Tarix : 2012 Jul 22
Kod 31727

HİCAB ŞƏHİDİ HACI VAQİFİ DƏ YAD EDİNİZ

Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadə Tatarıstanın din xadimlərinə qarşı cinayəti müqəddəs dinə kobud qəsd kimi qiymətləndirib
/Aran Agentliyi

Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadə Tatarıstanın din xadimlərinə qarşı cinayəti müqəddəs dinə kobud qəsd kimi qiymətləndirib. “Trend”in məlumatına görə, bu barədə QMİ sədrinin Tatarıstan prezidenti Rüstəm Minnixanova ünvanladığı məktubda deyilir.

"Tatarıstanın hörmətli din xadimi Vəliyulla Yakubovun qətli haqqında faciəli xəbər bizim ürəklərimizdə dərin kədər oyatdı. Biz bu cinayəti müqəddəs dinimizə, onun hacı Vəliyulla kimi görkəmli xadimlərinə qarşı kobud qəsd kimi qiymətləndiririk. Lakin İslamın düşmənləri, xalqlarımızın düşmənləri bilməlidirlər ki, heç bir təhdid bizi haqq yolundan, Allaha və xalqlarımıza həqiqi xidmətdən döndərə bilməz. Əminəm ki, müqəddəs Ramazan ayı ərəfəsində bu iyrənc pisliyi etmiş cinayətkarları Allah cəzalandıracaq və onlar layiqli cəzalarını alacaqlar", - məktubda deyilir.

QMİ sədri bütün müsəlmanlar, Azərbaycanın xalqı adından Tatarıstan prezidentinə, bütün tatar xalqına, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.

"Tatarıstanın görkəmli din xadiminə, respublikanın müftisi həzrət İldus Fayzova qarşı qorxunc sui-qəsd haqqında xəbər də bizi sarsıtdı. İslamın ənənəvi dəyərlərinin möhkəmləndirilməsi işinə böyük töhfəsini verən əziz qardaşımızın çox tezliklə sağalması üçün dua edirik", - məktubda deyilir.

Hörmətli Paşazadə cənabları, mən sizin bu cür davranışınızı təqdirəlayiq hesab edirəm. Hesab edirəm ki, İslam davranışları və dəyərləri bunu tələb edir. Amma eyni münasibətin, mövqeyin bizim ölkəmizdə də bəyan edilməməsi məndə xeyli suallar doğurur. Əcaba, nədən xarici ölkələrə bu qədər diqqətli olan cənabınız, ölkəmizdə inanclı kəsimə qarşı baş verən hadisələri ən yaxşı halda sükutla qarşılayır?!

"İnna lilləh və innə iləyhi raciun" - "Allahdan gəldik və dönüşümüz də Onadır". Bu yaxınlarda hicab şəhidi Hacı Vaqif Abdullayev həbsxanada şəhadətə yetişdi. O, Allahın ən bəyəndiyi tərzdə, əqidəsi uğrunda dünyadan köçdü. Nə xoş Hacı Vaqifin halına. Burada, düz gözümüzün qarşısında yaşlı, fiziki olaraq xəstə bir insan dünyadan köçdü. Amma Siz, Hacı Vaqifin şəhadətə çatması ilə bağlı ən neytral şəkildə də belə olsa, heç olmasa başsağlığı vermədiniz. Doğrudur, bunun Hacı Vaqifə nə təsiri olacaqdı ki?! Çünki yuxarıda qeyd etdiyim kimi, o, Allahın ən bəyəndiyi tərzdə dünyadan köçdü. Bəs biz? Axı bizim dönüşümüz mübarək ayədə deyildiyi kimi Onadır. O zaman bu məmləkətin məzlum inanclılarının başına gələnlərə görə məsuliyyət daşıyan bir şəxs olaraq nə cavab verəcəksiniz?

"Ənkəbut" surəsinin 56-cı ayəsində Allah bizə buyurur: "Bütün insanlar ölümü dadacaq, sonra isə Bizə tərəf qayıdacaqlar". Bəli, heç bir şübhə olmayan müqəddəs Qurani-Kərim bizlərə davamlı olaraq Allah dərgahına qayıdacağımızı və etdiklərimiz müqabilində cavab verəcəyimizi yada salır. Özü də ölümü dadacaq şəxslərə xüsusi bir istisna da qoymur.

Siz öz məktubunuzda Tatarıstanın din adamının ölümü haqda deyirsiniz ki, onun faciəli ölümü sizin ürəyinizdə dərin kədər yaradıb. Məgər Hacı Vaqifin şəhadəti sizi bu cür hüznə qərq etmədimi?! İnanmaq istəyirəm ki, əziz şəhidimizin də dünyadan köçməsi sizdə hüznə, kədərə səbəb oldu. O zaman nə üçün heç olmasa, "Allah sənə rəhmət eləsin, Hacı Vaqif!" demədiniz? Həmçinin məktubunuzda əminliklə qeyd edirsiniz ki, müqəddəs Ramazan ayı ərəfəsində bu iyrənc pisliyi etmiş cinayətkarları Allah cəzalandıracaq və onlar layiqli cəzalarını alacaqlar. Bu fikrinizə də qəti şübhəm yoxdur. Amma biz özümüz də Allah qarşısında əməllərimizə görə cavab verəcəyik. Elə Hacı Vaqifin  şəhadətində də məsuliyyəti olan hər kəs cavab verəcək.

Məktubunuzun sonunda Tatarıstanın müftisi İldus Fayzova sui-qəsd edilməsindən sarsıldığınızı  və onun tezliklə sağalması üçün dualar etdiyinizi qeyd edirsiniz. Mən də bu dualara qoşuluram. Eyni zamanda inanmaq istəyirəm ki, qondarma ittihamlarla həbs edilən, narkotik və silah kimi qondarma ittihamlarla həbs edilən, ailələri başsız qalan, gecələr bəlkə ata həsrəti ilə övladları sayıqlayan, neçə-neçə dindarı mənəvi söhbətlərdən məhrum qoyan əziz ruhanilərimizin bu mübarək Ramazan ayında tezliklə azadlığa çıxması üçün dualar edəcəksiniz. Nəinki dualar edəcəksiniz, hətta bu günahsız insanların heç bir günahının olmadığını dilə gətirərək, mübarək Ramazan ayında onların layiq olduğu azadlığa qovuşması üçün müraciət də edəcəksiniz.

"Allahdan gəldik və dönüşümüz də Onadır". Biz günahsız yerə günahsız, mütədəyyin, ruhani insanlarımızın zindanda çəkdiyi hər nəfəsə, övladlarının ata həsrətinə və ailələrinin başsızlıqdan çəkdiyi əzablara görə Allah qarşısında cavab verəcəyik. Hələ Azərbaycan dindarlarının məsuliyyəti üzərimizə düşürsə, bu sorğu-sual daha çətin olacaq.

Hörmətli Paşazadə cənabları, hicab şəhidi Hacı Vaqifi lütfən yad edin! Zindanda olan əziz ruhani və dindarlarımızın layiq olduğu azadlığa qovuşması üçün müraciət edin, onların günahsız olduğunu deyin! Çünki bu ölkədə vahid xütbə tərtib etmədən daha önəmlisi - günahsız əzizlərimizin azadlığa, ailələrinə, övladlarına, sadə inanclı insanlara qovuşmasıdır. O zaman məktubda dediyiniz kimi, Allaha və xalqımıza əsl xidmət etmiş olarsınız.

Allah amanında!

"İnna lilləh və inna ileyhi raciun".

Kamal Hacılı

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu

 

 

  • Yazılıb
  • da (də) 2012 Jul 22