/Aran Agentliyi
HaqqYolu - Rusiya ilə münasibətləri yaxşılaşdırmaq, fürsət düşdükcə Qərbin haqlı iradlarını Kremlə sığınmaqla şantaj edən Azərbaycan hakimiyyəti növbəti dəfə Moskvanın tərs üzüylə qarşılaşıb. Rusiya Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçıların keçirdiyi qondarma seçkiyə dolayısı yolla dəstək verib.
 
Xarici İşlər Naziriyinin sözçüsü Aleksandr Lukaşeviç bildirib ki, Moskva Dağlıq Qarabağ probleminin həlli ilə bağlı sülh danışıqlarının nəticələrinin orada keçirilən “seçkilər”dən asılı olacağını düşünmür. Lukaşeviç Rusiyanın Dağlıq Qarabağ probleminin BMT və ATƏT-in qəbul etdiyi sənədlər əsasında, siyasi-diplomatik yolla həllini dəstəklədiyini deyib.
 
Əlavə edək ki, Azərbaycan hakimiyyətinin düşmən elan etdiyi, “erməni lobbisinin sifarişi ilə işləməkdə” günahlandırdığı Avropa Birliyi və NATO kimi nüfuzlu beynəlxalq təşkilatlar Qarabağ ərazisində keçirilən “seçkiləri” tanımadıqlarını açıq şəkildə bəyan ediblər. Qərbyönümlü institutlar qondarma seçkilərin münaqişənin həlli prosesinə ziddi olduğunu və danışıqlar mərhələsinə zərbə vurduğunu bildiriblər.
 
Ancaq göründüyü kimi Azərbaycan hakimiyyətinin “dost” və “qardaş” elan etdiyi, yüksək vəzifəli rəsmilərinin ölkəmizə səfəri zamanı onlara ən ali mküafatlar, orden və medallar payladığı Rusiya ənənəsinə sadiq qalaraq Ermənistanın maraqlarına uyğun mövqe sərgiləyib. Qərb və qərbmeylli beynəlxalq təşkilatlar “seçkilər”in problemin həlli prosesinə zərbə vuracağını bildirdiyi halda, Moskva bunun əksini deyir. Bu Rusiyanın qondarma respublikada keçirilən “seçkilər”ə dolayı yolla dəstəyi kimi də başa düşülməlidir.