Tarix : 2012 Jul 28
Kod 31856

Byervikin azərbaycanlı məsləkdaşları

Azərbaycandakı yandaş müxalifətin parlaq simalarından biri şəksiz, Qüdrət Həsənquliyevdi
/Aran Agentliyi

HaqqYolu - Azərbaycandakı yandaş müxalifətin parlaq simalarından biri şəksiz, Qüdrət Həsənquliyevdi. Onu “müsəlman” islamofobların görkəmli nümayəndələrindən də saymaq olar. “Köləliyin insanların geninə keçməsində İslamın böyük rolu olub” kimi ziyanlı fikrin müəllifi olan bu deputat yenə dinc durmayıb, mübarək Ramazanda belə iman adamlarının heysiyyəti ilə oynayıb. Barı əziz ayda dil zinasından pəhriz saxlayaydı.

Adamın yəqin xəbəri yoxdu ki, bu cür əcaib açıqlamaları ilə özünü artıq ikiayaqlı vəhşi Anders Breyvikin burdakı havadarlarından birinə çevirib. 70-dən çox günahsız insanı öldürüb sonra da məhkəmədə hırıldayaraq “Bunu Norveçi, Avropanı İslam mültimədəniyyətindən xilas eləmək üçün törətdim” deyən xristian terrorçusu Breyvikin! (Maraqlıdır ki, üstündən bir il ötsə də bu qatı islamofob haqda demokratik Avropanın göbəyində hökm çıxarılmayıb).

Bəs Həsənquliyev bu dəfə nə deyib? Heç nə, ənənəsinə sadiq qalaraq buyurub ki: “İslam dünyagörüşündən gələn Şərq despotizmi uzun illər insanların genlərinə hopub. Zəifi əzmək, özündən güclünün qarşısında təzim etmək... Azərbaycanda bu vəziyyəti dəyişməyin yeganə yolu parlamentli respublikaya keçiddir. Rəsulzadə və onun tərəfdarları həqiqətən çox müdrik insanlar olublar. Elə insanlar bir əsrdə bir dəfə dünyaya gəlir. Onlar Azərbaycanı parlamentli respublika etdilər...”

Zəifi əzmək, özündən güclüsünün qarşısında baş əymək...” Bunu yenə müxalifətçi dilə gətirsəydi dərd yarıydı. Məgər “Şərq despotizmi”nin çağdaş nümunələrindən biri Azərbaycanda bərqərar deyil?!

Amma biz neftli-qazlı varlı Azərbaycanın xalqını bir qarın çörəyə möhtac edən, sərvətlərini dədə malı kimi mənimsəyən, Həsənquliyevin də mədh və təbliğ elədiyi sümürgəçi hakim dəstənin üzvlərinin başında əmmamə-zad görmürük. Əksinə, qalstuklu bu YAPovulçu iqtidar məscid uçuran, azana, hicaba yasaq qoyan, türbanlı xanımlara pasport üçün şəkil çəkməyi qadağan edən zümrə kimi ad çıxarıb dünyada.

Bu zümrənin İslama, haqq-ədalətə nə qədər dəxli varsa, cənab Həsənquliyevin də kosmonavtikaya o qədər aidiyyəti olar. Ümumiyyətlə, haqq basan, haram yeyən, zülm edən “müsəlmanın” İslama, Qurana nə dəxli? Hansısa dələduz hakim, prokuror, müstəntiq rüşvət alıb iş görəndə, sifarişli hökm-qərar çıxaranda, buna görə hüquq sistemi, Cinayət Məcəlləsi (CM) suçlanırmı? Günahkar CM-dir, konstitusiyadır, yoxsa onları saya salmayan hakim, prokuror, yaxud Qüdrət bəyin hüzurunda mil təki dayandığı məmur oliqarx(lar)?!

Azərbaycanın indiki konstitusiyası, Seçki Məcəlləsi (SM) normal sənədlərdir. Amma hakimiyyət salfet kağızı kimi onlara burun silirsə, Qüdrət bəyin özü illərdir saxta mandatla parlamentdə başqasının halal yerini zəbt edibsə, konstitusiya, SM nə eləsin buna?

Qurani-Kərim də ilahi əxlaq kodeksidir, ona əməl edən bu dünyada da nicat tapar, Axirətdə də, etməyənsə - yox. Hər il dünyada minlərlə xristian könüllü şəkildə İslama üz tutur, onda ruhani rahatlıq axtarır, müsəlman Azərbaycanında isə olanın dəyərini anlamayan nihilistlər var...

Nəhayət, bir yandan böyük öndərimiz Məmmədəmin Rəsulzadə və onun qurduğu parlamentli respublika haqda xoş sözlər danışıb, o biri yandan üçrəngli bayrağımızın yaşıl rənginə həqarətin adı nədir? Axı hamı bilir ki, öndər din, iman adamı olaraq xalqın inancına böyük hörmət bəsləyib. Yeri gəlmişkən, bu, o Həsənquliyevdi ki, Milli Məclisdə himnimizi qısaltmağı təklif eləmişdi. O həmçinin məktəblərdə hicaba yasağı qanuniləşdirməyin qızğın tərəfdarlarındandır (Qanuna salınmasa da, artıq bu qadağa işləyir)...

Görəsən dinimizə asi kəsilən bu adamın qohum-əqrəbasında namaz qılıb oruc tutan ruhani bir şəxs yoxmu ki, ona dünyanın faniliyi haqda iki kəlmə desin? “Elə et ki, dünyadan küçəndə meyitin urvatsız olmasın, səni də müsəlman qaydasında kəfənə bükən, üstündə cənazə namazı qılan tapılsın” öyüdü versin?

... Tarixdə həmişə ideologiyaların daşıyıcıları yox, breyviklər, salman rüşdülər, qüdrət həsənquliyevlər yetişdirən ideologiyalar, ideoloqlar qorxulu olub. Bu üç ismi nəyin birləşdirdiyini yəqin etdiniz? Təşəkkürlər.

Zahid SƏFƏROĞLU

  • Yazılıb
  • da (də) 2012 Jul 28