İslami oyanış şəhidlərinin analarının təqdir olunması mərasimində Qarabağ şəhidlərindən birinin anası təqdir olundu
  g/arannews
AranNews - Mənbəmizin məlumatına əsasən, bir neçə gün bundan öncə başa çatan "Qadın və İslami Oyanış" beynəlxalq konfransı öz əsas mövzusundan əlavə müxtəlif ölkələrin problemləri ilə tanış olmaq üçün qənimətli fürsət idi. Konfransa qatılan azərbaycanlı müsəlmanlar da fürsətdən istifadə edərək Qarabağ mövzusunu önə çəkdilər. Azərbaycan İslam Partiyasının sədri doktor Mövsüm Səmədovun həyat yoldaşı xanım Mehparə Səmədova İslam İnqilabının Ali Rəhbərinin iştirak etdiyi iclasda çıxış etməyə fürsət tapmışdı. O öz çıxışında Azərbaycan Respublikasının torpaqlarının 20 faizinin işğal olunmasına toxunaraq deyib: "Artıq neçə illərdir ki, Qarabağ sakinləri öz yurd-yuvalarından qovulmuşdur və öz ata-baba yurdlarına qayıtmağın həsrətini çəkirlər. Amma Qarabağ hələ də İslam dünyasının torpaqlarının bir hissəsi olaraq işğal altında qalmaqdadır".
 
Mehbarə xanım Ali Məqamlı Rəhbərə xitab edərək deyib: "Bizim hamımızın ümidi sizədir və ümidvarıq ki, qabaqlar da Qarabağı İslam dünyasının bir hissəsi adlandırdığınız kimi eləcə də onun azad olunası yolunda bizim hidayətçimiz olasınız".
 
 Ali Məqamlı Rəhbərlə görüşündən sevinən Mehparə xanım öz çıxışının sonunda Qarabağın azad olması üçün dua etdi.
 
 AİP sədrinin həyat yoldaşı tərəfindən Qarabağ mövzusunun önə çəkilməsindən əlavə, islami oyanış şəhidlərinin analarının təqdir olunması mərasimində Qarabağ şəhidlərindən birinin anası təqdir olundu və azərbaycanlı qadınların dəyərli rolu, əsasən də Qarabağ məsələsinin unudulmaması yolundakı vəzifələrinə təkid olundu.
 
Qeyd edək ki, azərbaycanlı islamçılar həmişə Qarabağın azad olunmasına çalışıblar və bütün beynəlxalq iclaslarda Qarabağ mövzusunu önə çəkiblər.