Bir neçə gün əvvəl həbsdə dünyasını dəyişən Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Vaqif Abdullayevin ölümü ilə bağlı tibbi ekspertizanın rəyi açıqlanıb
  /Aran Agentliyi
Bir neçə gün əvvəl həbsdə dünyasını dəyişən Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Vaqif Abdullayevin ölümü ilə bağlı tibbi ekspertizanın rəyi açıqlanıb
 
HaqqYolu - Bir neçə gün əvvəl həbsdə dünyasını dəyişən Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Vaqif Abdullayevin ölümü ilə bağlı tibbi ekspertizanın rəyi açıqlanıb. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru professor Şakir Musayev bildirib ki, V.Abdullayevin cənazəsinin müayinəsi zamanı onun üzərində hər hansı xəsarət aşkar edilməyib. Ekspertizanın rəyinə əsasən V.Abdullayevin ölümünə ürəyin işemik xəstəliyi, böyrək çatışmazlığı, hipertrofiya və ən əsası - xərçəng xəstəliyi (sümük xərçəngi) səbəb olub. 
 
Qeyd edək ki, V.Abdullayev iyulun 12-də Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Müalicə Müəssisəsində dünyasını dəyişib. V.Abdullayev 2011-ci ildə Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. (apa)
 
DEVAMM sədri Hacı İlqar İbrahimoğlu məsələ ilə bağlı belə şərh vermişdir: "Tibbi ekspertizanın rəyi Hacı Vaqifin faciəsi ilə bağlı dövlət qurumlarının və məsul şəxslərin biabırçı səviyyəsini bir daha aşkarladı. Hacı Vaqifin həbsdən öncə infark keçirməsi müvafiq orqanlara, məhkəməyə məlum idi. Bunu bilərək, məhkəmə onu 11 il müddətinə azadlıqdan məhrum etdi. Halbuki, hətta 11 il yox, 1 il müddətinə də etsəydi, yenə də faktiki olaraq, məhkəmə Hacı Vaqifi ölümə məhkum edirdi.
 
Bu azmış kimi, vəkil Anar Qasımlı son 1 ay ərzində həyəcan təbili çalırdı ki, Hacı Vaqifin halı günü-gündən pisləşir. Hətta o, yaxınlarını belə tanımamaq həddinə çatmışdı. Bəs belə isə, nə səbəbə Hacı Vaqif təcili azad edilmədi, niyə barəsində zəruri tibbi tədbirlər görülmədi?
 
Son günlərində isə yaxınlarını onun yanına buraxmadılar. Hacı Vaqif vəsiyyətini də edə bilmədi. Hər hansı sivil ölkədə amansız qatilə qarşı da belə davranmırlar. Bəs zavallı Hacı Vaqifin suçu nə idi? O, nə ilə qazandı belə qəddar davranışı?!
 
Sual olunur: belə vəziyyətdə olan insanı necə həbsə atmaq olardı, necə həbsdə saxlamaq olardı, necə son anadək həbsdən buraxmamaq, zəruri tibbi tədbirlər görməmək olardı?
 
Biz bu işlərdə günahkar olanların cəzalandırılmasını tələb edirik. Bu faciə - qara ləkə olaraq, əlaqədar məmurların və hakimlərin vücuduna çökmüşdür. Onlar əvvəl-axır öz əməllərinə görə, günahsız insanın ölümünə görə cavab verəcəklər. Və bilsinlər ki, İlahi mühakimədən hər bir halda yayına bilməyəcəklər". (deyerler)