/Aran Agentliyi
Ramazan ayında bəyənilmiş və tövsiyə edilmiş əməllərdən biri də duadır. Bu barədə Quranda kifayət qədər ayələr də var. Bunu SalamNews-a Hacı Cavad məscidinin axundu, ilahiyyatçı Hacı Əhliman Rüstəmov Ramazan ayında duanın əhəmiyyəti barədə söz açarkən bildirib.
O qeyd edib ki, Allah-Taala ilə əlaqə yaradılmasında duanın müstəsna rolu var.
“Quranın "Ğafir" surəsinin 60-cı ayəsində buyurulur: "Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!". Bundan əlavə hədislərdə dua barəsində tövsiyələr və təkidlər edilib. İmam Sadiq (ə) buyurur ki, "əgər siz mömin olub dua etsəniz və Allah-Taala sizin dualarınızı qəbul etsə, dağlar sizin duaların nəticəsində əriyər”. Bu ona bir işarədir ki, əgər müşkülünüz, çətinliyiniz və ya düşməniniz olarsa, dağdan möhkəm olmayacaq ki! Yəni siz dualarınızın vasitəsi ilə onları əridib aradan apara bilərsiniz”, - Hacı Əhliman Rüstəmov deyib.
İlahiyyatçı vurğulayıb ki, ibadət, dua, Allahla əlaqə hər zaman insana lazımdır. Əsas məsələ ondan ibarətdir ki, insanın buna ehtiyacı var: “Həzrət Əli (ə) buyurub ki, "Ay insanlar, siz xəstəsiz, Allah isə təbib, həmişə xəstənin təbibə ehtiyacı olur". Mömin insanın Allah-Taala ilə ən tez rabitə qurmaq üçün əsas silahı duadır. Başqa bir rəvayətdə buyurulur ki, "sizin şeytanlarla mübarizəniz duadan ibarətdir". Bu ibadət, Allaha təqərrüb – yaxınlaşma vasitəsi bütün zamanlarda lazımdır. Allah-Taala daim insanın çağırışını eşidər və qəbul edər”.
Onun sözlərinə görə, "əyyamullah" (Allahın günləri - SalamNews) adlanan xüsusi günlər var ki, onlarda dualar tez qəbul olunur və Allah-Taala adi günlərdə verdiyindən daha artığını bu günlərdə insana əta edər. O günlərin sırasına mübarək Ramazan günləri də aiddir.
O deyib: “Biz adi günlərdə bir ayə oxuduqda, Allah bizə bir ayənin savabını verər, bir Quran oxuduqda – bir Quranın savabını. Lakin Ramazan günlərində bir ayə oxuduqda bizə bir Quranı xətm etməyin savabını verir. Kim Ramazan ayında bir Quranı xətm edərsə, Allah-Taala ona Quran ayələrinin sayı qədər savab verər. Dua da onun kimidir”.
Hacı Əhliman Həzrəti Məhəmmədin (s) Şəbaniyyə xütbəsini də xatırladıb. O bildirib ki, Peyğəmbər (s) bu xütbədə buyurur ki, "bu ayda (Ramazanda - SalamNews) sizin yatmağınızda ibadətdir".
“Həzrəti Peyğəmbər (s) Şəbaniyyə xütbəsində buyurur ki, "Allahı ixlasla çağırın, çünki onun qapıları tam şəkildə açıqdır. Bu ayda sizin dualarınızın qəbul edilməsinə heç bir maneə də yoxdur. Çünki Allah bu ayda şeytanları zəncirləyər. Sizə yalnız Allaha dua etmək qalır". Əsas odur ki, insanın qəlbində duasının qəbul olunacağı ilə bağlı inam yaransın”, - Hacı Əhliman deyib.
İlahiyyatçı imam Cəfər Sadiqin (ə) dua haqqında buyurduqlarından da söz açıb. O bildirib ki, bir nəfər İmam Sadiqin (ə) yanına gəlib xeyli dua etdiyini, lakin dualarının qəbul olunmadığını və nəticəsiz qaldığını bildirir: “Həzrət ona cavab olaraq buyurur ki, sizin bir-çox dualarınız qəbul olunmur və siz ondan narahatsınız. Bir vaxt gələcək ki, siz Allaha o duaların qəbul edilməməsinə görə şükür edəcəksiniz. Digər tərəfdən isə, siz tanımadığınız varlığı çağırırsınız. Əvvəl onu tanımalısınız, bilməlisiniz ki, öldürən də, dirildən də, ağladan da, güldürən də Odur. Yalnız bundan sonra Onu ümidlə çağırmalısınız”.