/Aran Agentliyi
HaqqYolu - Bu ölkənin vətəndaşı fərqli fikir eşitməməlidir!
Hamımız eyni musiqiyə qulaq asaq, eyni filmə baxaq, eyni paltardan geyinək, eyni yeməkdən yeyək, eyni qaydada addımlayaq, yaxud eyni cür düşünək... Elə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də eyni cür düşünür. Ölkənin baş qeyri-hökumət dini təşkilatında (QHDT) hesab edirlər ki, vəhdət gözəl şeydir və xalqa gərəklidir. Bu üzdən “vahid xütbə”, yəni “eyni cür düşünmə” ideyasını ortaya atıb, həyata keçirmək yolunda səy göstərirlər.
Bu haqda ötən günlərdə bir araya gələn QMİ Qazilər Şurasının toplantısında qərar verilib. Fitvanın verilməsinə səbəb kimi isə qonşu dövlətlərdən, xüsusilə İrandan gələn təhlükə göstərilib. Ölkədəki dini vəziyyəti nəzarətdə saxlamaq üçün bu addımın atıldığı bildirilib
Hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İsgəndərov də toplantıda çıxış edərək, fitvanı alqışlayıb. Deyib ki, QMİ vahid xütbə mətnini hazırlayıb məscidlərə paylayacaq və bütün məscidlərdə eyni mətn oxunacaq: “Bu gün Azərbaycanda elə siyasi partiya, dövlət qurumu tapmaq olmaz ki, həftədə bir dəfə, cümə günü on minlərlə insana xitab etsin. Bu xitabda Azərbaycanın maraqları, milli dəyərləri əsas olmalıdır. Ona görə də mən şadam ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən xüsusi xütbə hazırlanacaq. Bu, həm də insanlardan gələn bir tələbdir. Bir ölkənin vətəndaşı ölkənin bir məscidindən digər məscidinə gedəndə fərqli fikirlər eşitməməlidir”.
Xeyir ola?..
Ölkənin vətəndaşı məmləkətin bir məscidindən digərinə gedəndə fərqli fikirlər eşitməməlidirmi? Xeyir ola, müəllim? Niyə ki? Bəlkə o biri məsciddə daha ağıllı fikir eşitdi… Bəlkə hansısa icmanın axundu QMİ-də “vahid xütbəni” hazırlayan başbilənlərdən daha çox kitab oxuyub, yaxud qəfildən yadına mübarək bir hədis düşür… O zaman neynəməlidir, “Ay camaat, filan fikri demək istəyərdim, amma QMİ-dən göndərilən faksda qeyd olunmayıb”mı deməlidir?
Əslində, burada təəccüblü bir şey yoxdur. Seçki qutusundan özgə “namə” çıxmayan, parlamentindən fərqli səs eşidilməyən, televiziyalarından “yad” sima görünməyən, mədhiyyələrində şablon terminlərdən kənara çıxılmayan bir məmləkətdə “vahid xütbə” ideyasının gerçəkləşməsinə şaşırmaq gülüncdür. Hətta nə zamansa “Vahid düşüncə” Qanunu qəbul olunarsa, buna da təəccüblənmək lazım deyil.
Hədəf bəllidir - toplumu fərqli nəsnəyə kar, kor, lal etmək. Sadəcə, artıq seçilən strategiyadan naftalin iyisi (tanış termin) gəlir. Atdıqları hər addımın davamını öncədən təxmin etmək çətin olmur. Çünki bunlara alışdıq artıq. Bəzi türk seriallarında Azərbaycan gerçəklikləri açıqlandığı üçün, MTRŞ adlı sensura orqanı bütün TV-lərdən əcnəbi serialları yığışdırdı. Millətin peyk antennaları vasitəsilə əcnəbi kanallardan öz ölkəsinin həqiqətlərinə vaqif olması bunları rəqəmsal TV-yə keçməyə vadar etdi. Hüquq müdafiəçiləri və QHT-lər kənardan maliyyələşmək hesabına daxili problemləri qabartdıqları üçün, hansısa rəsmi və ya qeyri-rəsmi pullarla “milliləşdirdilər”.
İndi də “milli xütbə” vətənpərvərliyi. Bu məmləkətdə dinin “milliləşdirilməsi”, yaxud “qərbləşdirilməsi” tendensiyaları yeni də deyil. Zaman-zaman hicab, azan, məscidlərin qapadılması və sair olayları yaşamışıq. İndiyədək olanları belə izah ediblər ki, müasirliyə (yəni Qərbə) gedən yolda hər nə varsa, aradan qaldırılacaq. Olsun! Bəs Qərbin baş üzərinə qaldırdığı ən ümdə dəyəri - insan haqlarını haramıza qoyaq? Axı, fərqli fikir eşitmək, fərqli dildə danışmaq, fərqli cür düşünmək insanın ən doğal haqqıdır. Deməli, seçdikləri yol əqli inkişafa deyil, cahilliyə aparır.
