Tarix : 2012 Jul 29
Kod 31868

Birlik üçün çalışmaq islamçılığın şərtidir / Təfriqə yaratmaq din düşmənlərinin hiyləsidir

Əzəmətli Peyğəmbər (s) buyurur: ''İxtilaf və təfriqə yaratmayın; sizdən öncəki şəxslər ixtilaf və təfriqə yaratdıqlarına görə həlak oldular!''
g/Aran Agentliyi

Aran Xəbər Agentliyi, Azərbaycan şöbəsi

 

Əgər ilahi ayələri, o cümlədən Ali-İmran surəsinin 103-cü şərafətli ayəsini – "Hamılıqla Allahın ipinə sarılın və dağılmayın!" ayəsini qəbul ediriksə, əgər "İxtilaf və təfriqə yaratmayın; sizdən öncəki şəxslər ixtilaf və təfriqə yaratdıqlarına görə həlak oldular!" – deyə buyuran Əzəmətli Peyğəmbərin (s) buyruqlarına inanırıqsa, əgər məsum imamların sözlərinə, o cümlədən İmam Əlinin (ə) Nəhcül-bəlağənin 47-ci məktubunda Həsən və Hüseynə və əslində bütün müsəlmanlara müraciətlə buyurduğu "Bir-birinizlə rabitə qurub bəxşişlər verin, bir-birinizə arxa çevirməkdən və uzaqlaşmaqdan çəkinin!" cümləsini işlərimizin sərlövhəsi ediriksə, əgər şiələrin birinci imamının müsəlmanlar arasında təfriqədən çəkinmək məqsədilə özünün ilahi haqqından keçib 25 il evdə oturmasından ibarət olan praktiki üsulunu özümüz üçün dərs biliriksə, əgər müsəlmanların təfriqədən çəkinməsi niyyətilə Vəhdət həftəsinin əsasını qoyan İmam Xomeyni kimi böyük alimlərin yolunu özümüzə nümunə sayırıqsa, əgər şiə dünyasının dahi təqlid müctəhidi olan və daim birliyi tövsiyə edən Ayətullah Xameneinin çoxsaylı buyruqlarını can-başla dinləyiriksə və əgər islamçı olduğumuzu düşünür və iddia ediriksə, birlik yaratmağa çalışmalıyıq.

Dünyanın İslam oyanışı ab-havasında olduğu bu günlərdə dünyanın ikinci şiə ölkəsi olan Azərbaycan Respublikasında da İslam hərəkatı öncəkindən daha artıq irəliləyir. Bu arada hiylələr üzərindən səlis şəkildə pərdə götürən Doktor Səmədov və öz şəhidliyi ilə çoxlu həqiqətləri aşkara çıxaran Hacı Vaqif Abdullayev kimi şəxslərin rəşadəti, eləcə də Hacı Abgül Süleymanov və Hacı Tale Bağırov kimi ruhani və dindarların və hal-hazırda azadlıqdan məhrum olan islamçı məhbusların hər birinin fədakarlığı olduqca dəyərlidir. Lakin əfsuslar olsun ki, bunlarla yanaşı vəhdət ətrinin duyulmadığı bəzi hərəkətlər də müşahidə olunur. Uyğun hərəkətlər indiki vəziyyətdə hansı niyyətlə olursa olsun, şübhəsiz, düşmən dəyirmanına su tökməkdir.

İslamçılar arasında bəzi fikir ayrılıqlarına səbəb olan məsələlərdən biri orta məktəblərdə hicab qadağasına etiraz və mübarizə növüdür. İslamçılıq hərəkatına aid olan qrup və şəxslərin müxtəlif yollarla hicab qadağasına qarşı mübarizə aparması nəinki təəccüblü deyil, hətta bu hərəkatın dinamikliyinin göstəricisidir. Əgər bir qrup mitinq keçirməklə və alovlu çıxışlarla – sözsüz ki, bu çətin işdir - hicab qadağasına qarşı mübarizə aparırsa, başqa bir qrup da imza toplamaqla bu yolda hərəkət edir. Bu iki hərəkət bəlkə də bir-birini təkmil edir. Çünki birinci qrupun işi hakimiyyətə lazımi xəbərdarlığı edir, ikinci qrupun işi də hicab tərəfdarlarının sayının məhdud olmasına dair bəzi puç iddiaları zərərsizləşdirib xalqın müxtəlif təbəqələrindən, dindar və qeyri-dindar insanlardan ibarət böyük bir toplumun hicabı dəstəklədiyini göstərir. Həm də bu layihədə yüzdən artıq ruhaninin iştirak etməsinin özü onların birlik əlamətinə çevrilə bilərdi.

