Tarix : 2012 Jul 19
Kod 31678

HAKİMİYYƏT MƏSCİDLƏRDƏ CÜMƏ XÜTBƏLƏRİNİ NƏZARƏTƏ GÖTÜRDÜ

Xütbələr QMİ tərəfindən hazırlanacaq; Şeyx və komitə sədrindən ilginc açıqlamalar
/Aran Agentliyi

APA-nın verdiyi məlumata görə, Qazılar Şurasının toplantısında bildirilib ki, Ramazan ayının ilk günü miladi təqvimi ilə iyulun 21-nə təsadüf edir. İyulun 20-si isə niyyət gecəsidir. Ayın görünməsindən asılı olaraq Ramazan - fitrə bayramı miladi təqvimi ilə avqustun 19-u və ya 20-nə düşür. Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayında hamını səbirli olmağa və Allah yolunda xeyirxah işlər görməyə dəvət edib. Qeyd edək ki, bu il əhya gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə və 26-dan 27-nə keçən gecələrinə təsadüf edir. Bu günlərə birinin (əsasən də sonuncunun) Qədr gecəsi olması ehtimalı böyükdür.

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası orucluq ibadətinin - Ramazan ayının başlanması ilə bağlı fitva verib.

Ramazan ayında oruc tutmağın şərtləri var və bu şərtlərə riayət edilməlidir. Bu ay daha çox Quran oxumaq, mərhəmət etmək, heç kəsin qəlbini sındırmamaq lazımdır”. Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında çıxışı zamanı deyib.

Şeyxülislam Hacı Allahşükür Paşazadə tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovun da iştirak etdiyini nəzərə çatdırıb: “Dövlət Komitəsinin rəhbərliyinə kimin təyin edilməsi dövlət işidir. Ancaq Elşad İsgəndərovu tanıyıram. Öz millətini sevən bir insandır. Dövlət başçısı ona səfir statusu verdi, İslam Konfransı Təşkilatında gənclərlə bağlı böyük işlər gördü. Hamımız onu təbrik edirik”.

QMİ sədri ölkəmizi kənardan qarışdırmaq istəyən çoxlu qüvvələrin olduğunu deyib: “Şimalda da, cənubda da belə qüvvələr var. Bəziləri istəyirlər ki, baş verən hadisələri siyasiləşdirsinlər. Biz birlikdə işləyəcəyik. Prezident İlham Əliyev bizə dayaqdır. Təki din, tolerantlıq məsələsində birgə işlər görək. Azərbaycançılığa, dinə qarşı hərəkətlərə Qafqaz Müsəlmanları İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə çalışacağıq”.

Allahşükür Paşazadə qeyd edib ki, şiə və sünni məzhəbləri bir-birinə düşmən deyil: “Bunların hər birinin hüquqları var və onların hüquqlarının yerinə yetirilməsinə imkan yaratmaq lazımdır. Şiələri məcbur etmək lazım deyil ki, sən belə etməlisən. Eyni zamanda şiə məzhəbindən olanlar sünni məzhəbinə təsir göstərməməlidir ki, bunu belə et. Hamının Allahı birdir”.

Biz dini məsələlərə müdaxilə edə bilmərik, amma axund və qazıların fəaliyyətindən böyük gözləntilər var”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov toplantıda çıxışı zamanı belə deyib.

O bildirib ki, cəmiyyətdə din, milli mədəniyyət sahəsində maarifləndirmə işləri aparılmalıdır: “Din xadimləri ixtilaf doğuran məsələlərdən yayınmalıdır. Niyyət pis olanda mübahisə açılır. Din sahəsində də milli birliyimiz, vəhdətimiz qorunmalıdır. Dövlət millətçi, vətənpərvər vətəndaşın yetişdirilməsində maraqlıdır. Din də o cümlədən. Biz həyatını istənilən an torpağımız uğrunda canını fəda verməyə hazır gənc hazırlamaq istəyiriksə, bu məsələləri nəzərə almalıyıq”.

Dövlət Komitəsinin sədri Ramazan ayında ilk növbədə şəhid və qazi ailələrinin ehtiyacları ilə maraqlanılmasını zəruri sayıb: “Biz bu ay əsas məqamı nəzərdən qaçırmamalıyıq. Söhbət nəfslə mübarizədən gedir. Biz peyğəmbərimizin həyatından bilirik ki, hətta din düşmən olan insanlara da yumşaq, tolerant yanaşılmalıdır. Bu yanaşma radikal gənclərə tövsiyə edilməlidir. Mən daha yaxşı müsəlmanam, sənin namazın səhv, mənim namazım düzdür yanaşması da yanlışdır. Məsələlər peyğəmbərimizin qoyduğu yolla, üslubla çatdırılmalıdır. Dövlət də əxlaqlı, mənəvi, mərd, vətənpərvər vətəndaşın yetişdirilməsində maraqlıdır və din də bunu tələb edir. Ona görə də Qafqaz Müsəlmanları İdarəsi ilə aramızda əlaqələr olmalıdır. Bəzən yerlərdən Dövlət Komitəsinin nümayəndələri bizə bildirirlər ki, bu cür ünsiyyət qurulmur. Əlaqə saxlanılmalıdır. Bu gün Azərbaycanda elə siyasi partiya, dövlət qurumu tapmaq olmaz ki, həftədə bir dəfə, cümə günü on minlərlə insana xitab etsin. Bu xitabda Azərbaycanın maraqları, milli dəyərləri əsas olmalıdır. Ona görə də mən şadam ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən xüsusi xütbə hazırlanacaq. Bu, həm də insanlardan gələn bir tələbdir. Bir ölkənin vətəndaşı ölkənin bir məscidindən digər məscidinə gedəndə fərqli fikirlər eşitməməlidir”.

Qeyd edək ki, toplantında Şeyx deyib ki, məscidlərdə oxunması üçün QMİ tərəfindən xüsusi xütbələr hazırlanır.

QMİ sədri bildirib ki, məscidlərdə bu xütbələrə uyğun moizələr oxunmalıdır: “Din xadimlərimiz də hər ay bununla bağlı uyğun hesabatlar verəcəklər”.

Qeyd edək ki, xüsusilə “ərəb baharının” xalqın qələbəsi ilə yekunlaşdığı ölkələrdə -Tunis, Misir və Liviyada Cümə xütbələrinin ciddi əhəmiyyəti üzə çıxıb. Hazırda Suriyada da Əsəd rejiminə qarşı əsas təşkilatlanma və xalqı mübarizəyə çağırışlar Cümə xütbələri zamanı olur. Bu mənada Azərbaycandakı məscidlərdə də xütbələrin vahid mərkəzdən idarə edilməsinin səbəblərini başa düşmək olar.

musavat

  • Yazılıb
  • da (də) 2012 Jul 19