ABŞ-ın klassik meyarlarına görə, Səudiyyə nümayişləri demokratik xalq hərəkatıdır
/Aran Agentliyi
ABŞ-ın klassik meyarlarına görə, Səudiyyə nümayişləri demokratik xalq hərəkatıdır
Səudiyyə Ərəbistanında vəziyyət yenidən gərginləşib. Xalq küçələrə çıxaraq, diktator rejim əleyhinə şüarlar səsləndiriblər. Ölkənin aparıcı din xadimlərindən Ayətullah Şeyx Nimr əl-Nimr Ərəbistanın şərq bölgəsində silahlı hücuma məruz qalaraq qaçırılıb. Verilən məlumata görə, aksiyaların yatırılmasında güc strukturları xüsusi amansızlıq nümayiş etdiriblər və nəticədə ölən və yaralanalar olub.
Ərəb ölkələrində yaşanan üsyanları qiymətləndirən Amerikanın Riyad səfiri Ceyms Smis Səudiyyə Ərəbistanının bölgədəki digər ölkələrdən fərqli olaraq, xalqa söykənən bir rəhbərliyə malik olduğunu söyləyib. Səudiyyə Ərəbistanında dərc olunan “əl-Vətən” qəzetinə açıqlama verən səfiri Ceyms Smis daha sonra deyib: " Səudiyyə Ərəbistanı rəhbərliyi tam mənada populist bir rəhbərlikdir. Buradakı idarəçilər öz xalqlarına bölgənin digər ölkələrindəki idarəçilərin öz xalqlarına olan yaxınlığından daha çox yaxınlığa malikdirlər".
ABŞ səfirinin Səudiyyə rejimi barədə söylədiyi fikirlərə münasibət bildirən politoloq Zərdüşt Əlizadə “Deyerler.org”a bunarı deyib: “Nümayişlərin keçirildiyi bölgədə əsasən şiələr yaşayır. Onların tanınmış din adamlarından birini qətlə yetirib, digərini isə yaralayıblar. Bu səbəbdən xalq küçələrə çıxıb. Amerikanın klassik meyarlarına görə, bu, demokratik xalq hərəkatıdır. Lakin bilirsiz ki, Səudiyyə hakimiyyəti ABŞ-ın strateji müttəfiqidir. ABŞ-ın müsəlman dünyasında ən möhkəm dayağı Səudiyyə Ərəbistanıdır. Bu səbəbdən ABŞ hakimiyyəti və onun səfiri istəməz ki, kral ailəsinə hər hansı xətər toxunsun. Bu səbəbdən belə bir bəyanat verib.
Amerika ümumiyyətlə diktatorları iki yerə bölür. Bir ona sadiq olan diktatorlar, bunlar yaxşı diktatorlardır. Bizimki də buna aiddir. Səudiyyə, Qətər , Küveyt də onlardandır. Bir də ABŞ-a tabe olmayan diktatorlardır ki, bunlar pis diktatorlardır və onlar devrilməlidirlər. Məsələn, İranı belə adlandırırlar. Vaxtilə İslam Kərimov idi, indi gəlib olub yaxşı diktator. ABŞ məsələyə öz mənafeyi baxımından yanaşır. Bu da təbii yanaşmadır. İstənilən dövlət belə meyarlarla məsələlərə yanaşır”. Deyerler