Cümə namazının azanı səsləndikdən dərhal sonra mömin və möminələr cümə xütbələrini dinlədilər
  /Aran Agentliyi
 20 iyul 2012-ci il tarixində İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun imamlığı  ilə möminlər və möminələr növbəti cümə namazını qıldılar. Cümə namazının azanı səsləndikdən dərhal sonra mömin və möminələr cümə xütbələrini dinlədilər.
 
Cümə  xütbələrinin ilkində cümə xətibi, ilk olaraq özünə  və sonra cümə namazı iştirakçılarına İlahi təqvaya riayət etməyi tövsiyə etdi. Bu işdə Allahdan tofiqat diləyən xətib, mübarək Ramazan ayının astanasında olduğumuzu xatırlatdı. Bu mübarək aydan  bağışlanmış halda çıxmağımız üçün dua etdi.
 
Sonra Hacı İlqar İslam Peyğəmbərindən (s) mübarək bir buyuruşu  xatırlatdı:  “Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz”.
 
Hədisi şərh edən Hacı İlqar, mübarək kəlamda deyilən nöqtələri belə izah etdi: “Artıq Ramazan ayı ərəfəsindəyik. Bu mübarək ay - özümüzü düzəlmək üçün gözəl bir fürsətdir. Elə bir aya daxil oluruq ki, bütün dualar qəbul olar.  Allah Təala Özü bizi çağırıb. Özü səmanı acıb. Yəni hacətləri qəbul etmə qapıları bizim üzümüzə açıqdır. Və son gecəyədək də bağlanmayacaq. Əsl düzəlməyin, paklanmağın vaxtıdır. Topluma, ətrafımızdakılara deyə bilmədiklərimizi, düzəldə bilmədiklərimizi bu ayda düzəltmək daha asandır. Toplum bu ayda daha hazır olur. 
 
İslam ariflərinin ayla bağlı tövsiyələri vardır. Qeyd edilir ki, səy edək ki, ay başlayanda mənəvi və ruhani halət ki, Ramazan ayının sayəsində insanda hasil olur,  onu bir müddət saxlaya bilək. Əlbəttə həddən artıq özümüzü sıxmamaq şərti ilə.
 
Yəni dəyərli alimlərimiz hətta ayın verdiyi ruhani və mənəvi ab-havanı, haləti saxlamağın da özünütərbiyədə mühüm  olduğunu qeyd edirlər”. 
 
İkinci xütbədə ilk öncə müsəlmanlar üçün Uca Rəbdən bağışlanma və əfv diləyən xətib, özünə və hər kəsə İlahi təqvaya riayət etməyi tövsiyə etdi. Xətib israrla vurğuladı ki, əgər İlahi təqva olmasa, insanın həyatı tamamən mənadan məhrum olan bir nəsnəyə çevrilər.
 
Xütbənin davamında dünyada və ölkədə  baş verən hadisələrə  toxunan xətib, zindanda şəhid olan Hacı Vaqif Abdullayevdən danışdı. “Xalqımızı təbrik etmək lazımdır ki, şəhid vermək potensialını itirməyib. Allah Hacı Vaqifə rəhmət eləsin. Şəhidlər şəhadətləri ilə toplumu diri saxlayırlar. Şəhid qanı topluma vücudi dirilmə verir. Ancaq təəssüflər olsun ki, ölkə ictimaiyyətində zindanda şəhid olmuş insana qarşı yanaşma heç də qənaətbəxş deyil. Biz hicab şəhidi Hacı Vaqifin xatirəsinin yaşanması üçün əlimizdən gələni edəciyik”. 
 
Sonra xətib xütbəsinə davam edərək, son günlərdə məscidlərdə vahid xütbə təşəbbüsünə münasibət bildirdi: “Hələ ki, başa düşülmür nə istənilir. Xütbə xətibin daxili hisslərinin təcəssümüdür. Buna görə mənəvi məsuliyyət daşıyır. Bunu sifarişlə və ya hazır şəkildə oxuması başadüşülən hal deyil. Üstəlik, azanlarla bağlı da heç bir əsası olmayan fikirlər səslənir. Vahid azan vaxtlarının hazırlanmasından söhbət gedir. Bəzilərinin azanı 6 dəqiqə əvvələ çəkilsə və bu cədvələ əməl etsələr, bir qisim insan orucunu tez açılmış olacaq. Bəs bunun İlahi dərgahda məsuliyyətini kim daşıyacaq?
 
Ölkədə müxtəlif hüquqi məktəblər var və hər kəs öz alimlərinin rəyləri ilə orucunu tutur, azan vaxtlarını müəyyən edir. Buna müdaxilə edilməməlidir və zatən praktiki baxımdan müdaxilə etmək mümkün də deyil”.
 
Sonda xətib Ramazan ayının maarifçilik baxımından geniş imkanların olduğunu bildirdi. Özümüzü və ətrafımızı düzəltmək üçün bütün fürsətlərin yarandığını və sadəcə bizim addım atmağımızın gözləndiyini dedi.
 
Xütbələr yekunlaşdıqdan sonra Hacı İlqar İbrahimoğlunun imamlığı  ilə mömin və möminələr cümə namazını qılmış, zikrlər, dualar etmiş, salavatlar zikr etmiş, sonda “Fərəc” duasını oxumuşlar.
 
deyerler.org