          Burada deyilməsi mühüm olan bütün islamçı qrupların fəallarına hörmət etmək və onları pisləməkdən çəkinməkdir. Çünki onları birini pisləmək İslam hərəkatının bir hissəsini pisləməkdir. Yaddan çıxarmayaq ki, İslam hərəkatının irəliləməsi üçün dözümlülük lazımdır. Əgər bu gün ölkədə yüzdən artıq dindar həbsdədirsə, yerli və beynəlxalq ictimai və siyasi qruplara qatılıb onların sözünü əks etdirən şəxslər olmalıdır. Bu gün hətta qərbpərəst müxaliflər də islamçı məhbusları siyasi məhbus sayır və müxtəlif yerlərdə İslam partiyasının həbsdə olan sədrinə, mərhum Hacı Vaqifə və digər məhbuslara dair müsbət fikir bildirirlərsə, bu, həmin prosesin nəticəsidir. Həmçinin ölkənin İslam məsələlərinin "İslam oyanışı və qadınlar" kimi beynəlxalq iclaslarda ortaya qoyulması böyük uğurdur və ona əhəmiyyətsiz yanaşmaq olmaz.

Deyilənlərə əsasən bunu qəbul etmək lazımdır ki, bu gün Hacı Mövsüm Səmədov, Hacı Abgül Süleymanov, Hacı Tale Bağırov, Hacı İlqar İbrahimoğlu, Hacı Şahin Həsənli, Hacı Zülfüqar Mikayılov, Ruhullah Axundzadə, Hacı İlham Əliyev, Mehdi Məmmədov, Azər Cəbiyev, Fəxri İlyasov, Hacı Sərdar və digər islamçı fəallar hansı ad altında dini fəaliyyətlə məşğul olmalarından asılı olmayaraq, hamısı vahid sırada İslam hərəkatının uca məqsədlərinə xidmət göstərirlər, bu şəxslərin arasında hər hansı bir ixtilaf yaratmaq yanlış və hətta pisdir. Bunun üçün İslam saytlarının və mətbuatının, eləcə də xətib və natiqlərin üzərinə ağır vəzifə düşür.

          Burada deyilməsi lazım olan başqa bir məsələ budur ki, İslam hərəkatından qorxuya düşən din düşmənləri islamçı fəallar arasında təfriqə yaratmaqla dünyanın ikinci şiə ölkəsində İslam oyanışının tam formalaşmasına mane olmağa çalışırlar. Bu mühüm məsələnin xalis niyyətlə İslamı yaymağı düşünən bütün islamçıların öncəkindən daha sayıq olmalarına ehtiyacı var.

Məlumdur ki, tarix boyu İslama zərbə vuranların hamısı İslam düşmənləri olmamışdır, bəzən öz qələmlərinə, dillərinə və fəaliyyətlərinə diqqət yetirməyən dostlar da İslama daha güclü zərbələr vurmuşlar. Hicab hərəkatında rol oynayan bütün islamçıların, xüsusən də tam cəsarət və şücaətlə öz etirazlarını bildirən və indi həbsdə yatan şəxslərin rəşadəti təqdirəlayiqdir və şübhəsiz, bunların mükafatı Həzrət Haqqın dərgahında saxlanır. Sonda Peyğəmbərin (s) buyruğunu yenə də xatırlatmaq istəyirik: "İxtilaf və təfriqə yaratmayın; sizdən öncəki şəxslər ixtilaf və təfriqə yaratdıqlarına görə həlak oldular!"

 

Bütün müsəlman torpaqlarında İslamın qələbəsinə ümidlə! 

  • Yazılıb
  • da (də) 2012 Jul 29