''Azərbaycan-İran münasibətlərində hər iki tərəfdən son vaxtlar xoşagəlməz tendensiyalar müşahidə olunmaqdadır
/Aran Agentliyi
"Azərbaycan-İran münasibətlərində hər iki tərəfdən son vaxtlar xoşagəlməz tendensiyalar müşahidə olunmaqdadır". Bunu iki azərbaycanlı şairin İranda həbs edilməsi ilə bağlı yerli din xadimlərinin mövqelərini açıqlamamalarının səbəbinə dair sualı cavablandıran Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri, ilahiyyatçı Hacı İlqar İbrahimoğlu SalamNews-a bildirib.
O qeyd edib ki, şairlərlə bağlı fakta da məhz bu konteksdən baxmaq doğru olar. "Şairlərdən qabaq isə Azərbaycanda yüzlərlə inanclı insan müxtəlif bəhanələrlə həbs edilib. İki dövlət arasında münasibət pisləşəndə, bu, ilk növbədə dindarların başında çatlayır. Mənim mövqeyim belədir ki, bütün zümrələrdən ibarət Azərbaycan ictimaiyyəti toparlanıb şairlərin azad olunması üçün səy göstərməlidir. Hətta şairlər doğrudan da nəsə törədiblərsə də belə. Hərçənd, belə bir fakt hələ ki, açıqlanmayıb. On gün əvvəl İranda keçirilmiş beynəlxalq tədbirdə iştirak etdiyim zaman da, vətənə döndüyümdə də bu mövqeyimi bəyan etmişəm və şairlərin azadlığı naminə yenə nəsə bir qurum, tədbir olarsa, fəal iştiraka hazırıq. Amma İran-Azərbaycan münasibətlərində mütləq pozitiv addımlar atılmalıdır, belə davam edə bilməz", - İlqar İbrahimoğlu deyib.
SalamNews