Azərbaycan İslam Partiyası və İçərişəhər ''Cümə'' dini icması Cənubi Asiya ölkəsi Myanmada müsəlman qətliamı ilə əlaqədar etiraz bəyanatı yayıb
/Aran Agentliyi
Azərbaycan İslam Partiyası və İçərişəhər "Cümə" dini icması Cənubi Asiya ölkəsi Myanmada müsəlman qətliamı ilə əlaqədar etiraz bəyanatı yayıb.
Azərbaycan İslam Partiyasının bəyanatında deyilir: "Dünyada baş verən zülm və qətliamların ardı-arası kəsilmir. Bu, insanlıq üçün böyük imtahan dövrünün başlanmasından xəbər verir. Fələstində, İraqda, Əfqanıstanda, son günlərdə isə Suriyada şeytanın fitnə-fəsadı ilə müsəlmanların kütləvi məhv edilməsi bəşəriyyətə açıqca xəbərdarlıqdır. Daha bir acı xəbər Cənubi Asiya ölkəsi Myanmadan gəlir.
Cavabdeh beynəlxalq təşkilatların susqunluğu, İslam Konfransı Təşkilatı və üzv ölkələrin konkret və sərt addımlar atmamağı böyük ümidsizlik yaratmaqla dünyanın yerindən çalxalanmasına doğru aparır.
BMT, dünyanın güc mərkəzləri müsəlmanlara qarşı yönəldilmiş cinayətkarlığa müdaxilə etməli, xüsusən, Myanmada son günlər baş verən kütləvi, dövlət səviyyəli cinayətkarlığın qarşısını almaq üçün ölkənin rəsmi təşkilatlarına real və optimal təzyiqlər göstərməlidirlər. Çünki dünya nizamını pozmağa, insanların sülh və əmin-amanlıq şəraitində yaşamaq hüquqlarını əllərindən almağa çalışan terrorçu qruplar səhnəarxası qüvvələrin, xüsusən dünya sionizminin himayəsi altında balansı öz xeyirlərinə dəyişməyə, müsəlmanları fiziki cəhətdən məhv etməklə islama zərbə vurmağa nail olmaq istəyirlər."
DEVAMM və İçərişəhər "Cümə" dini icması da Myanmada müsəlmanların qətliamını pisləyən bəyanat yayıb, vurğulanıb : "İnna lillah və inna iləyhi raciun. Myanmada yer alan bəşəri cinayətlər insanı dəhşətə gətirir. Axı necə ola bilər ki, XXI əsrdə bütün dünyanın gözü qarşısında mülki əhaliyə qarşı, ibadətgahlara qarşı belə cinayətlər törədilsin?! Və canilər cəzasız qalsın?! Siyasi konyunkturaya uyğun qərarlar verən, hakimiyyətləri yıxıb, xaos yaradan ikiüzlü mahiyyətli təsisatların yerinə Birləşmiş Millətlər Təşkilatının egidası altında fəaliyyət göstərəcək, dəqiq qanunlara əsaslanacaq bir geniştərkibli sülhməramlı qurumun yaradılması zərurəti göz önündədir.”