Tarix : 2012 Jul 30
Kod 31905

“Hacı Abgül dərhal azadlığa buraxılmalıdır”

- Məhkəmələrin vəziyyəti hamımıza bəllidir. Məhkəmələrdə ədalət sözünün heç “ə” hərfi də yoxdur
/Aran Agentliyi

 

Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin həbsdə olan sədri hacı Mehdi Məmmədovun İslamazeri.az-la olan müsahibəsi:

 

Salam Mehdi bəy. Sizdən həbsinizin səbəbini soruşmayacağıq. Çünki artıq hamıya ruhaninin, dindarın nə üçün həbs olunduğu məlumdur. Saxlanıldığınız ilk 48 saat ərzində narkotik ittihamını qəbul etməyiniz üçün sizə işgəncə verilmişdi. Bununla bağlı baş prokurorluğa müraciət etdiniz. Nəticəsi oldumu?

 

- Nəticə təbii ki, onların xeyrinə oldu. Baş prokurorluğa müraciət etdikdən xeyli müddət sonra gəldilər. Danışdıq. İşgəncə barədə bir-iki kağızın qıraq-bucağında qeydlər apardılar. Sonra da dedilər ki, sən həqiqətəndə narkomansan. Sənədləri təsdiq edib çıxıb getdilər.

 

Sizcə ölkədəki hicab qadağasına etirazlardan sonra həbs edilən ruhani Hacı Abgül Süleymanovun məhkəməsindən nə gözləmək olar?

 

- Məhkəmələrin vəziyyəti hamımıza bəllidir. Məhkəmələrdə ədalət sözünün heç “ə” hərfi də yoxdur. Sifariş əsasında hökm çıxarılır. Dindarların məhkəmələrində çıxarılan hökmlər buna sübutdur. O ki, qaldı Hacı Abgülə. Ona qarşı irəli sürülən saxta ağır ittihamlardan belə görünür ki, ölkədəki ruhani varlığı kimlərisə çox narahat edir və həmçinin qorxudur. Düşünürəm ki, Hacı Abgülə oxunacaq hökm heç bir halda ədalətli olmayacaq. Çünki, o saxta ittihamlarla həbs edilib. Məhkəmə onun bəraətinə hökm verməli və onu dərhal azadlığa buraxmalıdır.

 

Hazırda hicab qadağası davam edir. Sizcə dindarlara qarşı repressiyalar hicab qadağasına etirazları səngidəcəkmi?

 

- Əksinə, məndə olan məlumata görə cəmiyyətdə dini camiənin ruhiyyəsi çox ali vəziyyətdədir. Dindarların öz dini dəyərlərinə sahib çıxaraq bu yolda hər şeyindən keçməyə hazırdırlar. Nə qədər ki, hicab qadağası həll olmayıb, islamçılar öz tələblərindən vaz keçməyəcək. Hətta zindanlar dolsa belə.

 

Azadlıqda olan inanclılara sözünüz?

 

- İlk olaraq onu qeyd edim ki, həbsdə olduğumuz müddətdə möminlərin bizlərə verdiyi mənəvi dəstəyə görə təşəkkür edirəm. Bütün çəkdikləri əziyyətlərə görə minnətdarlığımı bildirirəm. Allah hamısını hifz etsin. Azadlıqla olan möminlərin dini dəyərlərimizə sahib çıxdıqlarına, islami qadağalar zamanı öz varlıqları ilə bu qadağalara sinə gərdiklərinə görə mübarizələri, qədəmləri mübarək olsun. Allah vücudlarını və bütün addımlarını bərəkətli etsin.

Amin

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Jul 30