Azərbaycan Respublikasında 2012-ci ilin altı ayı ərzində bir neçə fəal jurnalistin siyasi həbsindən əlavə media təmsilçiləri 91 min ...
/Aran Agentliyi
Azərbaycan Respublikasında 2012-ci ilin altı ayı ərzində bir neçə fəal jurnalistin siyasi həbsindən əlavə media təmsilçiləri 91 min AZN-dən artıq cərimələnib və cəzalandırılan jurnalistlərin hamısı tənqidçilər olub.
Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağayev Azərbaycan Jurnalistlər Birliyinin və "Yeni Nəsil" Jurnalistlər Birliyinin Jurnalistika günü münasibəti ilə birgə təşkil etdiyi tədbirdə deyib: “ 2012-ci ilin birinci yarısı statistikası göstərir ki, yenə də həbsdə jurnalistlər var. Əvvəlki il ilə fərqli məqamlar ondan ibarətdir ki, həbsdə olan jurnalistlərə qarşı irəli sürülən ittihamların heç biri onların peşə fəaliyyəti ilə bağlı deyil. İttihamların çoxu narkotik vasitələrlə bağlıdır. 5 jurnalistə qarşı belə ittiham irəli sürülüb. Sadalanan ittihamların əksəriyyətinin doğruluğuna ciddi şübhələr var. Hazırda həbsdə olan jurnalistlərin sayı 11 nəfərdir və onlar 2011-ci ilin avqust ayından sonrakı dövrdə həbs cəzası alıblar.”
X.Ağayev onu da qeyd edib ki, son 6 ay ərzində jurnalistlərə qarşı fiziki təzyiq və psixoloji hədələr də səngiməyir. Ən azı 35 jurnalist 45 dəfədən çox bu cür təzyiqlərə məruz qalıb. Onlar əsasən kütləvi aksiyalardan ictimai önəm daşıyan məlumat toplayarkən basqı ilə üzləşiblər. Hüquq mühafizə orqanları bu cür işlərdə araşdırmalara başlasa da, heç bir halda jurnalistlərə təzyiq edənlər məhkəmə qarşısına çıxarılmayıblar.