Azərbaycan Respublikasının 4 vətəndaşı hazırda Ərdəbil vilayəti həbsxanalarındadır. Bu məhbusların cinayəti narkotik qaçaqmalçılığı və yaxud casusluqdur
/Aran Agentliyi
Azərbaycan Respublikasının 4 vətəndaşı hazırda Ərdəbil vilayəti həbsxanalarındadır. Bu məhbusların cinayəti narkotik qaçaqmalçılığı və yaxud casusluqdur.
Bu sözləri Ərdəbil ostanı Ümumi və İnqilab Məhkəməsinin rəhbəri Yusif Xudadadi Beynəlxalq Səhər kanalının müxbiri ilə müsahibədə bildirib.
“Biz islam, əxlaq tövsiyələrinə və İran İslam Respublikası hökumətinin qanunlarına uyğun olaraq bu məhbuslarla tam islami şəkildə davranırıq və onlarla islami əxlaqla rəftar olunur. Onların barəsində son dərəcə hörmət və ehtiram riayət olunur. Ailələrinin onlarla görüşməsinə icazə vermişik. Müraciət edən hər bir şəxs barəsində bu hüquq riayət olunub” –deyə Yusif Xudadadi bildirib.
Ərdəbil Ümumi və İnqilab Məhkəməsinin rəhbəri əlavə edib: Azərbaycan Respublikası məhbuslarının mübadiləsi barəsində hər iki tərəfin öhdəlikləri vardır. İran tərəfindən heç bir problem mövcud deyil. Azərbaycan tərəfi mübadilə üçün hazır olduğunu bildirdiyi zaman İran məhbusların mübadiləsi üçün hazırdır. Lakin götürülmüş öhdəliklər qarşısında Azərbaycan Respublikası tərəfi öz vəzifələrini yetərli şəkildə yerinə yetirmir. Azərbaycan Respublikası hökuməti də öz öhdəliklərini yerinə yetirməlidir və bu öhdəliklər yalnız kağız üzərində qalmamalıdır. Bu öhdəliklər o zaman faydalı olacaq ki, Azərbaycan Respublikası tərəfi də öz öhdəliklərini yerinə yetirsin.
“Hazırda təxminən 130 nəfər İran vətəndaşı Azərbaycan Respublikasında məhbusdur. İran onların mübadiləsi üçün hazırlığını elan edib. Lakin Azərbaycan Respublikası tərəfi lazımi şəkildə əməkdaşlıq etməyib. Gözləntimiz budur ki, İran İslam Respublikasının öz öhdəliklərini yerinə yetirdiyi kimi Azərbaycan Respublikası tərəfi də öz öhdəliklərini yerinə yetirsin” –deyə Yusif Xudadadi bildirib.
Ərdəbil Ümumi və İnqilab Məhkəməsinin rəhbəri söyləyib: Qətiyyətlə biz istəmirik ki, heç bir Azərbaycan Respublikası vətəndaşı bizim həbsxanamızda olsun və İranın vətəndaşlarından da heç biri Azərbaycan Respublikası həbsxanasında qalsın.
Yusif Xudadadi narkotik maddələrin qaçaq edilməsi ilə mübarizə barəsində də deyib: İran İslam Respublikası dünyada narkotik maddələrlə mübarizə üzrə bayraqdar kimi tanınıb və beynəlxalq təşkilatlar da öz hesabatlarında bu həqiqəti bildiriblər. İran sərhədlərin qorunmasında narkotik maddələrin qaçaqmalçıları ilə mübarizə üçün çox ciddi və güclü şəkildə addım atır və icazə vermirik ki, qaçaqmalçılar İran sərhədlərindən ölkəyə daxil olsunlar. Lakin təsadüf nəticəsində və bəzi cinayətkarlar daxil olduğunda onlarla da mübarizə aparılır.