Tarix : 2012 Jul 29
Kod 31874

Hacı Abgül Süleymanovun məhkəməsi keçirilib

Dindarlarla polis arasında heç bir insident baş verməyib
/Aran Agentliyi

 

HaqqYolu - Keçən gün Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı Abgül Süleymanovun növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə prosesi başlanmazdan əvvəl əraziyə otuza yaxın polis əməkdaşları gəlib. Məhkəmə binası önündə dayanan dindarları polis əməkdaşları kənarlaşdırıb. Dindarlarla polis arasında heç bir insident baş verməyib.

Məhkəmə prosesi saat 16:35-də başlayıb. Hakim Mail Bayramov məhkəməni açıq elan edəndən sonra məhkəmə iclasında bir hal şahidinin ifadəsi alınıb. Qeyd edək ki, vəkillər hakimə vəsatət verərək, hal şahidi Qasımov Osman Məstəli oğlunu məhkəməyə dəvət ediblər. Hakim Mail Bayramov öz növbəsində vəsatəti təmin edib.

Hal şahidi Qasımov Osman Biləcəri qəsəbəsi İcra Hakimiyyətinin məsləhətçisidir.

Hakim: Hansı prosesdə hal şahidi kimi iştirak etmisiz?

Şahid: Mən Asəf Zeynalllı küçəsi 24a ünvanında evdə axtarış zamanı iştirak etmişəm. Biz gələndə qapı bağlı idi. Biz gözlədik ki, ev sahibinin qohumu gəlsin. Sonra şahidlərin iştirakı ilə, ev sahibinin qohumunun iştirakı ilə qapı açıldı.

Vəkil: Kim sizi dəvət etdi?

Şahid: bilmirəm, deyə bilmərəm.

Hakim: Səni dəvət edən səlahiyyəti və vəzifəsi nə idi?

Şahid: MTN-nin əmədaşı idi.

Vəkil: Qapı açıq idi siz gələndə?

Şahid:Bağlı idi.

Vəkil: Qapı necə kəsildi?

Şahid: Qapının dil hissəsi kəsildi.

Vəkil: Qapı kəsilən vaxtı ev sahibinin qohumu gəlmişdi?

Şahid: Ev sahibinin qohumu qapı kəsilən zaman gəldi. Yəni qapı hələ kəsilirdi.

Vəkil: Axtarış olan zaman iştirak etmisiz?

Şahid: Bəli.

Vəkil: Evdən nə tapıldı?

Şahid tərəddüdlə: patronlarla kitablar var idi.

Vəkil: Sadaladığınız əşyalardan nə harada tapıldı?

Şahid: Bir otaqda karopkanın içində kitablar var idi. O biri otaqda patronlar var idi.

Vəkil: Sonradan akt oxundumu?

Şahid: Bəli.

Vəkil: Konkret nə tapıldı?

Şahid: Döyüş paltarı, kitablar, patronlar və daraqlar.

Dövlət İttihamçısı sual verir.

D.İ: Siz bu işə dair ifadə vermisiz?

Şahid: Xeyir, bu ilk ifadəm idi.

Hakim: Kimlər iştirak edirdi hal şahidləriqismində?

Şahid: MKİS-in əməkdaşı və Biləcəri sakini.

Şahid məhkəmə iclasını tərk etdikdən sonra hakim sonda Hacı Abgül Süleymanovun çıxışlarını dinləyib. Hacı Abgül Süleymanov ölkədə məscid söküntüsünə, orta məktəbdə hicab qadağasına etiraz olaraq çıxışı dinlənilib. Çıxışda həmçinin Qarabağ problemi, Seyid Şəhid Mübariz İbrahimovun qəhrəmanlığından danışılıb.

Hakim: Siz təsdiq edirsiz ki, bu sizin çıxışlarınızdır?

Hacı Abgül: Bəli.

Hakim sonda məhkəmə prosesində 16 nəfərin şahid qismində dindirildiyini qeyd edib. Hakim Mail Bayramov istintaqın tamamlandığını vurğulayıb. Hakim dövlət ittihamçısına bildirib ki, hazırdısa məruzə edə bilər. Dövlət ittihamçısı isə məruzə üçün bir həftə vaxt istəyib.

Hakim Mail Bayramov məhkəmə prosesini gələn cüməyədək, yəni 03 avqust saat 16:00 -dək təxirə salıb.

  • Yazılıb
  • da (də) 2012 Jul 29