Tarix : 2012 Jul 13
Kod 31539

Hacı İlqar: “Xoş olsun Hacı Vaqifin halına ki, Allah Təala ona əqidəsi uğrunda şəhid olmağı nəsib...

Xəbər verildiyi kimi, hicab məhbusu, həbsdə olan AİP sədr müavini Hacı Vaqif Abdullayev vəfat edib
/Aran Agentliyi

HaqqYolu - Xəbər verildiyi kimi, hicab məhbusu, həbsdə olan AİP sədr müavini Hacı Vaqif Abdullayev vəfat edib. Hazırda Çexiya Respublikasında səfərdə olan DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu hadisə ilə bağlı baş sağlığı verərək, durumla bağlı münasibətini açıqlayıb:

 

"Bismillahir-Rahmənir-Rahim!

 “İnna lillah və İnna İleyhi Racuin!” – “Hamımız Allahdanıq və Allaha tərəf qayıdacağıq!”

 

Əziz Mövlamız (ə.f.) başda olmaqla bütün müsəlman ümmətinə, əziz xalqımıza, inanclılarımıza, dəyərli möminlərə, əziz hicab şəhidi Hacı Vaqif Abdullayevin ailəsinə başsağlığı veririk. Əziz Hacı Vaqifi illərdən bəri tanıyırdıq. Öz boynuna düşən vəzifələrini ixlasla və dərk edərək, Allah dərgahında bəndəlik edirdi. Onu günahsız olaraq zindana salmışdılar.

Bu gün Çexiya paytaxtı Praqa şəhərində bu xəbəri yenicə eşitdik və çox üzüldük. Amma bir məsələyə görə rahatlıq tapırıq. Şəhidlər toplumun oksigenləridir. Bu qanlar, mübarək şəhid qanları toplumda inanclılığı, toplumda nuraniyyəti və mübarizliyi daha da artıracaq. Əslində, xoş olsun Hacı Vaqifin halına ki, Allah-Təala ona əqidəsi uğrunda şəhid olmağı nəsib etdi. Allahdan onun üçün xüsusi rəhmət diləyirik.

Son illərdə inancımıza qarşı, dinimizə qarşı, hicabımıza qarşı başlanan bu ağla sığmayan, məntiqsiz, hər mənada qanunlarla zidd olan, insan haqlarını tapdalayan bir Islamafobiya mərhələsi yaşayırıq. Onlarla əzizimiz həbsdədir, onlarla əzizimiz zindanlardadır. Və biz bu gün onlardan birisinin bu qurbanını qarşılamalıyıq. Mən bir daha bu mövzuda xüsusi olaraq vurğulamaq istəyirəm ki, vətənimiz sovet vaxtı belə, öz dinindən, öz inancından uzaq düşməyib. Bu cür Islamafobik hərəkətlərlə xalqımız dindən uzaqlaşmayacaq. Xalqımız sovet zamanında belə imtahanlar yaşamış xalqdır. Son illərdə baş verənlərlə xalqımızı nə dinindən, nə inancından uzaq salmaq mümkün olmayacaq.

Mən bir daha ölkə məsullarına müraciət edirəm ki, İslamla bağlı, dinlə bağlı, inancla bağlı aparılan bu yanlış siyasəti, bizlərə kənardan, İslamı sevməyənlər tərəfindən sırınan siyasət dayandırılsın. İslamla bağlı yaradılan qadağaları dayandırınız. Həbsə salınan əzizlərimizi azad ediniz. Hamımız bir gün Allaha tərəf qayıdacağıq və Qiyamət günü cavab verəcəyik. Və məsuliyyətimizi hamımız dərk etməliyik.

Ölkənin bütün insan haqları qurumlarına müraciət edirəm: Bu məsələdə hər kəs boynuna düşən vəzifələrini yerinə yetirsin.

Ölkənin bütün siyasi-ictimai çevrələrinə müraciət edirəm ki, bu baş verən faciəyə, bu baş verən müsibətə öz mövqelərini nümayiş etdirsinlər.

İnşallah, səfərdən sonra da həm şəhidimizin anılmasını, həm baş verən bu cinayətlə, bu qanunsuzluqla bağlı hər mənada üzərimizə düşən bütün işləri görəcəyik. Hər birimiz, xalqımızın hər bir üzvü, xüsusən də ruhanilər bu məsələdə boyunlarına düşənləri dərk etməlidirlər. Şəhidimizin yad olunması, minbərlərdən tanıdılması və qeyd olunması hər birimizin üzərinə düşən vəzifədir.

Xalqımızın başı sağ olsun! Məhz belə şəhidlərimizin qanıyla xalqımızın mübarək nurani gələcəyi sığortalanmışdır. Allahdan hər birimiz üçün boynumuza düşən vəzifələri dərk etməyi, Onun mübarək yolunda ən ali, ən uca, mübarək və ruhani şəhadət məqamlarına yetişməyi bizə nəsib eləməsini diləyirəm!

deyerler

Allah rəhmət eləsin!".

  • Yazılıb
  • da (də) 2012 Jul 13