Axundlar gülüş hədəfində
Heç zaman şəxsi düşüncəmizi başqalarına yeritməyə çalışmadığımızdan, fərqli fikir də (QMİ-nin qulağından uzaq) eşitməyə ehtiyac hiss etdik. Müstəqil dini araşdırmaçı Rəsul Mirhəşimli baş QHDT-nin ortaya atdığı, DQİDK-nın xeyir-dua verdiyi və “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahinin çəkinə-çəkinə “bunu qadağa saymıram” kimi ifadə etdiyi “vahid xütbə” ideyasına bir ad verir - dini etiqad azadlığının məhdudlaşdırılması.
“Hər bir axund, imam xəttab oxuyacağı xütbəni öz dünyagörüşünə, elmi səviyyəsinə, hazırki zamana və bulunduğu mühitə uyğun hazırlayır. O, mövzu seçimində, auditoriyanın səviyyəsinə uyğun xütbə hazırlamaqda müstəqildir. Bu qaydaya müdaxilə edilməsi, sadəcə axundları gülüş hədəfinə çevirəcək. Çünki, imam xatib cümə namazına yığışan insanlar qarşısında ya əlindəki vərəqdəkiləri üzündən oxumalı, ya da məcburən göndərilmiş mətni əzbərləməlidir. Təsəvvür edin ki, xütbənin ortasında hansısa hissə axundun yadından çıxır, əlavə mövzuya girməyə də ixtiyarı çatmır, neyniyəcək? Gözünə eynək taxıb yazılanları hecalamayacaq ki? Yəni, bir icmanın rəğbətini, sevgisini qazanmış imam biabırçı duruma düşür”, -deyə mütəxəssis narazılığını ifadə etdi.
R.Mirhəşimli başqa bir ziddiyyətli məqama da diqqət çəkdi: “Hər məscidin imamı fərqli elm səviyyəsinə, mütaliə potensialına malikdir. Tutalım, İdarədən bütün məscidlərə vahid xütbə göndərildi ki, bu cümə həmin mövzu səslənsin. Bəlkə hansısa imam xatibin səviyyəsi o xütbəni danışmağa, yaxud heç anlamağa yetmir, necə oxusun onu? Kimsə mövzuya dair sual verərsə, onu necə cavablandırsın. Digər tərəfdən, ümumi səviyyəni nəzərə alıb, İdarədən sadə mövzuda mətn göndərilir. Bəs, uzun illərin dindarı üçün onu dinləmək vaxt itkisi deyilmi? Daha dərin mövzuları dinləyib, biliyini bir qədər də artıra bilər, axı. Ona görə də düşünürəm ki, bu qərar məscidlərdə fərqli fərqli dünyagörüşü formalaşmasının qarşısını almağa yönəlib”.
Zalımın məzlum qorxusu
Həmsöhbətimiz sözügedən lüzumsuz ideyanın gerçəkləşməsi prosedurunu da mümkünsüz sayır: “Hazırda ölkədə mindən artıq məscid var. Belə çıxır ki, ya QMİ vahid xütbə hazırlayıb, bütün məscidlərə göndərməlidir ki, bu da yuxarıda sadaladığımız məqamlar üzündən mümkün deyil. Ya da mindən artıq xütbə hazırlayıb, hər məscidə ayrıca mətn göndərilməlidir. Bu da fiziki baxımdan mümkünsüzdür. Deməli, əgər təklifi gerçəkləşdirməkdə israrlıdırlarsa, bəzi iri məscidlərdə tətbiq edib, qalanlarını sadəcə istiqamətləndirə bilərlər. Ayrıca, ölkədəki icmaların hamısı QMİ-də qeydiyyatdan keçməyib və onları bu qaydaya məcbur etmək olmaz. Bilirsiniz, əslində bu qərar bütün televiziyalarda eyni verilişlərin yayımlanmasına bənzəyir”.
Ekspertin qənaətincə, belə bir addımın atılması müəyyən narahatçılıqlardan doğur: “Xatırlayırsınızsa, bir müddət öncə metrolardan dini kitablar yığışdırıldı. İndi də xütbələrdə eyni mövzulardan danışmaq göstərişi gəlib. Çünki həm kitablarda, həm xütbələrdə zalım-məzlum məsələlərinə toxunulur, insanlarda zalıma qarşı nifrət, məzlumun haqqını qorumaq hissləri formalaşır. Ki, bu da bəzi dairələrdə narahatlıq yaradır”.
Sonda QMİ-yə, DQİDK-ya və vəhdət peşində olan bütün qurumlara, işlərini daha da asanlaşdıracaq bir təklifimiz var: Bəlkə, ümumiyyətlə, məscidlərdən xütbələri yığışdırıb, internet vasitəsilə bütün möminlərin e-mail ünvanına vahid mətn göndərilsin? Yox, mollalar internetlə o qədər ilgilənməzlər. Yaxşısı budur, hər cümə günü AzTV-də “xütbə saatı” açılsın və Şeyx həzrətləri yekdil qərarla hazırlanan xütbəni efirdən hamıya ərz etsin…
Tural/bizimyol