Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Vaqif Abdullayevin ölümü ilə bağlı ekspertiza rəyi açıqlanıb
  /Aran Agentliyi
Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Vaqif Abdullayevin ölümü ilə bağlı ekspertiza rəyi açıqlanıb
 
Bu barədə SalamNews-a AİP-in mətbuat xidmətinin rəhbəri Hacı Akif Heydərli məlumat verib.
 
O deyib ki, Nizami Rayon Məhkəmə Tibbi Ekspertizasının verdiyi rəyə görə, Vaqif Abdullayev qan xərçəngindən vəfat edib.
 
Xatırladaq ki, iyulun 12-də Penitensiar Xidmətin xəstəxanasında vəfat edən Vaqif Abdullayev 2011-ci ilin yanvarın 7-də yol polisi tərəfindən saxlanılıb və barəsində Nərimanov rayon məhkəməsi tərəfindən 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Daha sonra barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 228.3 və 278-ci maddələri üzrə istintaqa cəlb olunub. Bakı Ağır Cinayətlər məhkəməsinin 7 oktyabr 2011–ci il tarixli hökmü ilə Vaqif Abdullayev 11 il müddətinə azadlıqdan məhrum edilib. AİP funksionerinin apellyasiya şikayəti təmin olunmayıb.
 
Qeyd edək ki, Vaqif Abdullayev 1951-ildə Masallıda anadan olub. Orta təhsilini doğulduğu rayonda alıb. 1969-1971-ci illərdə hərbi xidmət keçib. Bir neçə il fəhlə kimi çalışıb, sonra Leninqrad (Sankt-Peterburq) şəhərinə köçüb. Leninqrad Yüngül Sənaye İnstitutunda pedaqoq kimi fəaliyyət göstərib. 1990-cı illərdə Azərbaycana qayıdan Vaqif Abdullayev Hacı Zeynalabdin Tağıyev adına kombinatda rəhbər vəzifədə çalışıb. 1991-ci ildə Sovet İttifaqı Kommunist Partiyası biletini ictimaiyyət qarşısında yandırdığına görə təzyiqlərə məruz qalıb. Siyasi fəaliyyətə 1993-cü ildə Azərbaycan İslam Partiyasının sıralarında başlayıb.
 
islamazeri.az