamının yadından çıxacaq, demokratik Misirdə onu xatırlayan belə olmayacaq. Vaxtında atılan qətiyyətli addımlar Misiri gələcək arzuolunmaz proseslərdən xilas etdi.

20 il öncə Azərbaycanda da analoji vəziyyət yaranmışdı. Milli demokratik düşərgənin təmsilçiləri hakimiyyətə gəlmişdilər. Lakin 70 il ərzində formalaşan sovet-kommunist sisteminin aparatı yeni hakimiyyətin hər addımını sabotaj etmək gücündə idi. Həmin dövrdə, 70 illik cinayətlərinə görə kommunistlərin cəzalandırılması, müstəqillik əleyhinə mübarizə aparanların məhkəməyə çıxarılması tələb olunsa da, bunlar baş vermədi və son nəticədə müstəqillik düşmənləri demokratiyanı dəfn etməyə müvəffəq oldular. Bu gün müstəqillik uğrunda mübarizə aparanlar, parlamentdə tarixi qərarın lehinə səs verənlərin əksəriyyəti məhrumiyyətlər içərisində yaşayır. İstiqlalçı deputatların, azadlıq müctəhidlərinin bəziləri artıq dünyasını dəyişib, bir hissəsi məcburi mühacirətdə yaşayır, bəziləri isə siyasi əqidələrinə görə yenə də həbsxanalardadırlar. Bu fakt bu dünkü Azərbaycan hakimiyyətinin, keçmiş partnomenklaturanın müstəqilliyə verdiyi dəyər kimi səciyyələndirilə bilər.

Müstəqilliyə Azərbaycan ağır mübarizə və şəhidlərin qanı hesabına nail oldu. Həmin ərəfədə, yəni, 1991-ci ildə bir çox deputatlar Azərbaycanın müstəqillik tələblərini vətənə xəyanət kimi qiymətləndirirdilər. Vətən dedikdə, təbii ki, Azərbaycan deyil, Sovet imperiyası nəzərdə tutulurdu. 18 oktyabrdan əvvəl də bəlli idi ki, Azərbaycan müstəqilliyini əldə edəcək. Bundan bir qədər öncə, 7 mart 1991-ci ildə isə Azərbaycan Ali Soveti SSRİ-nin saxlanılması haqqında referendumun keçirilməsinin lehinə səs verdi. Yalnız 25 nəfərdən ibarət Demblok və Heydər Əliyev bu məsələnin əleyhinə çıxış edərək, başabəla deputatları Azərbaycanın müstəqilliyinə əngəl olmamağa çağırdılar. Bu çağırışa çox az adam qoşuldu. Vurğulayaq ki, Ali Sovetin 354 deputatından 43 nəfəri dövlət müstəqilliyinin lehinə səs veriblər. Sonradan bu mübarizə 18 oktyabrda dövlət müstəqilliyi haqqında konstitusiya aktının hazırlanması ilə başa çatdı. Konstitusiya qanunu maddəsi əvvəlcə bir-bir, sonra isə bütövlükdə səsə qoyuldu. 354 deputatdan cəmi 254 nəfəri sessiyaya qatılaraq müstəqilliklə bağlı səsvermədə iştirak etdilər. 100 deputat isə iclasda iştirak etməməyə üstünlük verdi.

Bu gün Azərbaycanın müstəqilliyinə qovuşduranları sevgi ilə xatırlamaqla yanaşı, müstəqilliyin əleyhdarlarını da xatırlamaq istərdik. Onları bir də xatırlayaq, Azərbaycanın müstəqilliyinin əleyhinə səs verənlər bu şəxslərdir – Arif Rəhimzadə, yenə millət vəkilidir və hakimiyyət tərəfindən qorunur, Yaşar Əliyev yenə də hər cür imtiyazlara malikdir. Abbas Abbasov – Baş nazirin keçmiş birinci müavini, Azərbaycanda onun sözünün qarşısına söz qoya bilən yoxdur. Fikrət Sadıqov – müstəqil Azərbaycanda “Azərkimya” DŞ-nin prezidenti, deputat və s. imtiyazlara sahib olub. Eldar İbrahimov – yenə də MM-in Aqrar Siyasət komitəsinin sədridir. Mixail Zabelin – YAP Siyasi Şurasının əbədi üzvü və “daimi millət vəkili”, xalq artisti Zeynəb Xanlarova, “əbədi millət vəkili”, Hacı Madər Musayev, “əbədi deputat”, nüfuzlu ticarətçi, saysız hesabsız ticarət obyektlərinə malikdir, Həsən Həsənov – keçmiş baş nazir, Macarıstandakı səfir, Azərbaycan hakimiyyətinin “ərköyün” dostu, Əli Həsənov – yenə də Baş nazirin müavini, “Qaçkınkom”un sədridir, Əhməd Əhmədzadə – həmişəki kimi Su və Meliorasiya komitəsinin sədridir və başqaları.

Əgər 1991-ci ildə SSRİ dağılmağa məhkum olmasaydı və yaxud həmin ilin avqust ayında baş verən “QKCP çevrilişi” qalib gəlsəydi, istiqlalçı deputatların taleyinin necə olacağını təxmin etmək elə də çətin deyil. Böyük ehtimalla, müstəqilliyin əleyhinə səs verənlər onları ittiham edən və ölümə məhkum olunmasını tələb edən şəxslər olacaqdı.

Tarix öz sözünü dedi. Müstəqillik tərəfdarlarının ideyaları qalib gəldi. Müstəqillik əleyhdarları çox asanlıqla cildlərini dəyişə və istiqlaldan ən çox məhz onlar bəhrələnə bildilər. Heç bir vicdan əzabı çəkmədən.

Bütün bunlar tam başqa cür də ola bilərdi. Bunun üçün Azərbaycanda kommunist dövrünün bir neçə sanballı nümayəndəsini məhkəmədə oturtmaq və cəzalandırmaq kifayət idi. Həmin şəxslərin hakimiyyət revanşı milli demokratik düşərgəni iflasa yaxınlaşdırmaqla yanaşı, cəmiyyəti zəruri inkişafdan saxladı. Milli demokratik düşərgənin qətiyyətli, o zaman üçün amansız görünəcək addımları olsaydı, tamamilə başqa Azərbaycanda yaşaya bilərdik.

Musavat

  • Yazılıb
  • da (də) 2012 Jul 10