Tarix : 2012 Jul 22
Kod 31722

Ramazan ayı tövsiyələri - Elşən Mustafaoğlu

Artıq mübarək Ramazan ayını yaşayırıq. Allaha şükürlər olsun ki, bu ayı yenidən yaşamağı bizlərə nəsib etdi
/Aran Agentliyi

HaqqYolu - Artıq mübarək Ramazan ayını yaşayırıq. Allaha şükürlər olsun ki, bu ayı yenidən yaşamağı bizlərə nəsib etdi. Dünyanın istənilən məkanında yaşayan müsəlmanlar bu İlahi ziyafətə var qüvvəsi ilə hazırlaşır və onun bərəkətindən lazımınca bəhrələnməyə çalışır. Azərbaycanımızda da bu mübarək Allah ayını hər kəs böyük sevinclə qarşılayır.

İlahiyyatçı alim, "Mənəvi saflıq" İB rəhbəri Elşən Mustafaoğlu Ramazan ayının gəlişi ilə bağlı fikirlərini Deyerler.Org-la bölüşüb:

"Əvvəla möhtərəm oxucuları, əziz xalqımızı, bütün müsəlmanları bu mübarək ay münasibətilə təbrik etmək istərdim. Mübarək Ramazan ayı son İlahi vəhylər toplusu olan, İlahi Mənəviyyat Qanunlarını bizə bəyan edən Qurani-Kərimin nazil olduğu bir aydır. Rəbbimizin buyruğu ilə inanclı insanlar Quranın nazil olduğu ayı xüsusi bir şövqlə, xüsusi bir ibadətlə - oruc tutmaqla qarşılayırlar. Bununla nəfsani istəklərə qarşı mücadilə aparıb, mənəvi-ruhani gücü ilə fiziki tələbatlar üzərində qələbə çalmağa doğru addım atırlar. Bu, iman və təqvanın dünyaya bağlılıq üzərində qələbəsinə aparan ilahi bir yoldur. Öz nəfsi üzərində qələbə çalmağı bacarmayan insan həyatda hər şey və hər kəs qarşısında məğlub olar! Zahirən qalib kimi görsənsə belə.

Ramazan ayının hər bir günü Allaha doğru yüksələn bir pillədir. Ramazanın hər bir gününü arxada qoymuş insan Rəbbinə doğru bir pillə də yaxınlaşır, ülviliyə doğru yüksəlir. Çalışaq ki, inşallah, bu pillələri müvəffəqiyyətlə qalxıb, ayın sonunda Allaha 30 pillə daha yaxınlaşmış ola bilək. Əlbəttə, bunu şərti olaraq, məcazi olaraq deyirik, amma həqiqət budur ki, bu bir mənəvi yüksəlişdir. İxlasla, sədaqətlə, səmimi niyyətlə - Allaha yaxınlaşma məqsədilə həyata keçirilən bu ibadət bizi dünya hərisliyindən, dünya zəncirlərindən azad etməyə qadirdir. Allaha doğru yaxınlaşmanın qarşısını kəsən hər bir işdən aralanaq. Səmimi qəlbdən tövbə edib, Allaha sarılaq, Ona sığınaq, Ondan bərk tutub, şərəfli həyat yolumuzu davam edək. Allah adamı olaraq! Saflaşaraq, təmizlənərək, ülviləşərək

Bu ay – mənəvi tərbiyə məktəbidir. Mənəvi saflıq ayıdır. Bu ayda toplayacağımız mənəvi enerjini digər 11 ayda bol-bol sərf edə bilmək üçün, Ramazan ayının hər anından faydalanmağa çalışaq. Gözəl işlər görməklə, insanlara yardım etməklə, yaxınları, xəstələri, yaşlıları, yetimləri ziyarət etməklə. İmkansızlara yardım əli uzatmaqla. Elm öyrənib, öyrətməklə. Özümüz düz olub, ətrafımızı düzəltməyə çalışmaqla

Bu ay – Quranın nazil olduğu aydır. Quran bizlərə dünya və axirət səadətinin yolunu göstərir. Ayın fəziləti məhz bununla bağlıdır. Qurana sarılaq, bu ayda onu yalnız gözümüzlə deyil, əqlimizlə, ruhumuzla və əməllərimizlə oxuyaq. Oruc olduğumuz dodağımızın quru olmasında deyil, əməllərimizin gözəlliyindən hiss olunsun. Və bu ay bitdikdə bu mənəvi alışqanlıq həyatımıza büs-bütün hopsun.

Allah bu mübarək ayın ilahi nurunu həyatımızdan əskik etməsin. Allah oruc-ibadətlərimizi və Ona doğru yönələn bütün saf dualarımızı-diləklərimizi qəbul buyursun!" 

 

 

  • Yazılıb
  • da (də) 2012 Jul 22