Tarix : 2012 Aug 01
Kod 31848

İlk hicab şəhidinin ailəsi mükafatlandırıldı

Bu gün(27 İyul) Azərbaycan İslam Partiyasında islamçı məhbus ailələri ilə görüş keçirilib
/Aran Agentliyi

Bu gün(27 İyul) Azərbaycan İslam Partiyasında islamçı məhbus ailələri ilə görüş keçirilib.

Faktxeber.com-un məlumatına əsasən Tədbirdə çıxış edən AİP Qadınlar Şurasının sədri və Əsgər Analarına Dəstək İB rəhbəri Növrəstə İbrahimova «Tövbə» surəsindən ayə oxuyaraq bildirdi ki, Allah-Tala möminlərdən canından, malından aldı. Həqiqətən onlar üçün bu alınanlar Cənnətdir. Bu gün haramla-halalın çalxalandığı vaxt qibtə elədiyimiz  insanlar  var. Onlar ölümü yetişəndə bilir ki, Allah yolunda dünyasını dəyişmək ən üstündür. Allah bizi də elə bir hörmətə nail eləsin.

Daha sonra Növrəstə İbrahimova ölkəmizdəki İslam şəhidlərindən söhbət açdı: «Bizim dünyamızda İslam şəhidi çoxdur. Və ölkəmizin də artıq bu sırada adı hallanır. Rəhmətlik Vaqif Abdullayev özü mənə İslam Partiyasının ilk şəhidi Hacı Kəbləğanın adını çəkmişdi. Hacı Kəbləğanın özü deyib ki, İslam dinini yaymalı, hədiyyə verməli, elmimin zəkatı yoxdursa nə qədər bədənimdə, var-dövlətimdə zəkat var İslama verəcəm. Həyat yoldaşı Yeganə xanım isə ona sadiq olaraq, zəhmətini itirməyərək daim İslam yolunda iş görməyə yenə də hazırdır.”

Növrəstə xanım toplantının əsl səbəbindən danışaraq bildirdi ki, «biz bu gün Rəbbinə qovuşan, təzə zəvvar olan, siyasi məhbus, hicab şəhidi Vaqif Abdullayev qardaşımızı anmaq üçün yığışmışıq. Həqiqi mənada öz qanından, canından keçən ilk hicab şəhidimiz hər zaman öz ailəsinə tövsiyə edirdi ki, mənə burda hər şey ola bilər. Siz səbirli olun, təskinlik tapın, mənimlə iftixar etməyi bacarın».

Sonra çıxış edən AİP-in həbsdə olan sədri Mövsüm Səmədovun həyat yoldaşı Mehparə xanım,  «biz  bu yolda məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişik və bundan giley-güzarımız da yoxdur. Bunu özümüzə iftixar sanırıq. Şəhid və şəhadət məqamı bu gün də millətlərin taleyini həll edir. Həmin bu şəhadət məktəbi düşmənlərin canına xof salır, onların İslam dəyərlərinə əl uzatmaqdan məyus edir. Bütün bu dediklərimdə məqsəd Hacı Vaqif qardaşımız və onun ailəsinin böyük bir səadətə nail olduğunu bildirməkdir. Çünki bu şəxs həyatını paklıqla sürüb. Gözəl ailə sahibi olub, özündən sonra layiqli övladlar irs qoyub. Son günlərini də haqq yolunda zindanda məzlumcasına dünyadan gedib. İftira, böhtanla tutulmağına, ona qarşı sürülən iddiaların sübut olunmamağına baxmayaraq, 11 il yarım müddətinə azadlıqdan məhrum edilib, zindana salınıb. Və nə ölkədaxili, nə də bəşəri qanunlara sığmayan şəkildə, xəstə halda, çox pis şəraitli zindana salınır. Hansı ki, onun səhhətinə uyğun gəlmir.  Bu zindanda icazə vermədilər ki, son günlərində ailəsini görsün, vəsiyyətini etsin. Bu insan ən məzlum şəraitdə dünyadan köçüb. Bu şəhadətin ən yüksək məqamıdır. O şirin şəhadət şərbətini bizdən qabaq içib. Allah-Təala bizi də onun davamçılarından qərar versin», - deyə bildirdi.

Mehparə xanım son olaraq bildirdi ki, «bizə daim mesaj göndərirlər, sözlər çatdırırlar ki, sussanız, danışmasanız daha yaxşı olar, məhbuslarınızın şəraiti bir az yüngülləşdirirlər. Buna baxmayaraq demək istəyirəm ki, susmaq o şəxs üçündür ki, qorxur və günahkardır. Bu mesajlar göstərir ki, haqq yoldayıq».

Tədbirin sonunda şəhid Kəbləğanın həyat yoldaşı Yeganə xanım tərəfindən Vaqif Abdullayevin həyat yoldaşı Gülzar xanıma İslami Oyanış və Qadınlar Konfransı adından verilən mükafat təqdim olunub.

  • Yazılıb
  • da (də) 2012 Aug 01