Cənubi Qafqaz hüquq müdafiəçiləri Federasiyası Azərbaycan bölməsi Hacı Vaqifin faciəli vəfatı ilə bağlı bəyanat vermişdir
/Aran Agentliyi
Səhər TV--Cənubi Qafqaz hüquq müdafiəçiləri Federasiyası Azərbaycan bölməsi Hacı Vaqifin faciəli vəfatı ilə bağlı bəyanat vermişdir. Bəyanatda bildirilir: "İyulun 12-də Azərbaycan İslam Partiyasının 61 yaşlı sədr müavini Hacı Vaqif Abdullayevin həbsxanada vəfat etməsi və ağır xəstəlikləri ilə əlaqədar azadlığa buraxılmaması Cənubi Qafqaz Hüquq müdafiəçiləri Federasiyasının Azərbaycan bölməsini ciddi narahat edir və kəskin etiraz doğurur.
həmçinin Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) Azərbaycan İslam Partiyasının sədr müavini Hacı Vaqif Abdullayevin faciəli vəfatı ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: “Biz hesab edirik ki, Vaqif Abdullayev öz baxışlarına görə təqibə məruz qalıb və qeyri-obyektiv keçirilən məhkəmənin əsassız, qeyri-hüquqi hökmü ilə uzun müddətə azadlıqdan məhrum edilib. Cəzaçəkmə müəssisələrində xəstəliyinin şiddətlənməsinə baxmayaraq Vaqif Abdullayev ciddi həkim nəzarəti və müalicə ilə təmin edilməyib. Xəstəliyinin son dərəcə şiddətlənməsi mərhələsində belə Vaqif Abdullayevin xilası üçün zəruri addımlar atılmayıb. Bütün bunların nəticəsində Vaqif Abdullayev zindanda dünyasını dəyişib". DEVAMM Vaqif Abdullayevə qarşı bu cür davranışı qəti pisləyir, onun ölümündə günahkar olanların aşkarlanıb məsuliyyətə alınmasını tələb edir.
Vaqif Abdullayev siyasi fəaliyyətə 1993-cü ildə Azərbaycan İslam Partiyasının sıralarında başlayıb. 1998-ci ildən AİP-də təşkilati məsələlər üzrə sədr müavini olub. Ölkə boyu hicab qadağasına etirazlar və həbslərin ardınca , Vaqif Abdullayev də 2011-ci ilin yanvarında tutulub, ağır cinayətlərdə ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilən Vaqif Abdullayev 2012-ci il iyulun 12-də Bakıda, Pentensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsində dünyasını dəyişib. Onun qan xərçəngindən öldüyü ehtimal olunur.
Qeyd edək ki, 1993-cü ilin iyulundan “Beynəlxalq Amnistiya” təşkilatının kriteriyalarına görə siyasi məhbus hesab edilə bilən 55 nəfərə yaxın məhbus Azərbaycan həbsxanalarında, 10 nəfərə kimi siyasi məhbus isə həbsxanada tututlduqları ağır xəstəliklər nəticəsində azadlığa çıxdıqdan az bir müddət sonra vəfat etmişlər.