Tarix : 2012 Jul 31
Kod 31944

Güzəşt? Olmayacaq...

Ölkəni başına almış haqsızlıq, işsizlik, bahalıq, mənəvi aşınma, müflisləşmə, qorxu atmosferası və hər sahədə geriləmələrlə müşayiət olunan...
/Aran Agentliyi

HaqqYolu - Ölkəni başına almış haqsızlıq, işsizlik, bahalıq, mənəvi aşınma, müflisləşmə, qorxu atmosferası və hər sahədə geriləmələrlə müşayiət olunan “inkişaf imitasiyası”na cavab reaksiyası kimi bizdə də kütləvi etirazlar başlanarsa, Azərbaycanda yumşaq Yunanıstan, yaxud İspaniya variantı təkrarlanmayacaq. Bizdə proseslər daha amansız və nəticələrinə görə dağıdıcı olacaq: ya inqilab, ya da despotizm formasında. Çünki, yunanlardan və ispanlardan fərqli olaraq, azərilərin indiki fəsadlara görə qınağa çəkəsi və cavab sorası konkret ünvan yoxdur.

Yunanıstanda həqiqi mənada çeşidli parlament var, orada bir neçə (və ideologiyasına görə fərqli) partiya təmsil olunub və parlament çoxluğu hökuməti formalaşdırır. Odur ki, yunan parlamentinin buraxılması avtomatik olaraq erkən seçkilərdən əlavə, həm də yeni hökumət deməkdir. İspanlarda da pretenziyalara ünvan olası parlament var (Kral nominal fiqurdur). Azərbaycanda isə aydın hakimiyyət subyekti yoxdur və hətta parlamenti buraxmaqla belə heç nə dəyişilmir.

Azərbaycanda ayrı-ayrı icra başçılarının, yaxud nazirlərin istefasını tələb etmək absurddur. Çünki, onları xalq seçmir, onları prezident təyin edir.

Bizdə parlamentin istefasını tələb etmək də yetərsizdir. Çünki, parlamentin heç bir müstəqilliyi yoxdur və ən əsası - hökuməti o, formalaşdırmır. Beləliklə, Nazirlər kabinetinin tərkibi parlamentdəki partiyaların sayından və adından qətiyyən asılı deyil.

Azərbaycanda Baş nazirin istefasını tələb etmək də əhəmiyyətsiz işdir - Artur Rəsizadə lap əvvəlindən “kosmetik” və dekorativ bir fiqurdur. Deməli, yeganə ünvan kimi prezident qalır. Onun istefasını tələb etmək isə mexaniki olaraq adını ekstremist siyahısına yazmaqdır. Dövrə qapanır. Biz kor dalandayıq.

Bizdə paradoksal situasiya formalaşıb. Bir tərəfdən, ölkə hakimiyyəti olmayacaq həddə qədər personalaşıb. “Dövlət - mən özüməm” fransız monarxik prinsipi mövcuddur. Digər tərəfdən isə böhran, yoxsulluq, işsizlik, ümidsizliyə görə xalqa cavab verməyə və məsuliyyəti üzərinə çəkməyə razı olan persona yoxdur. Daha doğrusu, persona (yəni, prezident) var - onun işinə ictimai nəzarətin və onun özünün məsuliyyəti üzərinə götürməsinin mexanizmi yoxdur.

Get-gedə dərinləşəcək olan xalqın rifah halının (və təkcə maddi yox) permanent pisləşməsi fonunda bir daha demokratiyanın (bizdə olmayanın) üstünlükləri özünü göstərir. Demokratiya isə həm də hakimiyyətin və siyasi kursun leqal dəyişilmə mümkünlüyüdür.

Əgər seçki yolu ilə dəyişikliklər mümkünsüzsə, hakimiyyətdən narazılıq isə cəmiyyətdə durmadan artırsa, bu, inqilabi şəraitin yetişməsi deməkdir. Odur ki, indiki siyasi model hakimiyyət üçün sakitlik yox, narahatlıq mənbəyi olmalıdır.

Siyasi sistem xalqdan bacardıqca uzaqlaşmaq prinsipi üzərində qurulsa belə, hakimiyyətin xalq qarşısında məsuliyyəti heç yerə buxarlanıb getmir. Geci-tezi cavab vermək məcburiyyəti yaranacaq. Bu cəhətdən də yunan və ispan qiyamları bizdə baş verəcək etiraz dalğası ilə müqayisədə daha təhlükəsiz görünəcək.

Dialoq - inqilab və qiyamların profilaktikası üçün kifayət qədər effektiv metoddur. Bu mənada, bizdən qətiyyən yan keçməyəcək qlobal iqtisadi böhran siyasi yumşalmalar və milli dialoq üçün əlverişli vaxtdır. Repressiyalar yox, yumşalma və dialoq vaxtı...

Ancaq diktaturalar yumşalmaya və dialoqa getmirlər. Çünki, azacıq güzəşt onların sonu olur. Odur ki, güzəşt dövrü mütləqiyyətlər üçün həmişə məhvolma dövrüdür...

Məmməd Süleymanov

  • Yazılıb
  • da (də) 2012 Jul 31