Onun şəhadətinin əsas səbəbi heç bir ittiham olmadan 11 il azadlıqdan məhrum edilməsinə görə aldığı ruhi və mənəvi zərbə idi
/Aran Agentliyi
Azərbaycan İslam Partiyasının sədr müavini Akif Heydərli şəhadətin Hacı Vaqif Abdullayevin arzusu olduğuna işarə edərək deyib: Onun şəhadətinin əsas səbəbi heç bir ittiham olmadan 11 il azadlıqdan məhrum edilməsinə görə aldığı ruhi və mənəvi zərbə idi.
Akif Heydərli qanuna əsasən Hacı Vaqif Abdullayevin ağır xəstə olmasına görə həbsdən azad edilməli olduğuna təkid edərək, deyib: Bu məsələni ört-basdır etmək üçün tibbi analizlərin nəticəsini və Hacı Vaqif Abdullayevə qan xərçəngi diaqnozunun qoyulmasını vəkilindən gizlədiblər.
Azərbaycan Ziyalılar hərəkatının sədri Eldəniz Quliyev də din və etiqad, əxlaq və mənəviyyatın qorunması yolunda bir çox insanların həyatlarını itirdiklərini deyərək, vurğulayıb: Deyirlər ki, Hacı Vaqif xəstəlik üzündən vəfat edib. Amma, zindanın şəraitini nəzərə alaraq, onun şəhid edildiyini demək olar.
İslamçı fəal Rövşən Əhmədli də bütün dindarların və hicab müdafiəçilərinin siyasi qərəzlər əsasında həbs edildiklərini və onların heç bir cinayətə yol vermədiklərini deyərək, əlavə edib: Məhbus islamçı fəallara qarşı qanunsuz olaraq silah və ya narkotik maddə saxlama kimi yalan ittihamlar səsləndiriblər. Amma, Hacı Vaqif Abdullayevi hətta həmin ittihamla belə məhkum edə bilmədilər. Lakin, zindana məhkum etdilər.
O, sözlərinin davamında belə deyib: Bu ki, dövlət məmurları istədikləri vaxt istədikləri adamı istədikləri formada məhv edirlər, bu son dərəcə dəhşətli haldır. Və buradan da aydın olur ki, Azərbaycan ciddi islahatlara ehtiyaclıdır.
Rövşən Əhmədli AİP-in sədr müavinini mənəvi terrorun qurbanı adlandırıb və deyib: Hacı Vaqif Abdullayev öz əqidəsini müdafiə yolunda məzlumcasına şəhid edildi.
Qeyd etmək lazımdır ki, Vaqif Abdullayev 2011-ci ilin yanvarında hicab qadağası ilə müxalifət etməsinə görə 11 il müddətinə azadlıqdan məhrum edildi. Halbuki, ona qarşı səsləndirilən ittihamların heç biri məhkəmədə öz təsdiqini tapmamışdı.
AİP-in sədr müavini İslam dəyərlərini müdafiə uğrunda apardığı uzun mübarizələrin ardınca cümə axşamı günü həbsdə şəhid oldu və ölümünün səbəbi ürəyinin dayanması elan edildi.
Onun bir neçə həftə öncə səhhətinin ağırlaşması ilə insan haqları müdafiəçiləri əlaqədar orqanlardan qanuna əsasən Hacı Vaqif Abdullayevin azadlığa buraxılmasını istədilər. Amma, əlaqədar orqanlar bu qanuna əməl etməkdən çəkinərək, onun şəhid olmasına bais oldular.
Bu böyük mübarizin dəfn mərasimi yüzlərlə nəfərin iştirakı ilə Bakının Hovsan qəsəbəsində keçirildi.